Mili Məclisin müvafiq komitə üzvləri dollar kreditləri ilə bağlı tədbirlər planı hazırlayır. Təklifdə xarici valyutada kredit götürən şəxslərin vəziyyətini yaxşılaşdıracaq yeni mexanizmin tətbiqi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, təklifdə həmçinin, 5 mindən yuxarı dollarla olan kreditlərə güzəştlərin edilməsi də nəzərdə tutulur. Bu kreditlər üçün orta məzənnənin tətbiq edilməsi, onların manata çevrilməsi və ya Amerika Birləşmiş Ştatları valyutasına nisbətən məzənnəsinin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilir. Məzənnənin isə 1.2 və ya 1.25 səviyyəsində hesablanması təklif olunur. Təkliflərdə 1000 dollaradək olan kreditlərin bağışlanması, daha iri məbləğdə olan kreditlərə isə fərqli güzəştlərin edilməsi nəzərdə tutulur.
Təkliflərin müəllifi, millət vəkili Əli Məsimli bildirib ki, banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin artan xətlə davam etməsi şəraitində bu problemin həllinin gecikdirilməsi həm dövlət, həm əhali, həm də banklara ziyan gətirir.
Ə.Məsimli deyib ki, yaranmış qeyri-müəyyənliklərlə bağlı əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb: “Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm narazılıq artacaq, həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşəcək. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq. Bunu nəzərə alaraq biz aprelin 29-da deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə hazırladığımız təkliflər paketini 3 ünvana – Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərmişik”.
Problemli kreditlərin həcmi nə qədərdir?
Qeyd edək ki, Azərbaycanda kredit təşkilatlarının vaxtı keçmiş kredit portfelinin həcmi 2016-cı il mart ayının 1-nə 1 329,5 mln. manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 14,9 mln. manat və ya 1,13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 191,3 mln. manat və ya 16,8% artıb.
Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2016-cı il martın 1-nə 6,5% -ə bərabər olub. Qeyd edək ki, bu göstərici fevralın 1-nə 6,2%, keçən ilin analoji dövründə isə 5,5% olub.
Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 671,9 mln. manat təşkil edib. Bu, fevralın 1-nə nisbətən 12,4 mln. manat və ya 1,9% çox, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 151,8 mln. manat və ya 18,4% azdır. Milli valyutada vaxtı keçmiş kreditlərin məcmu manat kreditlərində xüsusi çəkisi martın 1-nə 6,7% təşkil edib. Fevralın 1-nə bu göstərici 6,5%, keçən ilin analoji dövründə isə 6,7% olub.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 657,6 mln. manat təşkil edib. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə nisbətən 1,5 mln. manat və ya 0,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 343,1 mln. manat və ya 2,1 dəfə çoxdur. Bu kreditlərin məcmu valyuta kreditlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 6,4%, fevralın 1-nə 5,9%, keçən ilin analoji dövründə isə 3,7% təşkil edib.
O ki qaldı problemli kreditlərin ÜDM-də xüsusi çəkisinə 2015-ci ilin yekunda 2,45%, məcmu aktivlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 4%, məcmu bank kapitalına nisbəti isə 37,1% olub.
20% səviyyəsində olan problemli kreditlər
Problemli kreditlərin həcmi beynəlxalq reytinq agentliklərini də narahat etməyə başlayıb. “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib ki, manatın devalvasiyası xarici valyutada əmanətlərin həcminin artmasına, eləcə də problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20%-i təşkil edir. Ölkənin ən iri bankı Azərbaycan Beynəlxalq Bankı dövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit “Aqrarkredit” BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək.