Dünyanı heyrətləndirən qadınlar: Həzrəti Xədicə

0
1460

Arazinfo.com saytı Dünyanı heyrətləndirən qadınlar silsiləsindən Həzrəti Xədicə haqqında yazını təqdim edir:
Tanınmış və olduqca varlı bir ailənin qızı kimi anadan doğuldu. Ətrafında günah işlədən və haramla məşğul olan insan dənizinin olmasına baxmayaraq saflıq və təmzlik sahilinə üzərək çıxmağı bacardı. Namusunu və həyasını özü üçün bir qalxana çevirərək ən ismətli bir qadın kimi məşhurlaşdı. Ticarətlə məşğul olaraq daha da varlandı, ancaq ona evlənmək təklif edənlərə bir-birinin ardınca rədd cavabı verdi. Sanki həyatının ən ayrılmaz bir hissəsi olacaq və onu başdan ayağa dəyişdirəcək ömür-gün sirdaşını gözləyirdi. Arzuladığı saflıq paklıq, düzlük və doğruluq nümunəsi olan, cəhalət və günah dənizində özünü hər cürkabdan qorumağı bacararaq hamının pərəstiş etdiyi adamı nəyahət ki, axtarıb tapdı və ona ürəkdən, könüldən bağlandı. Amma səbri artıq tükənmişdi və bundan sonra da gözməyə taqəti qalmamışdı. Ona görə də dövrünün adət-ənənələrinin əleyhinə gedərək axtararaq tapdığına özü evlənmək təklifi etdi. Beləliklə, o, islam peyğəmbərinin ilk həyat yoldaşı və onun dinini tərəddüd etmədən qəbul edən ilk müsəlman qadın olmaq şərəfinə nail olacaqdı. Sonra da üzərinə düşən müqəddəs vəzifəni şərəflə həyata keçirərək var dövlətini islam dini yolunda xərcləyəcək və ömrünü bu müqəddəs amala həsr edəcəkdi, bu işdə sevimli ərinin-kainatın günəşinin yanından bir an da olsa ayrılmayacaqdı. İslama könül vermiş sonuncu peyğəmbərin nəinki həyat yoldaşı, həm də ona arxa duran və müqəddəs bir amal uğrunda sona kimi Ona dayaq olan ilk müsəlman qadın Hz. Xədicə idi.
“Allah Xədicədən daha xeyirlisini vermədi, xalq küfr içində üzərimə iftiralar yağdırarkən o mənim doğru yolda olduğumu (peyğəmbərliyimi) təsdiqlədi və mənə iman gətirdi.
Həzrəti Məhəmməd (səs)
İslam peyğəmbərinin ilk qadını olan Hz. Xədicə milad tarixi ilə 556-cı ildə Məkkədə anadan olub. Atası Hüveylid Qureyşililərin içərisində ən hörmətli və varlı insanlardan biri hesab edilirdi. Anası Fatima isə Məkkənin tanınmış qadınlarından sayılırdı. O dövr üçün əxlaq və paklıq nümunəsi olan bir ailədə böyüyən Hz. Xədicə özü də tezliklə səmimiliyi, saflığı ilə adını islam tarixində əbədiyyətə qədər yazdıracaq müqəddəs qadınlardan birinə çevrildi, onlar üçün bir həyat nümunəsi oldu.
Halbuki o elə bir dövrdə dünyaya gəlmişdi ki, o dövrdə əxlaq və ismət dəyərini itirmiş, qadınlar cəmiyyət üçün bir heçə çevrilmişdilər. Amma o bütün bunlara rəğmən özünü çirkadan qorumağı bacarmış, dövrünün qadınları alçaldan yaramaz adət-ənənələrinə ikrahla yanaşmış, bütlərə sitayiş etməyi rədd etmişdi. O tək Allaha inanmağı qəbul edən Hanif dininə ürəkdən bağlanmiş, bu dinin qanun qaydaları əsasında yaşamağa üstünlük vermişdi. Yeri gəlmişkən onu da deyək ki, islam peyğəmbərindən öncə cahillyə dövründə tək Allaha inanan insanları Hanf adlandırırdılar. Hanif saflıq və paklığa meyl edən, batilliyi rədd edərək haqqa yönələn insanlar deməkdir. Haniflər Hz. İbrahimin Tövhid dininə mənsub idilər. Onlar cahiliyyə dövrü ərəblərinin əxlaqsız həyat tərzini qəbul etməyərək hər vasitə ilə saflıq və paklıqlarını, əxlaqlarını qorumağa çalışırdılar.
