Efirə necə çıxmışamsa çalışacağam ki, elə  də qalım

0
612

Müsahibim “Xalq ulduzu”nun iştirakçısı, Uşaq Muğam Festivalının qalibi Əbdül Azəridir.

 

Əbdül bəy? ilk dəfə Uşaq Muğam Festivalında birinci yerə layiq görülmüsünüz. Görünür uşaqlıqdan musiqiyə marağınız olub. Bəs ailədə necə, sizdən başqa musiqiylə məşğul olan varmı?

 

– Bəli Uşaq Muğam Festivalında birinci yerə layiq görülmüşəm, 1997-1998-ci illərdə. Daha doğrusu birində birinci yerə layiq görüldüm, birində Qrand-Pri mükafatı aldım. Ailədə məndən başqa musiqiylə daha məşğul olan yoxdur, ancaq anam musiqi müəlliməsidir, uşaqlara dərs deyir.

 

Demək, ananızın musiqiyə olan sevgisi və musiqi öyrətmənliyi sizin də incəsənətə, musiqiyə olan marağınıza maraq qatmağa böyük stimul verib. “Xalq ulduzu” yarışmasıyla siz daha da tanınmağa başladınız. İstərdim həmin vaxtlara qayıdaq, təəssüratlarınızı bölüşəsiniz.

 

– Əslində demək olar ki, oxumaq anamdan keçib mənə. Anamın səsi olduğuna görə, Allah-Tala mənə də o səsdən verib. Daha sonra isə illər keçdikcə müsabiqələrdə iştirak edirdim, rayon mədəniyyət evlərində olan konsertlərdə, dövlət tədbirlərində iştirak edirdim. Həmişə də yaxşı qarşılanmışam, yəni yaxşı alqışlayıblar. O alqışlar məni fərəhləndirib, sevincli anlar yaşamışam, bir az da bağlı olmuşam sənətimə. “Xalq ulduzu” yarışmasında da münsiflər məni seçdilər, qatıldım bu musiqi yarışmasına. Düzdür, bu yarışmada sms sayı az olduğuna görə axıra qədər gedə bilmədim, orda sadəcə iştirakçı oldum, xalq tərəfindən sevildim. Bir az maddi cəhətdən durum yaxşı olmadığı üçün, özümə sms yükləyə bilmədim. Daha sonra nailiyyətlərim çox oldu, yaxşı dostlar tərəfindən yeni dəvətlər aldım. İndi də məni sevənlərin yaddaşında “Xalq ulduzu” yarışmaçısı kimi qalmışam. Arada efirə çıxıram, sağ olsunlar, dəvət edirlər məni kanallar.

 

Bilirik ki, şou-biznesdə tanınmağın iki yolu var. Birincisi maddi baxımdan müəyyən qədər məvacib ayırmalısan, ikincisi isə şans məsələsidir. Səmimi olaq, heç ödəniş edib telekanala çıxmısınızmı?

 

– Bəli, çox gözəl sual verdiniz. Şou-biznesdə tanınmağın iki yolu var, indiki zamanda. Hal-hazırdakı durumda dəvət ediblər efirə, pul söhbəti etməyiblər mənimlə, ancaq dostların dəvətindən sonra başqa kanallar da canlı ifalarım xoşlarına gəldiyi üçün o nöqteyi-nəzərdən çağırıblar. Efir bitdikdən sonra mən özüm prodüserə hörmət eləmişəm. Ancaq belə danışım, gedim mən kiməsə pul verim, belə bir söhbət olmayıb. O ki, qaldı bayağı mahnı oxuyub tanınmaq və ya şou yaradıb gündəmə gəlmək, bu dəqiqə fakt olaraq elədir. Ya gərək sosial şəbəkələrdə bir şou yaradasan, ya da gərək kimisə təhqir eləyəsən. O adam səni təhqir eləsin və bu zaman gündəmə gəlirsən. Durub nəsə savadlı bir şey oxuyanda camaatın xoşu gəlmir, söyləyir ki, bu nədir? Lakin durub yersiz bir şey danışanda efirdə və yaxud da nəsə maraqlı bir şey eləyəndə şoumu deyim, oynamaqmı deyim, verilişin prodüseri də, aparıcısı da təsdiqləyir ki, bəli, bu olsun və veriliş də reytinq baxış sayı qazansın.

