Elmira Axundovanın adı qarışan böyük dələduzluq işinin İLGİNC DETALLARI

0
738

Deputatın və oğlunun dəyərli 10 milyon manatlarla ölçülən varidatının siyahısı; Fərman Məmmədov: “Evindəki məclisdə Elmira Axundova söylədi ki, oğlum tenderlərdə iştirak edir; onun dövlət orqanları ilə katric alverindən, ofis ləvazımatı biznesindən danışırdı”

İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir…

“Təkcə Elnur İbrahimovdan şikayətçi deyiləm”

Elmira Axundovanın, oğlu Həbib Axundovun adını çəkdikləri Fərman Məmmədov özü də “Yeni Müsavat”a danışıb. Deyib ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İbrahimova qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilir: “Mən təkcə Elnur İbrahimovdan şikayətçi deyiləm. Şikayətim həm də Həbib Axundovdandır. Bunu dəfələrlə istintaqa da bildirmişəm. İstintaq araşdırmayıb. Yalnız Elnur İbrahimovun üzərinə yükləyib işlərini bitmiş hesab ediblər. İşi yarımçıq məhkəməyə göndəriblər. Məndən Həbib Axundov 575 min manat alıb. Həmin pulun 140 min manatını Həbibin xahişi ilə Elnura vermişəm. İstintaq zamanı da Həbib Axundov bunu təsdiq edib. İşin içində ifadəsi var və Həbib Axundov deyir ki, mən 140 minə zamin durmuram.

“Pul almamısansa, niyə hissə-hissə qaytarmaq haqda söhbət aparırsan?”

Yəni qalan məbləğə zamin olmasını təsdiqləyir. Bu gün Elmira Axundova, oğlu Həbib Axundov nə istəyirlər danışırlar, məsələnin mahiyyətindən yayınmaq üçün min bir dəxlisiz məsələlərə toxunurlar. Mənim əfqan döyüşçülərinə qarşı qanunsuzluq etdiyimi deyirlər. Qanunsuzluq etməmişəm. Etmişəmsə, buyursunlar, versinlər məhkəməyə.

Həbib Axundov nə vaxtdan dövlət orqanı olub şikayət qəbul edir? Elmira Axundovadan soruşuram. Mənə borcu yox idisə, niyə mənimlə borcu qaytarmaq haqda razılığa gəlirdi? Deyir Fərman Məmmədov zəng edirdi, bezmişdim, 250 min verdim. Belə çıxır ki, Elmira Axundovaya ardıcıl zəng edən olsa, aparıb ona da 250 min manat verəcək? Bu qədər məntiqsizlik olar? Desin görək, oğlu Həbib Axundov mənimlə borc haqda uzun-uzadı danışıb hissə-hissə qaytarmaq üçün niyə vaxt istəyirdi?

Məndən borc pul almamısansa, niyə hissə-hissə qaytarmaq haqda söhbət aparırsan? Həbib Axundovdan məndən aldığı pulları tələb edirəm. Anası Elmira Axundova da çıxış edir və deyir: “Fərman Məmmədov mənə bata bilməz!” Düz deyir, mən heç vaxt belə bir fikirdə olmamışam, heç kimlə də ədavət, düşmənçilik aparmıram.

Sadəcə, pulumu tələb edirəm. Vəssalam. Mən niyə kiməsə batmalıyam?

