Elmi dərəcəsi olan şəxslərin maaşı artırıldı

0
758

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb. Arazinfo.com-un teleqraf.com-a istinadən

xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” 14 iyun 2017-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat), dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 40 manat əlavə müəyyən edilib.

Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilib. Başqa sözlə, bu kateqoriya üzrə dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 50 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 75 manat, iş stajı 20 ildən artıq olduqda — 100 manat, professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 60 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 90 manat, iş stajı 20 ildən artıq olduqda 120 manat əlavələr müəyyən edilib.

Göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınacaq. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilən əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına ödəniləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunacaq.

Qeyd edək ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaş ları haqqında” Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarına əsasən elmi dərəcəsi olan, vəzifə maaşı sxemində nəzərdə tutulmamış xalq təhsili, səhiyyə, sosial müdafiə, bədən tərbiyəsi və idman, mədəniyyət və arxiv, kənd və meşə təsərrüfatı, hidrometeorologiya, geologiya və geodeziya idarələrində, bilavasitə öz ixtisası üzrə çalışan Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına fəlsəfə doktorlarına (elmlər namizədlərinə) 36 manat, elmlər doktorlarına 76 manat məbləğində əlavələr müəyyən edilib. Yeni qərarla əlaqədar bu məbləğ müvafiq olaraq 40 manat və 80 manat müəyyən edilib.

Bu qərar bu gündən – 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

BIR CAVAB BURAXIN