Elmlər namizədi, varlı ailənin uşağı… – Yoxsa Qərb laboratoriyasının virusları

0
771

Elmlər namizədi, varlı ailənin uşağı... – Yoxsa Qərb laboratoriyasının DƏHŞƏTLİ VİRUSLARI

Bugünkü dünyanın geosiyasi mənzərəsini terror təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Dünyanın müxtəlif regionlarında təsir dairəsi qazanmaq istəyən güclər müasir beynəlxalq münasibətlərdə terror təşkilatlarından məharətlə istifadə edirlər. Bir əsgərini qurban vermədən müharibələr qazanılır, hakimiyyətlər devrilir, bütöv regionlar qaynar qazan halına gətirilir.

Terror təşkilatlarının istifadə etdiyi bir çox motiv var. Yaxın Şərqdə, Afrikada və Asiyanın cənubunda islami motivli təşkilatlar əksəriyyət təşkil etsə də, digər bölgələrdə fərqli motivləri olan təşkilatlar fəaliyət göstərir. Bu motivlər təşkilatların oynayacağı rol, bölgə və cəmiyyətə görə dəyişir.

İstər dini və siyasi, istərsə də ictimai əsaslı təşkilatlar hər təsirə açıqdır və asanlıqla alət halına çevrilir. Xüsusən kəşfiyyat xidmətləri izlədikləri təşkilatın risk və ya təhdid kateqoriyasında olub-olmadığını müəyyən edərək təşkilatla bağlı planını hazırlayır. Əsl məqsəd hər addımında təşkilata sızaraq onu idarə etmək, ideoloji olaraq yenidən formalaşdırmaq və başqa strateji məqsədlərdə istifadə oluna biləcək hala gətirməkdir.

Terror təşkilatları necə qurulur

Əgər dünya nizamı mədəniyyətlərarası qarşıdurmaya görə dizayn ediləcəksə, kəşfiyyat xidmətləri bu perspektivdə radikal terror təşkilatları qurarlar. Bu strategiya istiqamətində nəzarət edilə bilən “düşmən”lərin yaradılması üçün görülən işlər belə sıralana bilər:

1. Hədəf olan bölgədə planlaşdırılan terror təşkilatının qurulması üçün uyğun ideoloji zəmin yaradılır. “Əl-Qaidə” və Talibanın meydana gəlməsindən əvvəl Pakistanda qurulan “Deobandi” mədrəsələri bu təşkilatların yaradılması üçün lazımı zəmin rolunu oynayırdı. Bu mədrəsələrin maliyyələşdirilməsində ABŞ və Səudiyyə Ərəbistanının birbaşa və dolayı iştirakı nəzərdən qaçırılmamalıdır. ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Zbignev Bjezinskinin ifadəsi bu vəziyyəti dəqiq şəkildə təsvir edir: “Radikal islami motivli ünsürlər laboratoriya şəraitində hazırlanan bir virus idi və biz bu virusu qaçırdıq”. Bu ifadə də dünyada radikal islami motivli təşkilatların necə yaradıldığını göstərir.

2. Terror təşkilatlarına lazım olan insan qaynağının yaradılması üçün təşkilatın üz tutacağı etnik, dini və məzhəblərin sosial, iqtisadi və psixi-siyasi toxuması pozulur. Bu məqsədlə etniklər və təriqətlər oyundan kənarlaşdırılır. Məsələn, 2003-cü il ABŞ-ın işğalından sonra İraqda idarəçilikdən kənarlaşdırılan sünni qruplar İŞİD-in əsas bazasını təşkil etdi. Təsadüfi deyil ki, İŞİD-in uğurlarında Səddam Hüseyn dövründə İraq ordusunda xidmət edən yüksək vəzifəli məcburi hərbiçilərin rolu xüsusi qabardılır.

3. Terror təşkilatlarının başına kimlərin gətirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Varlı bir ailənin uşağı olan, amma hədəfləri üçün mağaraların künclərində yaşamağı gözə alan və cəmiyyətin zehnində müsbət imic yaradacaq Üsamə Bin Ladin kimi oyunçular səhnəyə buraxılır. Yaxud da İŞİD lideri Əbubəkr Bağdadinin Tikrit Universitetində professorluq eləməsi, İslami elmlər üzrə fəlsəfə doktoru olması, Bağdad İslam Universitetində akademik səviyyədə (lisenziya, yüksək lisenziya və doktarantura) təhsil alması, nəhayət İraq müharibəsində ABŞ-a qarşı vuruşması hədəf olan kütləyə istənilən səviyyədə təsir göstərəcək amillərdi.

