Cümhuriyyət nazirinin qapısında partlayan bomba -Baş tutmayan sui-qəsd

0
722


Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq.
Bu dəfə Azərbaycan Cümhuriyyətinin hərbiyyə naziri Səməd bəy Mehmandarovdan, daha doğrusu, onun üzləşdiyi sui-qəsd haqqında məlumat verəcəyik. General Mehmandarovun qapısının ağzında partladılan bomba onun üçün zərərsiz ötüşsə də, bu fakt uzun müddət müzakirə olundu.
Demək, Don, Terek və Kuban baş dairəsi nümayəndələri Mixail Zazuliya, Nikolay Baqiyev və Pyotr Kovalyov Azərbaycan Cümhuriyyətinin hökumət başçıları ilə görüşmək üçün Tiflisdən Bakıya gəlirlər. Onlar Azərbaycanın hərbi naziri tam topçu generalı Səmədbəy Mehmandarovu ziyarət məqsədi ilə Sahil (Neftçilər) küçəsində yaşadığı 51 nömrəli evi də ziyarət edirlər. Bir saatlıq söhbətdən sonra binadan çıxıb, faytona əyləşəndə gözlənilmədən faytonun arxasında çox güclü bomba partlayır. Zazuliya özünü kənara birinci tullayır, onun dalınca Kovalyov düşəndə faytonun kənarına ilişib yıxılır, Baqiyev sıçrayanda ikinci bomba eyni şiddətlə partlayır. Yan-yörəyə səpələnən qəlpələrdən Kovalyovun sol əli, hərbi nazirin qapısı ağzında növbədə olan Qulu Məmməd oğlunun üzü yaralanır. İkinci növbətçi Rəsul Mikayıl oğlu bombanı atıb qaçan üç nəfər sui-qəsdçiyə tapançadan atəş açır, lakin güllələr hədəfə dəymir.
O dövrün bilicisi, yazıçı Manaf Süleymanov özünün məşhur “Eşitdiklərim, gördüklərim və oxuduqlarım” kitabında həmin hadisə barəsində bunları yazır:
“Hərbi nazir Mehmandarov partlayış səsinə küçəyə, hadisə yerinə gəlir, tələsdiyindən papağını da qoymağı unudur. Tezliklə hər şey aydınlaşır. İçərişəhərdə bir dükanda naməlum bir şəxs yaxalanır – qara paltoda, başında kepka, cibindən çıxan iki pasportdan onun şəxsiyyəti müəyyənləşir: Filipp Fenoqenoviç Novıkov. Onun üstündə 2 bomba, tapança, 9 dənə patron, 275 manat Azərbaycan pulu varmış. Novikovu liman polis şöbəsinə gətirirlər. Daxili işlər naziri və onun iki müavini, ədliyyə nazirinin müavini, general qubernator Tlexas, qalabəyi Yusifov, şəhər komendantı general-mayor Firidunbəy Vəzirov, polismeyster Mirzəyev və məhkəmə palatası prokuroru Nəzərov hadisə yerinə gəlirlər. Polis şöbəsinə dəvət edilən nümayəndələri sorğu-sual etdikdə, yağış olduğundan sui-qəsdçiləri görmədiklərini, tanıya bilmədiklərini söyləyirlər”.
İstintaq prosesində hərbi nazirin mühafizəçiləri üç nəfər bomba atanın birisi Novikovun olduğunu təsdiq edir. Təsadüfən, yoldan keçən 14 yaşlı gimnaziya şagirdi Baraşvili də Novikovu geyimindən tanıyır və deyir ki, bomba atanlardandır. Novikov sərxoş olduğundan əvvəl diş texniki olduğunu, Bakıda işlədiyini, hadisə yerinə təsadüfən gəlib çıxdığını, bomba tullamadığını söyləyir. Üstündə tapılan bombaları ona tanımadığı, naməlum gürcünün verdiyini deyir.
Bəs bu Navıkovun özü kim olub və ən əsası, kimin sifarişini yerinə yetirib? Yuxarıda adını çəkdiyimiz mənbədə bu suala qismən də olsa cavab verilir:
“Novikovu polismeyster Rüstəmbəy Mirzəyevin iştirakı ilə təkrar dindirəndə deyir ki, Batumda “Amur” gəmisində ocaqçı işləyib, içki məclisində gürcü yoldaşları onu şirnikdirib Bakıya gətiriblər, “Astrabad” hərb gəmisinə işə düzəldəcəklər. Onun üçün təfavütü yoxdur, hara olursa-olsun, təki araq, şərab olsun. Bu ilin (1920) fevral ayının 7-də Bakıya gəlib. Hər iki pasportu da gürcülər ona verib, saxta pasportları da ona gürcülər düzəldib. Novikov əvvəlcə Nobel qardaşlarının 172-ci mədənində işə düzəlir, amma bir həftədən sonra oradan çıxır. Balaxanı küçəsində Yakov, ya da ki, Əli adlı tatarın otağında yaşayıb. Bekar-bekar veyillənirmiş. Bakıda Qriqori adlı bir gürcü ilə tanış olur. Axır günlərdə