Cümhuriyyətlə bağlı beynəlxalq elmi konfrans keçirilib

0
599

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Arazinfo.com-a AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.

Tədbirin təşkilatçıları Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur.

Elmi konfransı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq konfrans iştirakçılarını salamlayıb.

Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: “Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə – 100 il əvvəl verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”.

Akademik bildirib ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: “Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib”.

Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri Tofiq Mustafazadə konfrans iştirakçılarına 25 yaşlı təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib: “Azərbaycan Tarix Qurumu” Tarix İnstitutu ilə birgə böyük konfranslar təşkil edib”.

Milli Məclisin deputatları Fəzail İbrahimli və Fəzail Ağamalı, tarixçi alimlər Anar İsgəndərov, Mehman Süleymanov, Nigar Maksvell, Nejdet Karaköse, İradə Məmmədova və başqaları bildiriblər ki, Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

Beynəlxalq konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir”, “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” və “Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti” bölmələrində fəaliyyət göstərib.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

Beynəlxalq elmi konfransda “Cümhuriyyət parlamenti və ordu quruculuğu məsələləri”, “Azərbaycan Xalq Cümhuriyyətində dövlət-din münasibətləri təcrübəsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin Kayzer Almaniyası ilə münasibətlərinə dair (alman arxiv sənədləri işığında)”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropa neft şirkətlərinin fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti Amerika mətbuatında: “Nyu York Tayms” və “Vaşinqton Post” qəzetlərinin materialları əsasında” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans dekabrın 1-dək davam edəcək.