“ELDAR MAHMUDOVUN MÜRDƏŞİRİ KİM OLUB…” – Aslan İsmayılovdan hakimə ağır sözlər

0
884

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-in sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktub mediada və sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Söhbət mətbuatda “Səidin dəstəsi” şərti adı ilə məşhurlaşan cinayət işinin ibtidai istintaqını aparan, günahsız olan gənclərin qanunsuz həbsləri üzərindən hakim Ənvər Seyidovun Eldar Mahmudova məktub yazmasından gedir. Ənvər Seyidov həmin gənclərin yaxınlarına hələ məhkəmə zamanı günahsız olduqlarını söyləmişdi. Demişdi ki, övladlarının günahsız olduğunu bilir…
Amma bu, Ənvər Seyidova 2-3 universitet bitirmiş və ittiham üzrə günahsızlıqlarına şübhə olmayan gənclərə 10-14 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmağa mane olmadı. Ənvər Seyidov onu da bilirdi ki, “Səidin dəstəsi” şərti adı altında bir araya cəmləşdirilmiş, dəstə şəkilinə salınmış gənclərdən Emin Məmmədov toyuna 1 ay qalmış, həbsdə ikən işgəncələrə məruz qalaraq öldürülüb, digəriləri isə ən ağır, qeyri-insani işgəncələrə məruz qalıblar.

Onun ünvanına hakimlik fəaliyyəti ilə bağlı deyilən ən yumşaq ifadə “pambıqla baş kəsəndir” ifadəsidir.

Ənvər Seyidov İncəsənət Universitetinə Adil İsgəndərovun rəhbərliyi dövründə ilk cəhddə qəbul edilib. 1949-cu ilin 29 martında Oğuz rayonunda anadan olan Ə.Seyidov diplomlu aktyor ola bilməyib. Müsahibələrindən birində etiraf edib ki, onu hüquq fakültəsinə yönləndiriblər. Aktyorluq bacarığı onun dadına məhkəmə zalında, məhkəmə binası qarşısında təqsirləndirilən şəxslərin yaxınları ilə görüşündə gəlir.
Bu gün onu lənətləyənlərin bunun üçün kifayət qədər əsasları var. “Səidin dəstəsi”nin işində Ənvər Seyidov tutulan günahsız gənclərin valideynlərini məhkəmə gedişatı dövründə o dərəcədə inandırmışdı ki, kimsə valideynləri hakimin ədalət mühakiməsi adına biabırçı hökm çıxaracağına inandıra bilməzdi.

eldar-mahmudov2Valideynlərə “övladlarınız günahsızdır” deyən Ənvər Seyidov digər tərəfdən Eldar Mahmudova yaltaqca məktub yazaraq, həmin valideynlərin övladlarını əsassız olaraq böhtan atıb həbs edən, ağır işgəncəyə məruz qoyan MTN-in Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının mükafatlandırılmasını xahiş etmişdi. Üstəlik hakimin belə bir məktub yazması qanunda nəzərdə tutulmur. Ənvər Seyidovun bu məktubu qanundan kənardır.

Ənvər Seyidov Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktlarını hökmlərə köçürməklə də ad çıxarıb. Bu təkcə “Səidin dəstəsi” şərti adı ilə tanınan şəxslərin işində belə olmayıb.

Gununsesi.info Ənvər Seyidovla əlaqə saxlayaraq, ondan Eldar Mahmudova yazdığı məktub barədə suallara cavab alıb. Əvvəlcə məktub yazması faktını danan hakim sonradan məktubu yazdığını etiraf edib. Özü haqda deyib ki, vicdanlı hakimdir.

Sitat: “Qərarlarımı qanunlarla uyğun verirəm. Eldar Mahmudova gəlincə, mən haradan bilim ki, o, “goreşən” olub”.

Ə.Seyidov qanunda nəzərdə tutulmaya-tutulmaya Eldar Mahmudova bəh-bəhlə yazdığı məktubda mükafatlandırılmalarını xahiş etdiyi MTN-çilərin barəsində hökm çıxarmağa hazır olduğunu da gizlətməyib.

Sitat: “Əlbəttə, baxacam. Onlar ən layiqli cəzalarını almalıdır. Qanun qarşısında cavab verəcəklər”.

Hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkədəki hesabında Ənvər Seyidovun Eldar Mahmudova məktub yazmasına özünəməxsus şəkildə münasibət bildirib.

Eldar Mahmudovun mürdəşiri!

aslan ismayilovHəmin statusu təqdim edirik:“Goreşənin yanında Mürdəşir də olur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov MTN-in sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktubunda MTN-in Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib. Məktub mətbuatda işıq üzü görəndən sonra ictimai qınaqla qarşılaşan Ənvər Seyidov “mən haradan bilim ki, o, “goreşən olub” deməklə özünə bəraət qazandırmaq istəyib. Ancaq Ənvər Seyidov bir məsələni unudub və demir ki, o goreşənin mürdəşirləri kim olub?! Bu məsələdə onun çətin vəziyyətini anladığımdan fikirlərini tamamlayım. Bəli, Eldar Mahmudov onun dediyi kimi “goreşən” olub və onun “mürdəşir”ləri isə istintaq aparan müstəntiqlər, onlara nəzarət edən prokurorlar, ən başlıcası isə hamısının qanunsuzluqlarını hökm şəklinə salan hakimlər olub. Nə qədər ki, mürdəşirlər olacaq o vaxtacan goreşənlər də olacaq”.

