Deyəsən, mən də nəsə oxudum axı?

0
661

 

Eşitdiyimə görə, bir zamanlar məmləkətimizdə oxumuşları, həm də oxumaq istəyənləri barmaqla göstərirmişlər. Buna rəğmən, bəziləri onlardan gileylənirmişlər. Elə götürək bu gün də adını hörmətlə, izzətlə çəkdiyimiz, hər dəfə adı çəkiləndə ruhuna dualar oxuduğumuz Sabiri (Allah sənə rəhmət eləsin). Məhz o deyirmiş ki, bilməm nə görübdür, bizim oğlan oxumaqdan, dəng oldu qulağım! O oğlanın nə oxuduğunu – kitabmı, qiymətmi deyə bilmərəm. Ərz edə biləcəyim yalnız budur ki, bircə uşağın nə isə oxumağı dağdan ağır kişinin, özü demişkən, qulağını dəng eləyirmiş. Qulaq dincliyinin yaxşı bir şey olduğunu dərk etdiyimdən hərdən düşünürəm, görəsən, Sabir indiki oxuyanları görsəydi, nə edərdi, nələr yazardı?

Bəri başdan deyim ki, dərs oxumaq, mahnı oxumaq heç də pis şey deyil. Odur ki, gileyim onlardan yox, başqa cür oxuyanlardandır, konkret ərz etsək, qiymət oxuyanlardandır. Bəli, son vaxtlar baxıb görürəm ki, məmləkətimizdə hərə öz “yazdığını”, “bəstələdiyini” camaata oxuyur: kimi xəlvət, kimi aşikar. Bu mənada həkimin öz ariyası, hakimin öz qəzəli, polisin öz şərqisi, hərbi komissarın öz marşı var desək, səhv etmərik. Özü də onların bu oxuduqlarını, bir qayda olaraq, manat, nə qədər qəribə olsa da, əksər hallarda dollar müşayiət edir (Son illər onların arasında avro da peyda olub). Bu mənada bəzi peşə, vəzifə sahibləri, sözün həqiqi mənasında, oxuya-oxuya qazanırlar (Kim bilir bəlkə, oynayanlar da var). Onların oxuduqları, insafən, ümumxalq dilindədir. Elə bu səbəbdən hamı tərəfindən başa düşülən, anlaşılandır. Doğrusu, bəzən bu kimi qiymət oxumaları bəzi insanların səhhətinə pis təsir edir (Di gəl, xoşları gəldi-gəlmədi dinləmək zorundadırlar). İnsanların bir qismi belə avazlara, oxumalara adət etdiklərindən heç bir problemlə qarşılaşmırlar. İnsafən, onu da deyək ki, onların aralarında az oxuyanlar da az deyil. Di gəl, sonradan adama elə minnət, daha doğrusu, nəqərat oxuyurlar ki, gəl görəsən…

Bir sözlə, oxumaq, oxumaq, yenə də oxumaq sözün lap hərfi mənasında yaman dəbə minib. Yeri gəlmişkən, o gün bir tanışım deyir ki, axı bunun nəyi pisdir, qoy oxusunlar da… Məgər bəs deyil vaxtilə rus şairi Tixonovun bir butulka araq vurandan sonra bizə verdiyi “şair xalq” ayamasını üstümüzdə gəzdirdiyimiz? İndən belə olaq “oxuyan xalq” da… Deyirəm, ay bədbəxt, bu ayama da elə o ayamanın tayı deyilmi: nə fərqi var keçəl Həmzə, ya Həmzə keçəl? Kimə deyirsən, başa düşür ki?

Bəs getdikcə artmaqda olan bu oxuyanların qarşısnı necə almalı? Zənnimcə, buna görə elə bir ciddi cəza da düşünməyə dəyməz. Sadəcə, sürücü də, həkim də, hakim də… bu gün qüvvədə olan mövcud qanunları himn kimi oxumalıdır. Əks halda, qiymət oxumalarından hər birimiz dəng olacağıq. Təkcə dəngmi? Dəxi mən bundan yaxşı bir əlac bilmirəm. Və bu da hamısından məsləhətdir. Deyəsən, mən də nəsə oxudum axı?

BIR CAVAB BURAXIN