 

Bəs nə üçün insanlar maraqlı bir şey axtarır? Niyə bayağı musiqilərə, şou, qalmaqal və sairə meyl göstərir? Siz necə, gündəmə gəlməkçün gündəmdə olan xəbərlərdən bəhrələnərdinizmi?

 

– Vallah bilirsiniz, açığını desəm  mən özüm də gecə-gündüz fikirləşirəm ki, niyə görə belə olub? Yəni ki, bu hal-hazırkı şou-biznes, hal-hazırkı durum niyə belədir? Heç özüm də vallah cavabını tapa bilmirəm. Amma necə mən gəlmişəmsə, yəni efirə necə çıxmışamsa, məni tanıyanlar məni necə tanıyırlarsa, çalışacağam ki, elə  də qalım. Yəni mən özümə yaraşdırmıram ki, şou göstərim və yaxud da durum hansısa bir bayağı mahnı oxuyum. Mənim ifamda ən çox sevilən mahnılar bəstəkar və xalq mahnılarıdır, hansı ki, indi də sevilir. Düzdür, gənc nəslin zövqlərilə bəzən üst-üstə düşməsə də, orta, yaşlı nəsillər indi də o mahnılara, muğamlara qulaq asırlar. Yəni üslubumu dəyişməyi mən özümə sığışdırmıram. Zamanla ayaqlaşmaq lazımdır, ancaq mən öz zövqümü korlamaq istəmirəm. Siz inanırsınız ki, verilişlərin birində qonaqlarla bir az mübahisə oldu, orta yaşlı bir sənətçi dedi ki, hal-hazırda toylarda səslənə mahnılar vaxt gələcək bizim xalq mahnılarımıza çevriləcək. Mən sadəcə donub qaldım ki, bu mahnılar necə xalq mahnılarına çevrilə bilər? O isə etiraz etdi ki, bəli, vaxt gələcək bu hal baş verəcək. Və bunun üstündə mübahisə etdim ki, belə olmaz, xalq mahnılarını bu qədər ucuzlaşdırmaq,  musiqiləri, musiqi zövqümüzü cılızlaşdırmaq olmaz.

 

Bir qız övladınız var, Allah saxlasın. Ümumiyyətlə, gələcəkdə övladlarınızın da sizin yolunuzu davam etməsinə, musiqiyə maraq və meylinin yaranmasına sizin münasibətiniz necə olar? Qarşısında durub hansısa sahəyə yönləndirərsiniz, yoxsa arxasında dayanıb ən böyük dəstəkçilərindən biri olarsınız?

 

– Allah bütün balaları, sizin də övladlarınızı saxlasın. Ümumiyyətlə, yox, istəməzdim mənim yolumu davam etdirsin. Şəxsən mən qızımın müğənni olmasını istəməzdim, sadəcə içimdən belə gəldi. İstəyərdim müəllimə olsun, müəllimə kimi böyüsün, gələcəkdə elə-belə yox, savadlı bir müəllimə olsun, tam musiqidən uzaq birisi. Məni də Allah Tala bu səmtə yönəldib, şükürlər olsun. Ancaq övladlarımın musiqidən başqa hansı sənət sahibi olmaq istəsələr arxalarında dayanacağam, axıra kimi.

 

Vurğuladınız ki, istedad Allah tərəfindən verilib. İstəklərin, seçimlərin qarşısını almaq olmaz mənə elə gəlir ki. Həyatda necə birisisiniz? İstək əqidə və düşüncədən öncə gəlməlidir, yoxsa ağıl istəyi üstələməlidir?

 

– Bu sual bir az qəliz sual oldu. Mənə elə gəlir ki, əslində hər bir iş ağılla yoluna qoyulsa yaxşı olar. Bir məsəl də var, atalarımız demiş – “Min dəfə ölçüb, bir dəfə biçmək lazımdır”. Yəni min dəfə fikirləşmək, sonra qərar vermək lazımdır. Ona görə də bir işi görməmişdən əvvəl dəfələrlə fikirləşirəm ki, bu işin axırı necə olacaq. Əqidə, düşüncə bunlar da  hamısı ağılda cəmləşib. O ki, qaldı istedada, istedad əlbəttə ki, Allah tərəfindən bəxş olunub və gərək onun qədrini biləsən, onu qoruyasan və üstün tutasan.