4. Terror təşkilatlarının lojistik dəstəklənməsi və maliyyələşdirilməsi üçün bir sistem yaratmaq. Heç bir təşkilat maliyyə və lojistik olmadan yaşaya bilməz. Bu baxımdan terror təşkilatları maliyyələşdirmək üçün biznes xətləri yaradılır. İŞİD neft satışından milyonlar, milyardlar qazanır, PKK narkotik satışı və xəracla özünü maliyyələşdirir. Təbii ki, terror təşkilatlarına bu fəaliyyət üçün şərait yaradılır. Gizli xidmətlərin nəzarəti və dəstəyi olmadan bu fəaliyyət mümkün deyil.

Nəticədə, terror təşkilatları strateji kəşfiyyat əməliyyatı qurğusudur. Təşkilatın hansı sosial, iqtisadi və ideoloji əsaslar üzərində qurulduğunu, hansı siyasi hədəflərə çatmaq üçün istifadə edildiyini bilmədən onu quran gücün planlarına qarşı dayanmaq, terroru zərərsizləşdirmək çox da mümkün deyil.

İslamın qəlbində qara yaralar

Son vaxtlar “Terrorun dini və milləti yoxdur” ifadəsini tez-tez eşidirik. Amma xüsusən son 20 ildə İslam dünyasını cənginə alan qeyri-dövlət təşkilatları və ya vətəndaşlığı olmayan qruplaşmaların yağışdan sonra çıxan göbələklərin sayını xatırlatması birmənalı olaraq bu ifadəni dəstəkləməyimizə mane olur. Bu təşkilatlar İslamın qəlbində qara yara olsa da, onların İslam dini pərdəsi altında fəaliyyət göstərdiyi göz önündədir.

Səudiyyə Ərəbistanının dəstəyi ilə ortaya çıxan Taliban radikal İslamın ikinci müvəffəqiyyətini qazanaraq Əfqanıstanda İslam dövləti qurdu. Bunlardan birincisi İran İslam inqilabı ilə baş verdi. Ancaq İranın minillik tarixi ənənəsi dövləti daimi etməyə imkanı verdi.1994-cü ildə yaranan Taliban 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etdi. Hazırda da ölkə ərazisinin xeyli hissəsinə nəzarət edir.

“Hizbullah” İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə təşkil olunub. Onun yaranmasında məqsəd Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması olub. “Hizbullah” Ayətullah Xomeyni tərəfdarlarının İrandakı inqilabını bölgədə yayma məqsədi də daşıyır. Bu təşkilat Livan ordusundan da güclü hesab edilir. Terror birliyi kimi yaranan “Hizbullah” artıq siyasi partiya kimi Livan hökumətində, mediasında təmsil olunur.

1980-ci ildə “Əl-Cihad” Misirdə “Müsəlman Qardaşları” zəif hesab edilərək yaradıldı. CİA-nı onilliklərdir ki, məşğul edir. Siyasətçilərə sui-qəsdlər təşkil etdi, dünyəvililəri və Amerika tərəfdarlarını heç vaxt bağışlamadılar.

“Əl-Cihad”dan daha sərt bir təşkilat var: “Təkfir”.

Əlcəzairdə xalqın dəstəyi ilə iqtidara gələn, daha sonra dünyəvi bir çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Əlcəzair İslam Hərəkatı (qısa adı FİS) vətəndaş müharibəsi başlatdı, qətliamlar və qırğınlar törətdi. Zamanla FİS-i dahi zəif olduğunu görən, Əfqanıstan müharibəsindən qayıdan islamçıların başladığı Silahlı İslam Hərəkatı Əlcəzairi qan gölünə çevirdi.

Fələstindəki “Həmas” günümüzdə Yaxın Şərqdəki ən məşhur təşkilatdır. Bu gün “Həmas” müsəlman dünyasında, müsəlman dövlətləri tərəfindən açıq yardımların ən çox göstərildiyi təşkilatdır və Yaxın Şərq ölkələri tərəfindən çox sevilir. Amma “Həmas” tərəfindən 1993 və 2005-ci illərdə İsrail vətəndaşlarına və əsgərlərinə qarşı müxtəlif formalı hücumlar həyata keçirilib. Buna görə də “Həmas” Kanada, Avropa Birliyi, İsrail, Yaponiya və ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb. Bundan əlavə, “Həmas”ın hərbi qanadı olan “İzzeddin əl- Əzələysəm Briqadası” Avstraliya və Böyük Britaniyada terror təşkilatlarının siyahısında yer alır.

Əlcəzairdə FİS, Misirdə “Əl-Cihad”, Fələstində “Həmas”, Livanda “Hizbullah”.

