“Dəmir yumuruq” başlarına enənədə yalvarmağa başlayırlar
Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi.
Azərbaycan dövləti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq hər zaman hər cürə bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyannaməsindən imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistanın Baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyan ağır məğlubiyyətə uğradı.
Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də sonradan bu razılaşmanı yerinə yetirmədiyi açıq aşkar göründü. Bu gün Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Ermənistanın Baş Naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq.
Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və Ermənistan ordusunun təmas xəttinə yaxın hərbi texnikalarını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu təxminən 100 kv.km-lik ərazini və hakim yüksəklikləri ələ keçirdi.
Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazişinin imzalanması prosesini pozmağa çalışır. Əslində ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir və Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir və milyard dollar xərcləyərək aldıqları hərbi texnikaları, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilir.
Gülnaz Məmmədova-Mərkəzləşdirilmiş kitabxana sisteminin işçisi