Deputat maaş və pensiyaların artırılmasını təklif etdi

0
674

“Əhalinin aztəmnatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli metro və avtobuslarda gediş haqqının artırılması fonunda maaş artımı gözləntilərinə münasibət bildirərkən deyib.

“Aztəminatlı ailələr əziyyət çəkəcək”

Deputat qeyd edib ki, sonuncu maaş artımı yetərli deyil: “Ötən il inflasiyanın 13 faiz, ərzaq məhsullarının qiymətlərinin isə 15 faiz (əslində daha çox) artması müqabilində bu ilin martından əmək haqları 10 faiz artırıldı. Beləliklə maaşları artırılan vətəndaşların əksəriyyətinin əmək haqqına 20-30-40 manat əlavə oldu və bu məbləğ çox az olduğundan əhalinin inflyasiya nəticəsində məruz qaldıqları itkilərini belə ödəmir.

Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və sair yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək”.

“Digər sahələrdə də qiymət artımı qaçılmaz olacaq”

Deputat bildirib ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq: “O ki, qaldı tarifləri qaldıran zaman verilən əsaslandırmalarda Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olmasına, belə müqayisələr birtərəfli xarakter daşıyır deyə, real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta əmək haqqları da Azərbaycandakından yüksəkdir.

Digər tərəfdən isə Azərbaycan neftinin dünya bazarında qiymətinin 2018-ci ilin büdcə proqnozlarında göstərildiyindən 40 faiz baha olduğu bir vaxtda Tarif Şurasının qiyməti qaldıran zaman gətirdiyi arqumentlər əhəmiyyətsiz bir şeyə çevrilir”.

“Pensiya, maaş, tələbə təqaüdü artırılmalıdır”

Parlamentarinin sözlərinə görə, tariflərin artmasının aztminatlı təbəqənin güzəranına mənfi təsirini aradan qaldırmaqdan ötrü əlavə tədbirlərə ehtiyac var: “Biz 2018-ci ilin büdcəsinə yenidən baxılarkən irəli sürdüyüdümüz təklifi bir də səsləndiririk. 2018-ci il- ölkəmiz üçün əlamətdar ildir, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilidir. Bir də belə bütöv yubiley 100 ildən sonra olacaq. Digər cəhətləri ilə yanaşı, həm də mənəvi bir yük daşıyan yubiley ilində hökumətin atdığı addımların heç biri əhalinin güzarının pisləşməsinə yönəldilməməlidir. Ona görə də heç olmasa AXC yubiley ilində əhalinin güzaranının pisləşməsinin qarşısını alan addımlar atılmalı və tariflər qaldırılırsa, mütləq əmək haqqları da, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin maaşları, pensiya, müavinət, tələbə təqaüdü və sair də artırılmalııdır”. (modern.az)

BIR CAVAB BURAXIN