XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev dünyanın ən böyük layihələrindən biri olan “Əsrin müqaviləsi”ni imzaladı. Bununla da dünyanın enerji tələbatına böyük töhfə verəcək bir layihə reallaşdı. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft yataqlarının Avropanın böyük dövlətlərinin neft şirkətləri ilə birgə istismarı və hasil olunan Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan dünya iqtisadiyyatında mühüm rol oynamağa başladı. Azərbaycan neftinin dünya bazarına çıxarılması nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilməyə başladı. O zamanlar “Əsrin müqaviləsi”nin reallaşmasına bir sıra böyük dövlətlər mane olmağa çalışırdılar. Ulu Öndər Heydər Əliyevin dahiliyi, siyasi iradəsi nəticəsində Azərbaycanın tarixində qızıl dövr başladı. XX əsrin sonunda əldə edilən bənzərsiz siyasi nailiyyət Azərbaycanın müstəqillik faktoru, yeni geopolitik vəziyyət milli neft sənayemizin inkişaf etdirilməsində dönüş nöqtəsinə çevrildi. Bu gün Avropanı çətin vəziyyətə salan enerji böhranında Azərbaycan xilaskar rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident seçildikdən sonra cənab İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycan neftini və qazını Avropaya çatdıracaq bir neçə yeni kəmər inşa edildi. Avropaya ixrac olunan neft və qaz Azərbaycan iqtisadiyyatına böyük gəlirlər gətirməklə yanaşı siyasi arenada da ölkəmizə böyük siyasi nüfuz qazandırmış oldu.
Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı -Bahar Qurbanova