Manatı nə gözləyir? Müstəqil ekspertlər düşünürlər ki, bu gedişlə yeni devalvasiya qaçılmazdır, hökumət hələ ki hər hansı açıqlama vermir.
Noyabrın 4-nə olan rəsmi məzənnəyə görə, 1 dollar – 1 manat 66 qəpikdir. Amma iqtisadçı Natiq Cəfərli hesab edir ki, bazara müdaxilə olmasa dolların real dəyəri 2 manatı belə keçir:
“Ölkənin idxaldan asılılığı artarsa, dünya bazarında neftin qiyməti 40 dollardan aşağı düşərsə, gələn ilin martında 1 dollar 2,50 manatı ötə də bilər. Çox kəskin ucuzlaşma, manatın devalvasiyası bizi gözləyir”.
Natiq Cəfərli bildirir ki, milli valyutanın taleyinə xarici və daxili faktorlar təsir edir. Xarici amil – neftin ucuzlaşması, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmağa başlaması, daxili amil isə – idxaldan asılılıq, valyuta ehtiyatlarının tükənməsi və sairdir.
Son iki ildə AMB manatı saxlamaq üçün 11,2 milyard dollar xərcləyib
Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən ilin sonundakı ikinci devalvasiyadan sonra demişdi ki, manat üzən məzənnəyə keçir, yəni sərbəst buraxılır. Amma dekabrdan bəri manat dollar qarşısında hardasa 11 qəpik ucuzlaşıb. Oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatı daha 127 milyon dollar azalaraq, 4 milyard 500 milyon dollara enib. Bunu nəzərə alan müstəqil iqtisadçılar düşünürlər ki, Mərkəzi Bank üzən məzənnəyə keçdiyini bildirsə də, bazara müdaxilə davam edir. Son iki ildə manatı sabit saxlamaqdan ötrü Mərkəzi bank 11,2 milyard dollar xərcləyib.
“Bizə gələn dollarlar yavaş-yavaş gedir”
İndiki durumda ekspertlər devalvasiyanı qaçılmaz sayırlar. Amma kəskin devalvasiya olmasın deyə, təklifləri var. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovmanatın ucuzlaşmasının səbəblərindən danışır. Deyir ki, Azərbaycana dollar gətirən əsas məhsul neftdir. Neft həm ucuzlaşır, həm də onun istehsalı azalır deyə, ölkəyə gələn dollar da azalır. Ərzaq və sair malların çoxu isə xaricdən dollarla alındığı üçün ölkədə dollar qıtlığı yaranır:
“Ukrayna özünü ərzaqla 90 faiz təmin edir. Azərbaycan isə heç 10 faiz belə təmin edə bilir. Deməli, biz məcbur olub hətta ərzağı belə xaricdən alırıq. Belə olanda da bizə gələn dollar yavaş-yavaş gedir. Özümüz özümüzü yerli istehsalla təmin edə bilsək, ancaq bu halda milli valyutanın dəyəri artacaq. Amma yəqin hər kəs bilir ki, bunu etmək yaxın 1-2 ilin işi deyil. Buna azı 3-4 il vaxt lazımdır. Deməli, hələ bir neçə il milli valyuta dəyər itirəcək. Dollar 2 manatı keçəndən sonra 4 manata da çata bilər”.
“Kreditlərə aidiyyatı üzrə işlədilməsinə nəzarət olunmalıdır”
Oktyabr ayında pul bazası azı 630 milyon manat artıb. Əkrəm Həsənov deyir ki, bu o deməkdir ki, Mərkəzi Bank dövriyyəyə əlavə pul buraxıb. Mərkəzi bank adətən, dövriyyəyə pulu kommersiya banklarına kredit verməklə buraxır. Əkrəm Həsənov deyir ki, krediti alan banklar həmin pulla Mərkəzi bankdan dollar alır, bunun qarşısını almaq üçün kreditlərin adiyyatı üzrə istifadəsinə nəzarət olunmalıdır.
Mərkəzi Bank manatın taleyi, bazara müdaxilələr, 3-cü devalvasiya haqda söylənənlərlə bağlı sualları hələ ki cavablandırmayıb.