Duqindən SOS: Lavrov Moskvanı İrəvana qurban verir

0
663

Duqin Kreml dəhlizlərində baş verən prosesləri, o cümlədən intriqa və fikir ayrılıqlarını çox yaxşı bilir.

Arazinfo.com-un verdiyi xəbərər görə, bunu axar.az-a rusiyalı ideoloq Aleksandr Duqinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı son fikirlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, əslində Duqin Kremlin dünyadakı müxtəlif hadisələrə strateji yanaşmasının konseptual əsaslarının hələ tam formalaşmadığını nəzərdə tutur:

“Bu, doğurdan da belədir, çünki son vaxtlar başda Lavrov olmaqla, Rusiya XİN-də kök salan erməni kadrları Moskvanın xarici siyasətini erməni lobbisinin maraqlarına uyğun formalaşdırmağa cəhd edir. Duqin də, Kuznetsov da məhz buna işarə edir. Açıq şəkildə bildirilir ki, Lavrov və onun başına toplaşmış erməni lobbisi bəzi prinsipial, xüsusilə də Cənubi Qafqazla bağlı məqamları təkbaşına, Rusiya prezidentdən yan keçərək formalaşdırmağa cəhd edirlər. Bu, heç də hər zaman Moskvanın maraqları ilə üst-üstə düşmür. Duqin Putinin belə nüansları sezməmiş olduğuna inanmadığını və onun bu məsələləri korrektə etməyə çalışdığını çox ehtiyatla əlavə edir. Hər halda, o da bildirir ki, Dağlıq Qarabağ tərəfində iplərin bütün ucu Lavrovun əlindədir. Aydındır ki, həm KİV-lərə, həm də ictimai rəyə verilən mesajlar daha çox Lavrovun tapşırıqları əsasında formalaşır. Bu mənada xüsusilə də son vaxtlar erməni maraqlarının qorunmasında Lavrovun yanaşmaları hiss ediləcək dərəcədə qabarıb. Rusiyanın maraqlarını dəqiq bilən və bunu hər zaman ön plana çəkməyə çalışan millətçi əhval-ruhiyyəli ziyalılar bunun Rusiyaya xeyir gətirməyəcəyi qənaətindədirlər.

Vaxtilə Soçi görüşündə Azərbaycan prezidenti Qarabağ münaqişəsi ilə bağlı məsələlərə dair Rusiya XİN-in tərəf tutduğuna dair faktları rusiyalı həmkarına təqdim etmişdi. Putin Moskvaya qayıtdıqdan sonra bu barədə tədbirlər görəcəyini vəd etmişdi. O da gizli deyil ki, Lavrov istənilən şəraitdə erməni maraqlarını qorumaq üçün çox ciddi manevrlər edir və bəzən də rus siyasi elitasını istədiyi istiqamətə yönləndirməyə nail olur. Bu isə Rusiyanın siyasətinə qeyri-ciddilik gətirir və inamsızlıq yaradır. Ona görə də Rusiyanın xarici siyasəti ciddi tənqid edilir”.

Politoloqun sözlərinə görə, Lavrov Rusiyanın milli maraqlarını özünün erməni maraqlarına qurban verir:

“Ümumiyyətlə, hazırda Rusiya xarici siyasətində həqiqətən də çaşqınlıq var. Putin prezident seçildikdən sonra sürətlə dəyişən dünyanın tələblərinə uyğun yeni konseptual baxışların hazırlanmasına ciddi imkan yaradıb. Təəssüf ki, burada aparıcı rollardan biri də Lavrov və onun ətrafında toplaşmış erməni lobbisinə verilib. Düzdür, Qarabağ məsələsinin həlli Rusiyanın əlindədir, ancaq Lavrov və erməni lobbisinin səyləri fonunda son zamanlar qırmızı xəttin keçilməsi baş verir. Bu məsələyə mütləq Putinin müdaxiləsi lazımdır. Eyni zamanda, bu məsələdə ikibaşlı oyuna son qoyulmalıdır. Bu yaxınlarda Mnatsakyanın Rusiyada Lavrovla qondarma DQR-in tərəf kimi danışıqlar prosesinə cəlb edilməsini müzakirə etməsi çox təhlükəli tendensiyadır. Paşinyan bu məsələni əlində bayraq tutaraq qondarma respublikanı de-yure tanıtmaq istəyir. Bu məsələdə erməni siyasi rəhbərliyi ilə Lavrovun mövqeyi arasında ciddi oxşarlıq var. Hətta bu oxşarlıq bəzən Moskvadan Lavrov vasitəsilə İrəvana nəql edilir və bir növ daha strateji nöqtələrə yönləndirilir. Bu cür təhlükəli tendensiya danışıqlar prosesini tamamilə poza bilər”.

Qeyd edək ki, rusiyalı ideoloq Aleksandr Duqin Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki gözləntilərindən danışarkən Moskvanın hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içində olduğunu bildirib.

BIR CAVAB BURAXIN