Dağlıq Qarabağ münaqişəsinin həllinə vurulan düyünü açan olacaqmı?

0
542

Başa çatmaqda olan 2019-cu il də gözləntilərin əksinə olaraq Azərbaycanın qəlbində sağalmaz yaraya çevrilən Qarabağ münaqişəsinin həllinə olan ümidləri doğrultmadı. Artıq ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq münaqişənin həlli məsələsində həmsədrlər tərəfindən hər il səsləndirilən “Növbəti il problemin aradan qaldırılmasında həlledici il olacaq” kimi boğazdan yuxarı vədlər də eşidilmir. Əksinə münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən bəzi həmsədr ölkələr  Dağlıq Qarabağ separatçılarını açıq şəkildə dəstəklədiklərini gizlətmirlər. Bütün hallarda Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Yerevana sonuncu səfəri zamanı açıq şəkildə separatçıları dəstəkləyən bəyanat verməsi və separatçı rejimin nümayəndələrinin iştirakı olmadan münaqişənin həll edilməyəcəyini bildirməsi Moskvanın faktiki olaraq qondarma rejimi dəstəkləməsi kimi dəyərləndirilə bilər.  Bir müddət öncə Sergey Lavrovun Bakıya baş tutan  səfəri zamanı isə Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi ifadələr işlətməklə kifayətləndi və daha çox diqqəti iki ölkə arasında iqtisadi və hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə  yönəltdi. Əslində Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin dondurulmuş vəziyyətdə saxlanılmasına üstünlük verdiyi heç kimə sirr deyil. Yəni istənilən halda Azərbaycan-Rusiya əlaqələrinin ən yüksək səviyyədə inkişaf etdirilməsinin belə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə Moskvanın dəstək verəcəyinə ümid etməyə imkan vermir. Bu baxımdan münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupuna həmsədr olan digər ölkələrdən, eləcə də adıçəkilən qurumdan da nə isə gözləmək sadəlövhlük olardı.  ATƏT-in münaqişənin həllində hər hansı ciddi təsir vasitəsinə malik olmadığını adıçəkilən qurum rəhbərliyinin mətbuata verdiyi rəsmi açıqlamalar da bir daha təsdiq etməkdədir. Məsələn, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər Naziri Miroslav Layçak ötən həftə keçirilən mətbuat konfransında etiraf edib ki, ATƏT konsensusa əsaslanan təşkilatdır, onun öz qərarlarını məcburi şəkildə qəbul etdirmək kimi bir mexanizmi yoxdur. Mətbuat konfransında iştirak edən beynəlxalq hüquq üzrə araşdırmaçı, azərbaycanlı Təbriz Cəfərov isə bildirib ki,  ATƏT-in beynəlxalq hüquqa və prinsiplərə əsaslanan qərarları həyata keçirilmir, buna görə də ATƏT regionunda separatizm və separatizm hərəkatları meydana çıxır.  Təbirz Cəfərov Layçaka müraciətlə soruşub:

“Bəzi ölkələr beynəlxalq norma və prinsipləri, o cümlədən ATƏT-in qərarlarını pozur. Biz hələ də deyirik ki, “Siz bunu etməlisiniz, siz bunlara hörmət qoymalısınız və s”. Bəs, biz nə vaxt onlara deyəcəyik ki, “Siz bunu edəcəksiniz, buna hörmətlə yanaşacaqsınız, əks halda, sizi bunu etməyə məcbur edəcəyik”.

ATƏT-in fəaliyyətdə olan sədrinin soydaşımıza cavabı isə adıçəkilən qurumun münaqişənin həllində hər hansı təsiredici imkanlara malik olmadığını bir daha ortaya qoyub. Layçakın cavabından məlum olub ki, qurumda hər hansı bir məsələ ilə bağlı qərar qəbul edilməsi ona üzv olan ölkələrin hamısının razı olmasından asılıdır: “Bildiyiniz kimi, ATƏT konsensus əsaslı təşkilatdır. Hər bir qərar təşkilatın 57 üzvü tərəfindən razılaşdırılmalıdır. ATƏT-in öz qərarlarını kiməsə məcburi şəkildə qəbul etdirmək kimi bir mexanizmi yoxdur. Bunu hətta BMT Təhlükəsizlik Şurasında etmək belə çox çətindir. Lakin 57 üzv ölkə tərəfindən razılaşdırılan qərar ATƏT-in öhdəliklərinin bir hissəsi olur və bu, siyasi öhdəlik, həmçinin, siyasi təzyiq yaradır. Bütün bunlar kodeksdə əksini tapır. Ölkələrə bildirilir ki, nəyi etmək və etməmək bu kodekslərdə yazılıb. Əgər sən bunu pozursansa, bu, siyasi və mənəvi təzyiqlərlə üzləşmənə səbəb olacaq. İstərdim ki, yalnız ATƏT-də deyil, digər beynəlxalq təşkilatlarda da elə bir mühit yaradaq ki, bu, ölkələrə norma və prinsipləri pozmağa imkan verməsin. Pozarsa, onun nəticələri ilə üzləşməkdən qaça bilməsin. Biz bunun üçün çalışırıq, bu, bir prosesdir və mərhələli aparılır”.