Hz. Xədicə belə bir qarışıq dövrdə haqq yolunu taparaq Hanif dininə sığınmış, saflıq, paklıq və əxlaq tərzini özü üçün həyat tərzinə çevirmiş və dövrünün çirkin adət-ənənələrinə uymamışdı. İki dəfə ailə həyatı qurmuş, ancaq səadətini tapa bilməyərək dul qalmışdı. Halbuki Hz. Xədicə o dövrdə ən çox önəm verilən şərəfli soya, tanınmış ailəyə, kifayət qədər vara-dövlətə malik, olduqca gözəl bir qadın idi. O dövrün ən tanınmış adamlarından olan Əbu Sufyan, Akabe bin Əbu Muayit kimi Məkkə zənginlərinin evlənmə təklifini rədd etmişdi. Özü də bilmədən bəxtinə çıxacaq dünyanın ən şərəfli insanlarından birini gözləyirdi. Namusunu və əxlaqını hər şeydən üstün tutduğu üçün ətrafındakılar ona Tahirə (təmiz qadın) adını vermişdilər və onu bu adla da çağırırdılar. Halbuki o elə dövrdə yaşayırdı ki, o dövrdə insanlar haram işlə məşğul olmağı, qeyri-əxlaqi həyat tərzi sürməyi özləri üçün bir fəxr hesab edirdilər.
Ərə getdiyi ikinci kişinin də vəfat etməsindən sonra gənc yaşında yenidən dul qalmış, olduqca böyük var-dövlətini özü idarə etməli olmuşdu. Ona görə də ticarətlə məşğul olmağı davam etdirərək bu iş üçün layiq bildiyi, inandığı adamları karvanbaşı təyin edərək onları alver üçün Şama (Dəməşqə) göndərirdi. Çünki o dövrdə qadının karvan başında uzaq səfərə çıxaraq alver etməsi qəbul edilmirdi.
Evlənmək təklifini özü etdi
Onların ilk tanışlığı da Hz. Xədicənin dəvə karvanı vasitəsi ilə baş verdi. Hz. Məhəmməd o dövrdə Məkkədə doğruluğu hər şeydən üstün tutduğu, haqqı nahaqqa qurban vermədiyi, düz danışdığı üçün onu “Əl Əmin”(etibar edilən, güvənilən) adı ilə çağırırdılar. Bu adı həm də ona karvan sahibləri vermişdilər. Çünki o heç bir karvan sahibinin əmanətinə xəyanət etməmişdi. O dövrün Məkkəsi üçün bu olduqca inanılmaz bir xüsusiyyət idi. Ona görə də Hz. Xədicə dəvə karvanını Hz. Məhəmmədə tapşıraraq onu Şama alış-verişə göndərdi. Dəvə karvanının başında alış-verişi səmimi bir şəkildə həyata keçirən Hz. Məhəmməd (səs) düzlüyü və doğruluğu ilə dərha Hz. Xədicənin xüsusi rəğbətini qazandı. Tədirəcən bu rəğbət Hz. Xədicənin qəlbində ilahi bir sevgiyə çevrildi və o düzlük və doğuluq təcəssümü olan bu böyük insana bütün varlığı ilə vuruldu. Artıq o sevgisini gizlədə bilmirdi və qarşısındakından haçansa ona evlənmək barədə təklif gələcəyini gözləməyə səbri çatmırdı. Sonda dözməyərək dərdini ən yaxın rəfiqəsi olan Nəfisə binti Münyəyə açaraq ondan kömək istədi. Hz. Xədicə Məhəmmədə (səs) evlənmək barədə təklif edəcəyini deyəndə, Nəfisə bunu xoş qarşılamadı. Çünki o dövrdə bir qadının hansısa bir kişiyə evlənmək təklifi etməsi qəbul edilməsi mümkün olacaq bir iş deyildi. Amma o dövrdə Hz. Xədicə mümkün görünməyən bir işi mümkün edə bildi. Artıq o, onu əhatə edən təbəqənin təzyiqlərinə və etirazlarına məhəl qoymadan qəti qərarını vermişdi: Hz. Xədicə Məhəmmədə(səs) evlənmək təklifi edəcəkdi. Hz. Xədicə: “Mən öz qövmümün arasında izzət və şərəfə malik olduğuna, düzlüyü doğruluğu sevdiyinə, tapşırılan hər hansı əmanətə xəyanət etmədiyinə, gözəl xasiyyətinə görə səninlə evlənmək istəyirəm” deyə Hz. Məhəmmədə (səs) xəbər göndərdi. Amma Hz. Məhəmməd əvvəlcə Hz. Xədicənin bu təklifinə səbirlə və təmkinlə yanaşdı. O: “Mənim maddi imkanlarım azdır, belə olduğu halda sənin kimi zəngin birisi ilə necə evlənə bilərəm”-deyə həzrəti Xədicəyə cavab verdi. Hz. Xədicənin Hz. Məhəmmədə cavabı islami evlilik anlayışı üçün çoxlarına bir nümunə ola bilər. O: “Sən etibar edilməli, güvənilməli bir adamsan, düzlüyü sevənsən, gözəl xasiyyətlisən və bunun üçün də səni sevirəm”-deyə cavab