Devalvasiya Azərbaycana nə yenilik gətirib?

0
821

Düz bir il əvvəl – keçən il dekabrın 21-də manat ikinci dəfə devalvasiya etdi və dollar qarşısında bir gündə 50 faiz ucuzlaşdı. Marketlərdə qiymətlər artdı, dollarla krediti olanlar manatla iki dəfə daha çox kredit ödəməli oldu.

Devalvasiyadan sonra olub keçənlərə qısa nəzər salaq:

Dövlət Statistika komitəsinin məlumatına görə 2016-cı ilin ilk 11 ayında əhalikreditlər üzrə azı 1 milyard manat ödəyib.

 

Bakı sakini Rabil Heydərov 2 il öncə 5 min dollar kredit götürüb. 2 ildir kredit ödəyir hələ də düz 8 min dollar borcu qalıb:

“Ikinci devalvasiya oldu və kredit borcu ikiqat artdı. Bank yenə eyni sözləri dedi, heç nə eləyə bilmədiklərini bildirdi. Kreditim gəldi 10 mini keçdi, halbuki 5 min manat pul almışdım əlimə”.

Rahib Heydərov deyir ki, elə olub ki, çatdıra bilməyib və kredit ödənişləri yubanıb.

Devalvasiya məhkəmələri

Devalvasiyadan bəri banklar azı 200 min nəfəri krediti ödəmədiyi üçün məhkəməyə verib. Bunu millət vəkili Zahid Oruc parlamentin komitə iclaslarından birində deyib:

 

“Bu maliyyə sektorundakı stresslərin nəticəsində azı 200 min vətəndaşı məhkəməyə veriliblər. İki dəfə baş verən devalvasiya banklarla vətəndaşlar üz-üzə qalıblar. 22 fevral 2015-ci ildən bəri Elman Rüstəmovu ekranlarda görməmişik. Bu gün Elman Rüstəmov özü burdadır amma biz yenə bilmirik ki, məzənnə dəyişəcəkmi, yoxsa dəyişməyəcək”.

Digər millət vəkilləri də dollarla krediti olanlara müəyyən güzəştlərin edilməsini təklif ediblər. Amma hələ ki, bu məsələdə hökumətdən səs-soraq yoxdur.

Devalvasiyadan “üzən məzənnə”yə

Rəsmi məzənnəyə görə 1 dollar 1 manat 75 qəpikdir. Qara bazarda isə dolların 1 manat 90 qəpiyə satıldığı deyilir. 21 dekabrdakı devalvasiyadan sonra Mərkəzi Bank manatın üzən məzənnəyə keçdiyini açıqlamışdı. Amma bəzi müstəqil ekspertlər hələ də bazara müdaxilələr olduğunu, manatın inzibati yollarla sabit saxlanıldığını bildirirlər. Bəs, bundan sonra manatı nə gözləyir? Mərkəzi bankın sədri Elman Rüstəmovun Milli Məclisin komitə iclasındakı çıxışından belə anlaşılır ki, bu sualın cavabı heç onların özünə də bəlli deyil:

 

“Biz fevral ayından bazara müdaxilə edilmir, üzən məzənnə siyasətinə əməl olunur. Amma idarə etmə dayandırılsa nə baş verəcəyindən əmin deyilik”.

Millət vəkili Vahid Əhmədov dolların 2 manat olacağını proqnozlaşdırır. Başqa müstəqil iqtisadçılar isə düşünürlər ki, 2017-ci ildə dollar 3 manata belə çata bilər.

 

Dollar azı 2 manat olacaq

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da dolların azı 2 manat olacağını qaçılmaz sayır, deyir ki, bundan ən böyük zərbə banka dollarla borcu olanlara və bankların özünə dəyəcək.

“Əgər banklara valyutanın məzənnəsini müəyyənləşdirməyə tam sərbəstlik verilsə, onlar ən maksimalını müəyyən edəcəklər. Bu isə o deməkdir ki, manat kəskin devalvasiyaya uğrayacaq. İqtisadi nöqteyi-nəzərdən bu ən düzgün yoldur və bazar iqtisadiyyatı prinsiplərinə uyğun gəlir. Devalvasiyanın qaçılmaz olması sadəcə dollar krediti problemini daha da kəskinləşdirəcək. Hökumət buna hazır olmalıdır və bu problemi necəsə çözməlidir, əks halda banklar çökəcək”.

Hökumət isə böhrandan çıxmaq, valyuta axının qarşısını olmaq, ölkəyə gələn dolları saxlamaqdan ötrü ixracdan asılılığı azaltmağı qarşıya əsas məqsəd qoyduğunu açıqlayıb.

BIR CAVAB BURAXIN