ATƏT-in Baş katibi Tomas Qremingerin  suala cavabı da Layçakındakından fərqlənməyib. O Təbriz Cəfərovun sualına cavabında bildirib ki, ATƏT davamlı olaraq ölkələrin cavabdehlik məsuliyyəti üzərində tənzimləmələr aparır:

“ATƏT-in Daimi Şurasında bir ölkə prinsiplərlə bağlı digərini sorğulaya bilir. Bəli, doğrudur ki, sanksiyalar və cəzalar yoxdur, lakin düşünürəm ki, ölkələrin öhdəliklərinə sadiq qalması və cavabdehlik məsuliyyəti üçün çox yaxşı bir platforma var”.

Bütün bunlar isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin o dövrdə məhz  ATƏT-in Minsk qrupuna tapşırılması öncədən supergüc dövlətlər tərəfindən düşünülmüş şəkildə münaqişənin həllinə vurulan ”Qordiyev düyünü” olub.

Diqqəti cəlb edən digər bir məsələ  isə hələ də ATƏT rəhbərliyi tərəfindən münaqişənin həllində məsuliyyəti qarşı duran tərəflərin üzərinə qoyma cəhdlərinin davam etməsidir. Buna misal kimi ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Giorgi Tseretelinin APA əməkdaşının sualına verdiyi ikibaşlı cavabı göstərmək olar. Onun iddiasına görə, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in potensialı böyükdür, lakin təbii ki, siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir. ATƏT-in çoxdan ölü bir quruma çevrildiyini, ona üzv olan ölkələrin hər hansı problemini həll etməyə qadir olmadığını ört-basdır etmək üçün o  bildirib ki, münaqişənin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər böyük önəmə malikdir və hər şeydən öncə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.

Giorgi Tsereteli: “ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan XİN başçısı ilə hazırkı hadisələri – qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı başadüşmə olmalıdır, bu, münaqişənin sülh yolu ilə həlli üçün vasitədir. Düşünürəm ki, onillər öncə meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir. Hər şeydən öncə Cənubi Qafqaz xalqları, Azərbaycan və Ermənistan münaqişənin həllində maraqlıdırlar. Bu görüşlərin dəyəri var və tamamilə əminəm ki, bu kontekst çox vacibdir”, – deyir.

Amma əgər qarşı duran tərəflər münaqişəni özləri həll edə bilsəydilər, onda vasitəçilərin yardımına da ehtiyac olmazdı. Necə deyərlər, vaxtı ilə münaqişənin həllini BMT çərçivəsindən çıxararaq onu ATƏT-ə həvalə edənlər problemin aradan qaldırılmaması, dondurulmuş vəziyyətdə saxlanılması üçün uzaq gedən bir gediş ediblər. Bununla da qeyd etdiyimiz kimi münaqişənin həllinə nə vaxtsa açılması inandırıcı görünməyən “Qordiyev düyünü” vurublar.

Konkret olaraq münaqişənin həlli ilə bağlı tərəflər arasında gedən danışıqlara gəlincə, burada da Ermənistanın onları himayə edən ölkələrə arxalanaraq problemin aradan qaldırılmasında vaxtudma siyasətini davam etdirməsi aydın şəkildə özünü  göstərməkdədir.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Bratislavada keçirilən və üç saatyarım davam edən görüşdə Bakı rəsmi şəkildə münaqişənin həllinin Madrid prinsipləri həlli əsasında mərhələli şəkildə mümkün olduğunu bəyan etdi. Eyni zamanda Azərbaycan münaqişənin həllinin Lavrovun təkilf etdiyi şəkildə 3+2 formatımda, yəni vasitəçi ölkələrin  və münaqişədə olan tərəflərin Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilməsinə razılıq verdiyi halda, qarşı tərəf bunu qəbul etmədi. Belə ki,  Nikol Paşinyan Xankəndində bəyan etdi ki, masada heç bir sənəd yoxdur və biz indiyə qədər “Madrid prinsipləri” ilə bağlı izahat almadıq.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlamasında deyib ki,  ya XİN rəhbərləri danışıqlar formatı ilə bağlı Lavrovun “3+2” təklifini müzakirə edirlər, amma qərar qəbul etməyə hazır olmadıqları üçün, fikirlərini açıq bildirmirlər, ya da ümumiyyətlə Lavrovun təklifi rədd edildi.

Beləliklə, münaqişənin həlli məsələsində Bratislavada qarşı tərəfin qeyri-konstruktiv mövqeyi nəticəsində yenidən ortaq məxrəcə gəlmək mümkün olmayıb.  Tərəflər arasında gələn ay yenidən görüşün  keçiriləcəyi barədə əldə edilən razılığa gəlincə, ondan da nə isə gözləmək olmaz. Necə deyərlər Dağlıq Qarabağ münaqişənin həllinə vurulan “Qordiyev düyünü”nün  dinc danışıqlar vasitəsi ilə açılması inandırıcı görünmür…

Əziz Mustafa

Arazinfo.com