“Deputat deyirdi ki, hər il Səfər Əbiyevin elan etdiyi tenderlərdən 60-100 min manat pul götürür, bu pullarla borcumu verəcəklər” “Həbib Axundov özü istintaqda deyir ki, 450 min manatı qaytarırlar”

Əlimdə telefon danışıqları var. Həbib Axundov özü istintaqda deyir ki, 450 min manatı qaytarırlar. Pulu məndən Elnur İbrahimov alıbsa, bunun sənə, sənin anan Elmira Axundovaya adiyyəti yoxdursa, niyə 450 min manatın mənə qaytarılması haqda söhbətə çağırırsız? Niyə Şahin Məhərrəmova 3 min 500 qaytarırsan? Elmira Axundova, məni evinə dəvət eləmisən və 250 min manat borcumdan qaytarmısan axı?! Oğlun Həbib Axundov Ziya Vəliyevə də deyib ki, pulunu qaytaracaq və Ziya Vəliyev də bu gün geri çəkilib. Fərman Məmmədovu yalan danışmaqda ittiham etməklə deyil! Ortada səs yazılarınız, ibtidai istintaqa verdiyiniz ifadələriniz var axı. Bunlara nə deyəcəksiniz?


“Elmira Axundova dedi ki, ”biznes ruxnul”

Məndən Həbib Axundovun aldığı 250 min manat pulu Elmira Axundova qaytarmazdan əvvəl aramızda çox söhbətlər olub. Elmira Axundova məndən 3 ay vaxt istəmişdi. Demişdi ki, 3 aya 300 min manat pul qaytarır. Qalan 150 min manatı da hissə-hissə ödəyəcəklər. Deyirdi ki, hər il Səfər Əbiyevin elan etdiyi tenderlərdən 60-100 min manat pul götürürük. Götürəcəkləri tenderdən əldə etdikləri pullarla borcumu verəcəklərini deyirdi. Səs yazılarını istintaqa təqdim etmişəm.

Elmira Axundova bu gün açıqlama verib deyir ki, Fərman Məmmədov və mənim oğlum Həbib Axundov Elnur İbrahimova faizə pul veriblər. Elmira Axundova, yumşaq desəm, doğru demir. Evindəki məclisdə Elmira Axundova dedi ki, oğlum tenderlərdə iştirak edir; onun dövlət orqanları ilə katric alverindən, ofis ləvazımatı biznesindən danışırdı. Bundan sonra da Həbib Axundov məndən biznesini böyütmək üçün pul alıb və ilk vaxtlar qaytarıb. Sonradan isə pulları vermədilər.

Elmira Axundova dedi ki, “biznes ruxnul”. Axı biznes çökübsə, məntiqlə Həbib Axundov, onun anası Elmira Axundova da biz zərərçəkənlər kimi müflis olmalıdırlar. Onlar isə qəfil şəkildə varlanıblar.

Onunla aramızdakı səs yazısının stenoqramını da istintaqa, məhkəməyə təqdim etmişəm. Redaksiyanıza da təqdim edirəm. Hər dəfə pulumu istəmişəm, hər dəfə də Elmira Axundova məni sakitləşdirib, deyib ki, pulu qaytaracaqlar”.

Elmira Axundova: “… Bu gün, sabah yaxşı pullar olacaq”

Fərman Məmmədovla Elmira Axundovanın telefon danışığının stenoqramını da təqdim edirik. Elmira Axundova Fərman Məmmədova deyir:

“Pul barəsində deyim ki, pul olacaq. Tikintimiz gedir. Mehman mənə deyir ki, bu gün, sabah yaxşı pullar olacaq, Həbibdə də pul olacaq, o da öz ərazisini satır. İndi ilin əvvəlidir, qar yağır. Mən də hər gün Mehmandan soruşuram, biz səndən də çox narahatıq ki, sənə o pulları qaytarmaq lazımdır, heç olmasa hələlik böyük hissəsini qaytarmaq lazımdır. Yəni az qalıb, pul yaxınlarda olacaq, biz də oturub gözləyirik. Müdafiə Nazirliyində naziri ( Səfər Əbiyev) dəyişdilər, işlər çətinləşdi. Yoxsa hər il mən oradan 60 min, 100 min pul götürürdüm (tenderlərlə). Noyabrdan pullar bağlanıb. Sənə belə xırda-para 5-10 min verərdim, amma hələ də düz alınmır. Heç olmasa sənə 100-150 min gərək ən azından hələlik verim. Narahat olma, 2-3 ay gözlə, pul olacaq. Biz bu işin üzərində çalışırıq, pul olmalıdır bizdə”.

