Dünya Bankı TANAP-a 800 milyon dollar ayırdı

0
640

Dünya Bankının Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dolları məbləğində kredit ayrılmasına qərar verib.

Məlumata görə, kreditin 400 milyon dolları Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə “BOTAŞ” şirkətinə veriləcək. Dekabrın əvvəlində Asiya İnkişaf Bankı “Cənub Qaz Dəhlizi” QSC-yə 1 milyard dollar kredit ayırmışdı.

Sırada başqa banklar da var

Bundan əlavə, Asiya İnfrastruktur İnvestisiyaları Bankı (Asian Infrastructure Investment Bank, AIIB) gələn ilin martında TANAP layihəsinin tikintisinə 600 milyon dollar ayrılmasını müzakirəyə çıxaracaq. Kredit “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılacaq. TANAP layihəsinin ümumi dəyəri 8,6 milyard dollardır. Bu vəsaitin 2,1 milyard dolları borcalanın, 600 milyon dolları AIIB-nin, 800 milyon dolları Dünya Bankının, 2,1 milyard dolları beynəlxalq maliyyə institutlarının (Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı – red.) payına düşür. Üç milyard dollar həcmində kreditinsə digər kommersiya təşkilatlarından cəlb olunması nəzərdə tutulub.

“Kredit şərtləri əlverişlidir”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Dünya Bankının kredit ayırması çox önəmli hadisədir: “Çünki onun ardınca Avropa İnvestisiya Bankı, AIIB və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da “Cənub Qaz Dəhlizi” QSC-də Azərbaycanın dövlət payının, “Şahdəniz”dəki və qaz infrastruktur layihələrindəki payının maliyyələşdirilməsi üçün kredit ayıracaqlar”. İ. Şaban kreditləşmə prosesinin gələn ilin I rübündə başa çatacağını güman edir.

Onun sözlərinə görə, kredit şərtləri Azərbaycana yetərincə əlverişlidir: “Kreditlər aşağı faiz dərəcələri ilə və uzunmüddətli dövrə verilir – 20 ildən 30 ilədək. Ödənmə müddəti 2020-ci ildən başlanır. Belə durumda qaz layihələrinin reallaşmasında Dövlət Neft Fonduna güc düşməyəcək”.

BIR CAVAB BURAXIN