Parapetin yaxınlığında, zirzəmidəki meyxanada gürcülərlə içib kef eləyirmiş. Martın 11-də səhər saat 8-dən 11-ə qədər onu bərk içirdiblər; meyxana yiyəsi də onlarla içirmiş. Gürcülərdən biri bomba doldurulmuş bir karzinka gətirir; ona iki dənə bomba, bir də “Parabellyum” markalı tapança verirlər. Bulvara göndərirlər. Gürcülər özləri isə, içərisində 12 bomba olan karzinka ilə “Metropol” mehmanxanasına gedirlər; dediklərinə görə orda tanışları var imiş. Novikov bulvara gedəndə yolüstü İçərişəhərdəki örtülü bazara girib, orada da onu tutublar”.
Sonradan Novikovun söyləntilərindən yola çıxan prokuror, polismeyster və digər vəzifə sahibləri Parapetin yaxınlığındakı şərab anbarı və “Qruziya” meyxanası olan zirzəmiyə yollanırlar. Lakin axtarış zamanı heç nə tapa bilmirlər. Meyxana sahibi Qriqori Davidoviç Paridzeni çəkməçi dükanında tapırlar. Çəkməçi emalatxanasının yiyəsi Lavrenti Stepanoviç Sikulyadır. Bunlar Novikovun dediyi gürcülər idi. Onların yanındakı ucaboy, cüssəli naməlum gürcü Novikova iki bomba və bir tapança verib. Gürcülər həbsə alınır, evləri axtarılır, heç nə tapılmır:
“Təzədən istintaqa başlayanda Novikov deyir ki, 8-ci polis şöbəsinin əməkdaşı Tatarenko da zirzəmidə idi. Yoxlayış nəticəsində məlum olur ki, Tatarenko martın 12-də səhərdən polis şöbəsində növbətçi olub, heç yerə getməyib, verilən telefonoqramları qeyd dəftərinə yazıb, 8-ci şöbənin pristavına xidmət raportu verib. Mixaylovsk xəstəxanasının aşpazı Ağa Hacı oğlunu gətirib sorğusuala başlayıblar. O, valideynləri getdiyinə görə elan yazıb pəncərəyə asıbmış ki, tək, subay adama otaq kirayəyə verir. Novikov gəlib otağı kirayələyib, dostunu da yanına gətirib. Sakit dolanırdılar, tez-tez harasa gedirdilər. Novikov arabir içib sərxoş olurdu. Yanlarına şübhəli adamlar gəlmirdi. 20 gündən sonra kirayə pulunu vermədiyinə görə Ağa Hacı oğlu onları qovur. Ondan sonra rastlaşmayıblar”.
Partlayışın zərərləri
Hərbi nazirin yaşadığı ikimərtəbəli mülkün üst mərtəbəsindəki pəncərələrin şüşələri sınır. Növbətçilərin hər iki budkası zədələnir, sağ tərəfdəki isə yerindən tərpənir, taxtalar çatlayır. Partlayış yerində çuqun və qurğuşun qəlpələr  aşkarlanır. Məlum olur ki, bombalar əllə hazırlanıb. Forma və görkəmləri yarımsilindrikdi. İş hərbi səhra məhkəməsinə verilir. Mart ayının 19-da Novikov əlavə məlumat verir:
“28 yaşım var. Orlov quberniyasındanam. Baltik donanmasında “Amur” kreyserində matros olmuşam. Axır vaxtlarda Tiflisdə və Bakıda yaşayırdım. Mən, İvan Levin və Razin tapşırığa görə Don, Terek və Kuban baş dairələrinin nümayəndələrini öldürməli idik. Dallarınca Aleksandropol şəhərinə getmişdik. Fikrimizdən daşınıb Tiflisə qayıtmalı olduq. Sonra həmin nümayəndələrlə bir qatarda Bakıya gəldik. İstəyirdik stansiyada onlara bomba ataq, adam çox idi. Günahsız adamların yersiz ölümünə səbəb olmaq istəmədik, həm də polis məmurlarının orada hərlənməsi mane oldu. Nümayəndələrin “Metropol”da yerləşdiklərini bizə bildirdilər. Marşrutları öyrənib izləməyə başladıq. «Metropol»dan çıxanda istədik bomba ataq, yenə qələbəlik mane oldu. Faytonda hərbi nazirin evi olan yerə gəldik. Münasib yerdə dayanıb, nümayəndələrin çıxmağını gözləyirdik. Şəxsən mən mühafizlərdən birinə (üzündən yaralanana) yaxınlaşıb, rus dilində xəbərdar etdim ki, uzaqlaş, indi burada partlayış olacaq, buradan çıx get…
Çox təssüüf olsun ki, sonradan bu sui-qəsd hadisəsi bir o qədər də çox araşdırılmadı. Həm də buna çox da vaxt olmadı. Çünki Mehmandarovu o zaman öz şəxsi təhlükəsizliyi yox, hər şeydən vacib bildiyi bir məsələ daha çox maraqlandırırdı-Azərbaycan ordusunu formalaşdırmaq!(modern.az)

BIR CAVAB BURAXIN