Bütün bunlara böyük bir güc verən inanılmaz ictimai dəstəkdir. Bu torpaqlarda doğulan hər bir uşaq özlərini bu təşkilatlarda tapır. Hamının da məqsədi eyni idi: Fələstin mübarizəsinə dəstək vermək, sonra isə Əfqanıstanda cihad… İndi isə ölkə içində dünyəvi və ya Qərbin “kuklaları” saydıqları rejimlərlə, “kafir” elan etdikləri siyasətçilərlə döyüşmək və onları öldürmək. Son dövrlər “Həmas”dan başqa heç biri ölkədə iqtidar sahibi ola bilmədi.

Terror təşkilatları arasında ən məşhuru və təhlükəli hesab olunan “Əl-Qaidə” 1980-ci ildə Üsəma Bin Laden tərəfindən yaradılan islamçı təşkilatdır. “Əl-Qaidə” əfqan müharibəsi zamanı Sovet İttifaqına qarşı vuruşan müsəlmanlara dəstək verən maddi-texniki şəbəkə kimi fəaliyyətə başladı. ABŞ və bəzi müsəlman ölkələri tərəfindən də dəstəkləndiyi sirr deyildi.

Sovet İttifaqının qoşunları Əfqanıstanı tərk etdikdən sonra təşkilat rəsmi olaraq dağılsa da, daha sonralar “Əl-Qaidə”çilər doğru hesab etmədikləri İslam rejimlərinə və İslam torpaqlarında xarici ölkələrin hərbi varlığına qarşı vuruşmağa davam ediblər. 90-cı illərdə Sudan və Əfqanıstanda fəaliyyət göstərən “Əl-Qaidə” və digər islamçı təşkilatların liderləri ABŞ-a qarşı “müqəddəs müharibə” (hər halda üzdə görünən budur –red.) elan ediblər.

ABŞ-da ağır nəticələrə səbəb olan 2001-ci il 11 sentyabr hücumunda da “Əl-Qaidə” təşkilatı günahlandırılır. Təşkilatın lideri, təhlükəli terrorçu hesab olunan Üsəma Bin Ladenin ölümündən sonra da baş verən terror hücumlarında hələ də “Əl-Qaidə”nin adı çəkilir. Müxtəlif ərazilərdə fəaliyyət göstərən terror təşkilatlarının “Əl-Qaidə” ilə əlaqəsi olduğu dönə-dönə vurğulanır.

Altı ildən yuxarıdır ki, müharibənin davam etdiyi Suriyada döyüşən bir çox təşkilatların “Əl-Qaidə”yə bağlı olduğu bildirilir. Hətta “Ən-Nüsra” Cəbhəsi “Əl-Qaidə”nin Suriya qolu hesab edilir.

“Boko Haram” Nigeriyada yerli sələfi hərəkatı kimi yaradılıb. 2009-cu ildə isə sələfi-cihad qrupuna çevrilib. Bu təşkilatın “Taliban”la əsas ortaq cəhəti qadınların təhsilinə qarşı çıxmasıdır. Təşkilatın adının mənası da “Qərb təhsili haramdır” kimi qeyd olunur.

“Boko Haram” qərbli turistlərin, xristianların və qızların məktəblərdən qaçırılması ilə tanınır. Onlara görə Qərb dünyası ilə qarşılıqlı əlaqə yaratmaq qadağandır. “Boko Haram” yerli müsəlman əhalisi ilə heç bir kontakta girmir, onları tənqid edən müsəlman xadimlərinə qarşı sui-qəsdlər təşkil edirlər. “Boko Haram” bu hücumlarından sonra dünya təşkilatları tərəfində “terrorçu qrup” kimi tanındı.

Son bir neçə ildir ki, dünyada əksəriyyət İŞİD-dən, onun qanlı əməllərindən və eyni vaxtda bir neçə yerdə görünə bilən, dəfələrlə ölüb-dirilən lideri Əbubəkr Əl-Bağdadidən danışır. Çoxlarında əminlik var ki, bir çox islami terror təşkilatları kimi ona da can verən Qərb, daha dəqiq ABŞ xüsusi xidmət orqanlarıdır.

İslam dünyasında yaranan istər İŞİD, istərsə də digər terror təşkilatlarının indiyə kimi ən çox İslam dininə və müsəlmanlara böyük zərbə vurduğu şübhəsizdir. Bu təşkilatların ən böyük zərəri isə ondan ibarətdir ki, onlar müsəlman ölkələrinə qarşı ola biləcək Qərb müdaxilələrini dünya ictimaiyyətinin nəzərində legitimləşdirirlər. Bu baxımdan islami terror təşkilatlarının “Qərb düşməni” görüntüsü altında, əslində Qərb mərkəzli bəzi strukturlar tərəfindən dəstəklənilmiş ola biləcəyi iddiası adi bir komplo nəzəriyyəsindən daha güclü bir təmələ əsaslanır.

Ömər Dağlı

BIR CAVAB BURAXIN