ABŞ Dövlət Departamenti Türkiyəyə səfər etməyi planlaşdıran və orada işgüzar səfərdə olan vətəndaşlarına xəbərdarlığın müddətini uzadıb.
Xəbərdarlığa əsasən, İstanbuldakı diplomatların ailələrinə yenidən ABŞ-a qayıtmaq tövsiyə edilib.
Xatırladaq ki, sentyabrın 24-də Dövlət Departamenti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ölkəni tərk etmiş amerikalı diplomatların ailələrinə Türkiyəyə dönməyə icazə verib. Lakin, Dövlət Departamenti bundan əvvəl, avqustun 29-da Türkiyədən getməsi tövsiyə olunan diplomatların siyahısını genişləndirib.
Bu dəfə isə tövsiyə yalnız İstanbuldakı baş konsulluğa aid edilib. ABŞ-ın Türkiyədəki digər diplomatik missiyalarına bu tövsiyə şamil edilməyib.
Bununla belə, Dövlət Departamenti Türkiyəyə səfər etməyin təhlükəli olduğunu qeyd edib.
“Terrorçu qruplaşmalardan gələn təhlükə bütün ölkədə artmaqdadır. Xüsusən də ölkənin cənub-şərq rayonlarına səfərlərdən yayınmaq lazımdır”, – deyə məlumatda bildirib.