verdi. Bu cavab Hz. Məhəmmədi (səs) duyğulandırdı və o son qərarı vermək üçün əmisi Əbu Talibla məsləhətləşəməyi qərara aldı. Əbu Talib da bu evliliyə etiraz etmədi. Çünki o Hz. Xədicənin izzətli və namuslu bir qadın olduğunu yaxşı bilir və ona xüsusi hörmət bəsləyirdi. Ona görə də Əbu Talib Qureyşinin öndə gedən tanınmış adamlarını toplayaraq onlara Hz. Məhəmmədi (səs) təriflədi və onun Hz. Xədicə ilə evlənəmək istəyini onlara bildirdi. Ondan sonra söz alan Varaka bin Nofəl də Hz. Məhəmmədi tərifləyərək onun nüfuzlu bir soydan olduğunu və belə bir soyla qohum olmağı özləri üçün şərəf hesab etdiyini deyərək bu evliliyə razı olduğunu söylədi. Tərəflər arasında əldə edilən razılığa görə, Hz. Xədicə ilə Hz. Məhəmmədin (səs) nikahı bağlandı və qarşı tərəfə cehiz kimi 400 dinar (bəzi məlumatlara görə isə 20 dəvə) verildi. Beləliklə, Hz. Xədicə ilə Hz. Məhəmməd (səs) evləndilər. Əslində Hz. Xədicənin ən yaxın adamlarından olan Varaka bin Nofəl bu mübarək evliliyin baş tutacağı barədə hələ əvvəlcədən bilirdi. Belə ki, bir gecə Hz. Xədicə yuxusunda günəşin Məkkə üzərindən doğduğunu və onun yavaş-yavaş aşağı enərək evinə girdiyini görmüşdü. O yuxusunu Varaka bin Nofələ danışanda sonuncu Hz. Xədicəyə belə bir muştuluq vermişdi: “Sən şöhrəti bütün aləmi tutacaq birisi ilə ailə həyatı quracaqsan”. İndi onun sözləri düz çıxmışdı.
Hz. Xədicə Hz. Məhəmmədlə (səs) ailə həyatı quranda 40 yaşında idi. Hz. Məhəmmədin isə (səs) həmin dövrdə 25 yaşı var idi. Onlar Hz Məhəmmədə (səs) peyğəmbərlik verilməzdən əvvəl 15 il , 10 ildə peyğəmbərlik veriləndən sonra birgə ailə həyatı (cəmisi 25 il) yaşadılar. Hz. Məhəmməd (səs) Hz. Xədicə vəfat edənə kimi heç bir qadına dönüb baxmadı və ona (Hz. Xədicəyə) sədaqətli olaraq qaldı. Bəzi islam əlehidarı mürtəce qruplar Hz Məhəmmədin (səs) bu evliliyini onun guya Hz. Xədicənin var dövlətindən istifadə etməyə çalışması kimi dəyərləndirir və bununla bağlı ictimai rəy formalaşadırmağa cəhd edirlər. Buna paralel olaraq onlar Hz Xədicənin də Hz Məhəmmədlə (səs) evlənmək barədə qərar qəbul etməsini bu müqəddəs qadının ticarət işlərini daha da yaxşılaşdırmaq istəyi kimi qələmə verirlər. Amma kim necə düşünür, düşünsün, fərqi yoxdur: Belə ki, ortada danılmaz bir həqiqət var: Bu da, bu ilahi evliliyin uca Allahın alın yazısı, iki saf insana böyük lütfi olmasıdır. Nəhayət, bu evlilik şəxsi mənfəət üzrərində qurulmamışdı və əgət belə olsaydı, onda hər ki tərəf özlərindən daha varlısını, daha zənginini tapa bilərdilər. İslam peyğəmbərinin ilk həyat yoldaşının yaşantıları “Sizin üçün daxilən rahatlıq tapa biləcəyiniz həyat yoldaşları yaratdıq” ayətində verilib. Hz. Xədicə Hz. Məhəmmədə ürəkdən bağlı olan, ona inanan, ona ən ağır vaxtlarında belə dəstək verən, dərdini bölüşdürən saf bir ömür-gün yodaşı idi. İlk vəhyin gəlməsindən sonra müşriklərin müsəlmanlar üzərinə etdiyi aramsız təzyiqlərə, onları aclıq üçündə məhv etmək, tutduqları yoldan döndərmək üçün çörəklə, yemək-içməklə sınağa çəkmələrinə baxmayaraq Hz. Xədicə ərinin yanından bir an da olsa ayrılmamış, çəkdiyi əziyyətlərdən sarsılmamış və vəfalı həyat yoldaşı olaraq ölənə kimi mətanətini itirməmiş, kainatın günəşinin başı üzərində şam kimi yanmışdı. O həqiqətən bu sönməz sevgisi, islam dininə sədaqəti, vəfalılığı ilə özündən sonra gələn milyonlarla müsəlman qadın üçün bir həyat örnəyinə çevrildi. O həqiqətən də bu günə kimi dünyaya gələn qadınların ən müqəddəsi olaraq qalmaqda davam edir və əbədiyyətə kimi də saflıq və paklıq mücəssəməsi olaraq da qalacaqdır.

Əziz Mustafa

BIR CAVAB BURAXIN