ARB televiziyasında “Anam, bacım rus gəlin” serialında rol almısınız. Aktyorluğa da maraq vardı deyə bu addımı atdınız, yoxsa təklif gəldi və belə deyək ikinci iş-hobbi kimi özünüzü sınadınız?

 

– Serial şənbə və bazar günləri ARB kanalında yayımlanır. Mənim dostlarım və sənət  yoldaşlarım təklif etdilər ki, bir aktyorluqda da özünü sına. Əvvəl qərarsız idim. Birinci bölümü hamı bəyəndi, hamının xoşu gəldi. Orda ssenarist, prodüser vardı, onlar da mənə bildirdilər ki, bəlkə də sənin özünün xəbərin yoxdur, böyük aktyorluq bacarırsan. Səndə var o qabiliyyət, bəs bizə bu yolda köməklik elə, bizim yanımızda ol. Şükür Allaha, iki üç yerdən də dəvət almışam, fikrim var ki, o seriallarda da çəkilim.

 

Bəs obrazınız necə, sizə yaxındırmı, yoxsa, canlandırdığınız obraz özününüzün tam əksidir?

 

– Obraz mənə yaxın deyil, tam əksidir. Sadəcə öhdəsindən yaxşı gəldim. “Anam, bacım rus gəlin” serialında bağban obrazını canlandırıram. Ancaq “Köhnə dalan” serialında Səlim bəy obrazıyla çıxış edəcəyəm. Məncə ikisinin də öhdəsindən layiqincə gəlirəm.

 

Çəkilən film, serialların keyfiyyətilə bağlı nə deyə bilərsiniz. Rejissorların çəkib ekrana təqdim etdikləri qane edirmi sizi? Yoxsa kino aləmində onu inkişaf etdirəcək sağlam rejissor təbəqəsi azlıq təşkil edir?

 

– Hal-hazırda çəkilən serialların keyfiyyəti mənə elə gəlir ki, yaxşıdır. Sadəcə baxımlı serial var, bir də baxımsız serial. O da insanların zövqlərilə üst-üstə düşən bir şeydir. Mən onu deyə bilərəm ki, şəxsən mənim çəkildiyim serial özünə lazımi qədər baxıcı auditoriyası yığıb və yığmağa da davam edir. Bayaq qeyd etdiyim kimi, bir neçə təkliflər gəlib, onları da qiymətləndirəcəyəm, sadəcə vaxt məhdudiyyətiylə bağlı gedib ssenariylə, rollarla tanış ola bilmirəm. Hər halda aldığım rol istərdim ki, xarakterimlə üst-üstə düşsün. Ancaq hər halda obraz necə olur olsun, öhdəsindən inşallah uğurla gəlməyə çalışacağam.

 

Əbdül bəy, incəsənətdə gördüyünüz, imza atdığınız bütün işlərdə uğurlar diləyirəm. İnşallah bu yaxınlarda bizim də iş birliyimiz olacaq. Sizin ifanızda sözləri mən – Günay Fuadqızına, musiqisi isə tanınmış bəstəkar Elmir Mədətoğluna məxsus olan gözəl bir mahnı təqdim edəcəyik mediaya. İşlərinizdə bir daha uğurlar diləyir və səmimi söhbətinizə görə təşəkkür edirəm. Mahnının adı isə sirr olaraq qalsın, növbəti sayımızda inşallah məlumatı oxuculara təqdim edəcəyik.

 

– Çox şad olaram ki, sözləri sizə aid olan bir mahnını ifa edim. Əlbəttə ki, özüm də ona rəng qatacağam, özüm də ürəklə ifa edəcəyəm ki, nəinki sizlər, nəinki bizlər, bütün xalqımız tərəfindən o ifa sevilsin. Mənimçün də xoş oldu, sual-cavablarımız da yaxşı alındı. Mən də təşəkkür edirəm, sizlərə işlərinizdə uğurlar arzulayıram.

Müəllif: Günay Fuadqızı

 

BIR CAVAB BURAXIN