“Deşevka” teleseriallar və ya mənəviyyatsızlıq haradan qaynaqlanır?

0
687

 

Son illərdə Azərbaycanın tele efir məkanında nələrin baş verdiyini dərk etmək bəzən müşkül məsələyə çevrilir. Bu da ilk növbədə tele efir məkanında baş götürüb gedən və əksər tamaşaçılar tərəfindən “deşevka” (yüngül, mənasız) adı verilən seriallarla bağlıdır. Xatırladaq ki, Azərbaycan tamaşaçısı teleseriallarla ilk dəfə ötən əsrin 80-ci illərinin sonlarında, SSRİ-nin dağılması ərəfəsində tanış oldu. Sözün düzü o vaxt bu teleseriallara maraq çox idi. Yadımdadır, həmin dövrdə ən çox baxılan teleseriallardan biri “Kölə İzaura, “Santa Barbara”, həmçinin Latın Amerikası ölkələrinin istehsalı olan “Qadın ətirli qəhvə”, “Prosto Mariya” və digərləri idi. Bu teleserialların əksəriyyətində pozğunluq, qadının ərinə xəyanət etməsi, onun qardaşı və ya yaxınlarından biri ilə eşq macərası yaşaması, ananın öz qızının nişanlısına aşiq olması və ya gələcək kürəkənin qaynanası ilə sevişməsi, yaşlı qadının cavan oğlana ərə getmək istəməsi və bunun üçün dəridən-qabıqdan çıxması kimi mənəviyyatımıza sığmayan çoxsaylı hadisələr əksini tapmışdı. Hələ o vaxt belə teleserialların yetişməkdə olan gənc nəslin mənəviyyatını poza biləcəyi barədə bəzi ziyalılarımız tərəfindən xəbərdarlıqlar edilirdi. Təəssüflər olsun ki, o vaxt bu etirazlara məhəl qoyulmadı və nəticədə həmin teleseriallarda baş verənlər tədricən qorxulu xəstəlik kimi cəmiyyətimizin bəzi hissəsini yoluxdurmağa başladı. Hər halda bu gün Azərbaycanın əksər telekanallarında nümayiş etdirilən teleseriallarda əksini tapanlar da mənə bu sözləri deməyə haqq verir. Qeyd edim ki, məhz xarici teleseriallardan gələn iyrənc, mənəviyyatımıza zidd olan mənfi amillərin qarşısını alan, milli, mədəni dəyərlərin qorunmasına xidmət edən, mənəviyyatımızı daha da zənginləşdirəcək teleserialların ortaya çıxması üçün hər il dövlətimiz milyonlarla manat pul ayırır. Amma yenə də çox təəssüflər olsun ki, əksər teleseriallar Latın Amerikası ökələri filmlərini sanki təkrar edir. Bu gün efiri zəbt edən əksər teleseriallarda milli varlığımızı, mənəvi zənginliyimizi yerlə-yeksan edən, ananın və ya atanın simasında mənfi obrazın yaradılması, cəmiyyətimizin az qala mafiya qanunları ilə idarə olunması təsəvvürü forrmalaşadırılmağa cəh edilir.

Ötən il adını çəkmək istəmədiyim telekanallardan birində bir-birinin ardınca nümayiş etdirilən iki teleserialda əksini tapanlar sözün düzü məni dəhşətə gətirdi. Bibi və ya xalanın qardaşı və ya bacısı qızının nişanlısını əlindən almağa cəhd etməsi, anaların mənfi planda verilməsi və onların övladlarının səadətinə mane olması, xəstəxanalarda özbaşınalıqların hökm sürməsi, rüşvətin cəmiyyətdə hakim rolunu oynaması, çətin tərbiyə olunan uşaqların təhsil adığı məktəbdə müəllimlərin şagirdlərlə vəhşicəsinə davranmasını əks etdirən kadrlar zənnimcə Azərbaycan barədə həqiqətlərin təhrif olunması, iftiradan başqa bir şey deyildi. Həmin teleseriallarda mafioz, kriminal qüvvələrin günün günortaçağında adam oğurlaması, öldürməsi və sonra da cinayətkarların cəzasız qalması istər-istəməz ölkədə qanunsuzluqların hökm sürməsi təəsüratı oyadaraq Azərbaycanın simasında mənfi imic formalaşdırırdı. Sanki Azərbaycan idarə olunmayan rüşvətxor, kriminal ünsürlərin və mafiyanın idarə etdiyi bir ölkədir.

Unutmaq olmaz ki, bu teleseraillara bizə qonşu ölkələrdə də baxır və bütün bunlar onlarda Azərbaycanın simasında kriminal, mənəvi cəhətdən pozğun ölkə təsəvvürü formalaşdıra bilər. Yenə də təssüflər olsun ki, belə mənəviyyatımızı, mədəniyyətimizi təhrif edən, Azərbaycanın simasında kriminal, mafioz bir ölkə imici formalaşdıran əksər teleseriallar nə üçünsə müvafiq qurumların diqqətindən kənarda qalmaqdadır. Cəmiyyətimizdə adətən belə teleserailları “deşevka” adlandırırlar. Sanki teleseriallara buraxılan pullar Azərbaycanın simasında qanunsuz, insan hüquqları tapdalanan, ana oğlunu, qardaş bacısını tanımayan, mafiyanın baş alıb getdiyi ölkə kimi qələmə verilmək üçün ayrılıb. Sözün düzü əksər teleseriallar başa çatandan sonra yenidən çəkiləcək filmlərdə ölkəmizin imicinə ləkə salan amillərin aradan qaldırılacağına, Azərbaycanın mənəvi aləminin zənginliyinin, ata -ana müqddəsliyinin, cəmiyyətimizin mənfi tərəfinin deyil, müsbət amillərinin öz əksini tapacağına ümidlər bəsləyirdim. Amma yenə də əksər teleseriallarda eyni xəstəlik davam edir. Necə deyərlər, yenə də bəzi teleseriallarda mafiyanın, kriminal ünsürlərin cəmiyyətimizdə, gündəlik həyatımızda ağalıq etməsi, mənəvi pozğunluq, rüşvət, haqsızlıq kimi mənfi xüsuyyətlərin Azərbaycanda az qala həyat tərzinə çevrilməsi təsəvvürü formalaşdıran kadrlar baş alıb getməkdədir. Axı kim bu teleserialları çəkənlərə haqq verib ki, azərbaycanlının simasında mənəviyyatsız, əxlaqsız, kriminal imici formalaşdırsınlar? Şəxsən mən bunu başa düşməkdə çətinlik çəkirəm…

BIR CAVAB BURAXIN