“Onun o qanunuz hökmündən sonra anam onkoloji xəstəlik tapdı…”

7“Səidin dəstəsi” şərti adı altında məhkəmə qarşısına çıxarılan, Ənvər Seyidovun hökmü ilə məhkum edilmiş gənclərin bir çoxunun valideynləri övladlarına qarşı haqsızlıqlara dözməyərək dünyalarını dəyişiblər. Bu haqda danışan Səid Dadaşbəylinin bacısı Türkan Dadaşbəyli deyib ki, Ənvər Seyidov ədalətsiz hökmə imza atmaqla qardaşı və digər həbs edilmiş şəxslərə qarşı faktiki olaraq böyük qanunsuzluğa yol verib: “Onun o qanunsuz hökmündən sonra anam onkoloji xəstəlik tapdı, atam hazırda onkoloji xəstəxanadadır. Haqsızlığa dözə bilmədilər. Bunlar hamısı stressdən, haqsızlıq və ədalətsizlikdən yaranan depressiyadan oldu. Oğul böyüdüblər, 4 ali təhsil veriblər. Səidin 52 ölkə ilə işgüzar münasibəti vardı. Qardaşım İqtisad Universitetini, Havard Universitetini fərqlənmə ilə bitirib, Kanadanın vətəndaşı olub. Onun günahı yox idi. Və günahı olmaya-olmaya Ənvər Seyidov onu 14 il azadlıqdan məhrum etdi. Qardaşımın məhkum olunması, digər uşaqların valideynlərinin ölümü Ənvər Seyidovun üzərindədir”.

“Ənvər Seyidov günahsız insanları məhkum etməklə bu ölümlərə, cinayətlərə şərik olub”

Türkan Dadaşbəyli Ə.Seyidovun qanunsuz hökmündən sonra dünyalarını dəyişən valideynlər haqda da məlumat verdi: “Rəşadın anası, Xarici Dillər Universitetinin müəlliməsi idi. Oğluna qarşı ədalətsizliklərdən onkoloji xəstəlik tapdı, öldü. Həmin ədalətsizliklərə görə Səttar Mehbalıyevin qardaşı oğlu Emil Mehbalıyevin atasının ürəyi partladı. Cahangir Kərimovun atası ağır xəstələnib öldü. Samir Qocayevin qayınatası Mikayıl da fikirdən, stressdən öldü. Bu illər bizim ailələrimiz üçün cəhənnəm illəri oldu. Ənvər Seyidov günahsız insanları məhkum etməklə bu ölümlərə, cinayətlərə şərik olub. Onun özünü həbs edib ömürlük həbsə məhkum etmək lazımdır. O cür qanunsuzluq etmiş şəxslərə mükafat verilməsini istəyən şəxsin özü də ən böyük cinayətkardır. Elçin Quliyevin, İlqar Əliyevin bir tayı da odur”.

“Hamı kimi övladları da gec-tez atalarının vicdansız bir hakim olduğunu biləcəklər”

Türkan Dadaşbəyli qardaşıgilin işi üzrə məhkəmə keçirilən dövrü belə xatırlayır: “O dövrdə Ənvər Seyidov valideynlərə məhkəmənin qarşısında dedi ki, uşaqlar günahsızdırlar. Ənvər Seyidov dedi ki, ittihamın saxta olduğunu bilir. Heyf ki, biz onun səsini o dövrdə yazmadıq. Hamı bilirdi ki, ittiham başdan ayağa saxtadır, şoudan başqa bir şey deyil. Məktəb uşağı həmin ittiham aktını oxusaydı, biləcəkdi ki, bu nağıldır. Bir-birinə uyğun olmayan fikirlərin toplusudur. Yazırlar ki, Səidgil filan işi etmək istəyiblər, amma edə bilməyiblər. Yazırlar ki, Səidgil filan-filan işləri də görmək istəyiblər, amma yatıb qalıblar, o işləri də görə bilməyiblər. Həmin ittiham aktını oxuyan, bir balaca savadı olan hər kəsə aydın olar ki, ittiham aktı uydurmadır. Ənvər Seyidov da həmin uydurmalara öz hökmü ilə don geydirmiş bir hakimdir. Onun haqda ədalətli, vicdanlı demək olmaz. Həmin ittiham aktını Novella Cəfəroğlugil araşdırdılar, dedilər ki, bu işdə 150 qanun pozuntusu var. Ənvər Seyidovun 2 oğlu var. Hamı kimi övladları da gec-tez atalarının vicdansız bir hakim olduğunu biləcəklər”.(musavat.com)

BIR CAVAB BURAXIN