Dövlət İncəsənət və Ədəbiyyat Arxivinin direktor müavini, araşdırmaçı Aslan Kənan Modern.az-a açıqlamasında maraqlı bir faktı səsləndirib. O, 100 illik yubiley münasibətilə arxivdə mütəmadi olaraq gərgin iş qrafikində çalışdığını, Azərbaycan Cümhuriyyətinə aid xeyli maraqlı bilgilər əldə etdiyini vurğulayıb.
Araşdırmaçı həmin bilgilərin bəzilərini dekabr ayından sonra, yəni araşdırmalar tam bitəndən sonra açıqlayacağını bildirib.
Aslan Kənan bununla belə, Cümhuriyyətlə bağlı aşkarladığı bir arxiv sənədi haqqında məlumat verib. Həmin sənəddə AXC-nin hakim partiyası olan Müsavatın agentlərinin siyahısı verilib:
“İlk dəfə idi ki, arxivdə bu sənədə rast gəlirdim. Özüm üçün də maraqlı oldu. Siyahı uzundur. Orada bir çox maraqlı adlar da var. Hamısını sadalaya bilmərəm. Lakin siyahıda məşhur inqilabçı Əli Bayramov və o zamanın tanınmış jurnalisti Əli Riza Şamçızadənin də adları var. Yəqin, bilirsiniz ki, Şamçızadəni sonradan repressiya qurbanı etdilər. 1937-ci ildə güllələndi. Bu, mənim üçün yeni fakt oldu”.
Qeyd edək ki, Əli Riza Şamçızadə 1882-ci ildə anadan olub. Publisisti yazılarına görə tanınıb. XX əsrin Azərbaycan mətbuatının əsas simalarından olmasa da, Mirzə Cəlil və onun həmfikirləri arasında bəzi mübahisələrinə görə tanınıb. 1937-ci ildə repressiyaya məruz qalıb.
Əli Bayramovun fəaliyyəti barəsində isə danışmağa dəyməz. Çünki, tarixdən az-çox məlumatı olanlar bu imzanı yaxşı tanıyırlar.
O, 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olub.
1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirib. 1918-ci ildə Bakı XKS silahlı qüvvələri tərkibində gəmi kapitanı vəzifəsində əks-inqilaba qarşı vuruşub. Salyan, Lənkəran, Şamaxı və s. qəzalarda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə onun da “xidmətləri” çox olub. Gəncədə isə el dilində desək, elə Müsavat hakimiyyəti dövründə, yəni, AXC-nin müstəqilliyi zamanında gizli inqilabi iş aparıb.
1919-ci ildən Sovet İKP üzvü, 1919-20-ci illərdə “Hümmət” təşkilatının rəhbərlərindən biri, RK(b)P Qafqaz Ölkə Komitəsi yanında gizli hərbi inqilab qərargahının və BK tərəfindən yaradılmış hərbi təşkilatın üzvü olub. BK-nın gizli fəaliyyət göstərən “Xüsusi dəniz ekspedisiyası”nın iştirakçısı idi. AKPŞ-nin 1-ci qurultayında MK-ya üzv seçilib..
Fərziyyələrə görə, Əli Bayramov 22.03.1920-ci tarixdə müsavatçılar tərəfindən öldürülüb.
Onu biz həm də hazırki adı Şirvan olan keçmiş Əli Bayramlı şəhərinin adı ilə tanıyırıq.
Bu cür fəaliyyəti olan Əli Bayramovun adının Müsavat agentləri siyahısında olması həqiqətən də maraqlıdır.
Araşdırmaçı Aslan Kənan da əlindəki siyahıda Müsavata, AXC hökumətinə xidmət edən şəxslərin adının qeyd olunduğunu bildirir.