“O, mənə vəd vermişdi ki, borcundan 3 aya 300 min manat pul qaytarır, qalan 150 min manatı da hissə-hissə ödəyəcək”
Fərman Məmmədov da öz növbəsində deyir ki, deputat Elmira Axundova ilə qeyd olunan telefon danışığı 2013-cü ilin dekabrında olub. Amma ondan sonra da borcu qaytarmayıblar. Əvəzində mal-mülklərinin siyahısını artırıblar. Axundovlar heç zaman olmadığı kimi varlanıb, dəbdəbə içində yaşamağa başlayıblar.

Elmira Axundova, doğrudan “biznes ruxnul”?

Fərman Məmmədov deyir ki, rəsmi sorğular əsasında alınan məlumatları da istintaqa, məhkəməyə təqdim edib. Redaksiyamıza da təqdim olunan sənədlərdən belə aydın olur ki, “biznes ruxnul” deyən deputatın real maliyyə durumu bir başqadır.

Elmira Axundovanın və oğlunun mal-mülklərinin siyahısını təqdim edirik:
“Tayota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.

Sahibi: Axundova Elmira Hüseyn qızı.

“AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı.

Bundan əlavə, Elmira Axundovanın adına:

Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;

Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,

“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,

Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi.

Həbib Axundovun adına olan əmlaklar:

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində “Çardaq” çay evi,

“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.

Bunlar isə Həbib Axundovun maşın kolleksiyası:

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014,

“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014.

“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014,

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.

Hesab edirəm ki, istintaq Həbib Axundova münasibətdə düzgün qənaətə gəlməyib. Bu gün mən də, digərləri də və Həbib Axundov da iş üzrə zərərçəkən statusundayıq. Maraqlısı budur ki, bizlərdən fərqli olaraq Həbib Axundovun ibtidai istintaqda Elnur İbrahimova qarşı ifadələri yoxdur. Elnur təqsirləndirilən şəxs, Həbib Axundov zərərçəkəndirsə, bu necə olur?

Elmira Axundova mənə olan borcun 250 min manatını qaytarmazdan əvvəl dedi ki, gedin oturun araşdırın, kimin kimə nə qədər borcu var aydınlaşdırın. Ailələrinin adamı kimi Rəşidi göndərib ki, araşdırmada iştirak etsin. Rəşid, Həbib Axundov və Elnur İbrahimov Elmira Axundovanın istəyi və birbaşa göstərişi ilə mənimlə görüşdülər.

Söhbət elədik, Həbib borcu dəqiqləşdirdi. Bundan sonra Elmira Axundova məni evinə dəvət etdi və borcdan 250 min manat ödədi. Dedi ki, borcun qalan hissəsini də 2 ilə ödəyəcəklər. İndi də pulu qaytarmamaq üçün bu oyunlara gedirlər. Elmira Axundova deputatdır. O, araşdırıb və dərk edib ki, borc aldıqları pulu vermək lazımdır və verib. Söz verib ki, pulun qalanını – 200 min manatı da ödəyəcək. Elmira Axundova mənə pulu verəndə nə Firuz Haşımov, nə də Habil Vəliyev (reketliyə görə həbs olunmuş baş redaktor-red.) vardı.

Məsələnin mahiyyətindən yayınmaq lazım deyil. Son məhkəmə prosesində çıxışımda Həbib Axundovun məhkəməyə gəlib cavab verməli olduğunu dedim. Elnur İbrahimovun vəkili durub Həbib Axundovu müdafiə etdi, məndən Həbib Axundov barədə danışmamağı tələb elədi. Elnurun müdafiəçisi açıq-aydın Həbib Axundova vəkillik edirdi. Hakimlər də, zalda iştirak edən media nümayəndələri də bunu gördülər”. (musavat.com)

BIR CAVAB BURAXIN