Erməni İnqilabi Federasiyası (EİF) və ya daha çox “daşnak partiyası” kimi tanınan təşkilatın rəhbəri Giro Manoyan Ermənistan hökumətini Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa çağırıb.
Manoyan deyib ki, əgər Ermənistan Dağlıq Qarabağı tanısa, onda yaxın gələcəkdə iki erməni dövləti birləşmə prosesinə başlaya bilərlər.
Ermənistanın Tert.am xəbər portalının verdiyi məlumata görə Manoyan deyib ki, onun partiyası tanıma prosesinin başlanması üçün addımlar atılması təşəbbüsünü öz seçki platformasına daxil edib.
Ermənistanda parlament seçkisi aprelin 2-də keçirilməlidir.
Daşnaksutyun partiyasının lideri bunu da əlavə edib ki, o “Artsaxın” Ermənistanla birləşməsini öz təşkilatının son məqsədi hesab edir.
Hələlik niyyət yoxdur
O deyib ki, “müstəqilliyin elanı” və “tanımağa doğru taktiki addımların atılması” – bu planın iki mərhələsidir.
Bununla belə, Manoyan deyib ki, “onlar bu planı hələlik reallaşdırmaq niyyətində deyillər”.
Onun fikrincə, Ermənistana birləşmək qərarını yalnız Dağlıq Qarabağın özü qəbul edə bilər.
Giro Manoyan deyib ki, onun partiyası Bakı Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımayınca, Azərbaycana hər hansı güzəştlərin edilməsini istisna edir.
Manoyanın fikrincə, Ermənistan hökumət rəsmilərinin “Qarabağ tanınarsa, müharibə olar” mülahizəsi tam əsassızdır.
Armenian Weekly saytı isə yazır ki, Manoyan öz partiyasının nə rusiyayönlü, nə də amerikayönlü olmadığını vurğulayıb.
Daşnaklar və statistika
Bu arada Armradio.am saytı 2 aprel seçkisi ilə bağlı keçirilmiş rəy sorğusundan yazıb.
1146 respondentin iştirak etdiyi rəy sorğusunun nəticələrini Gallup International Association təşkilatı Ermənistan filialının rəhbəri Aram Navasardyan təqdim edib.
Bu rəy sorğusunun nəticəsinə görə parlament üzvlüyü üçün lazım olan 5 və 7 faiz baryerini 9 partiyadan yalnız ikisi aşa biləcək. Onların arasında Daşnaksutyun partiyası yoxdur.
Rəy sorğusu əsasında tərtib olunmuş reytinq siyahısına 26, 4 faizlə Tsarukyan Alyansı başçılıq edir.
Hakim Respublikaçı Partiya 26, 4 faizlə ikinci yerdədir.
Bu cədvəldə 4-cü yeri tutan Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) respondentlərin yalnız 3, 9 faizinin səsini qazanıb.
Bu rəy sorğusunda başqa maraqlı nəticələr də alınıb.
Respondentlərin yalnız 12, 5 faizi həyatlarından tam razı olduqlarını bildirib. Həyatdan adamların 44 faizi qismən razıdır.
Rəy sorğusunun son sualı “Hazırda Ermənistanın üzləşdiyi üç əsas problem hansılardır?” idi.
Bu suala cavab olaraq respondentlərin 58, 1 faizi işsizliyi, 39, 9 faizi müharibəni, 28, 2 faizi isə ölkədən mühacirəti əsas problem adlandırıb.