Cümhuriyyət düşmənlərinin adları yaşamaqda davam edir

0
1002

SSRİ 28 ildir dağılıb, amma hələ də paytaxt Bakıda onlarla küçənin adı o dövrlə bağlıdır.
Arazinfo.com-un Yeniavaz.com-a istinadən verdiyi xəbərə görə,  Milli Məclis yanında Toponimiya Komissiyası tərəfindən bu cür küçə adlarının dəyişdirilməsilə bağlı tədbirlər görülsə də, yenə də sovet dövrü ilə bağlı adlara rast gəlmək mümkündür.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illliyi dövlət səviyyəsində qeyd olunsa da, hələ də paytaxt küçələrinin bəziləri Cümhuriyyətin süqutunda xüsusi rol oynamış şəxslərin adlarını daşıyır.
Sovet dövrünə aid olan, həmçinin Cümhuriyyətin süqutuna çalışan şəxslərin adını daşıyan küçələrdən bəzilərini təqdim edirik:
– Ayna Sultanova küçəsi – Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı olub. 1918-ci il Mart soyqırım zamanı bolşevik mövqeyini dəstəkləyib. Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Şamyanın rəhbərliyi ilə yaradılan kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə fəaliyyət göstərib. Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərib.
– Həmid Sultanov küçəsi – Həmid Sultanov Azərbaycan SSR-nin Daxili İşlər Naziri (28.04.1920 – 01.06.1921) olub. Gəncə üsyanını dağıdanlara başçılıq edib. Firidun bəy Köçərli Həmid Sultanov tərəfindən təsdiq edilən hökm ilə güllələnib.Ayna Sultanovun həyat yoldaşı olub. 1920-ci ildə Sovet Rusiyasına qarşı qaldırılan Gəncə üsyanını qan içində yatırılmasında fəal iştirak etdiyinə görə Həmid Sultanova orden verilib.
– Ruhulla Axundov küçəsi – Ruhulla Axundov Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.
– Çingiz İldırım küçəsi – Çingiz İldırım Petroqradda inqilabi hadisələr başlayan zaman bolşeviklərə qoşulub. O, 1917-ci ilin 25 oktyabrında Qış Sarayının alınmasında iştirak edib. Çingiz İldırım 1918-ci ildə Petroqradda ilk dəfə olaraq müsəlman hərbi eskadronu (“İldırımiyyə”) yaradıb. 1919-cu ilin əvvəlində Çingiz İldırım Azərbaycana qayıdıb və Cümhuriyyət donanmasının komandanı vəzifəsini alıb. Həmin vaxt Qarabağın general-qubernatoru onun əmisi oğlu Xosrov bəy Sultanov olub. 27 aprel gecəsi komandanlıq etdiyi Cümhuriyyət donanmasından 3 rəngli Azərbaycan bayraqlarını çıxardaraq qırmızı bolşevik bayrağı asıb. Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan AXC ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim edib. 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: “2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!” adlı nota göndərərək 23 ay ömür sürən Müstəqil Azərbaycanın varlığına son qoylmasına yardım edib. Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz İldırım aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunub.

– Orjenikidze küçəsi – Ordjonikidze Stalinlə birgə Bakıda inqilabçı kimi fəaliyyətdə olub. Cümhuriyyətin süqutunda və  Azərbaycan SSR-nin qurulmasında xidmətləri olub.

– Məşədi Əzizbəyov küçəsi – Məşədi Əzizbəyov daşnak Şaumyanın rəhbərlik etdiyi, əsasən ermənilərdən təşkil olunan Bakı Xalq Komissarları Sovetinin 26 üzvü arasında təmsil olunan yeganə azərbaycanlı olub. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetində quberniya komissarı, sonra xalq daxili işləri komissarının müavini işləyib. O, 1918-ci il mart ayının sonlarında Bakı şəhərində daşnaklar tərəfindən müsəlman əhalisinin qətliamı törədilərkən Bakı Kommunasında məsul vəzifə tutub. Onun adı rayondan (indiki Xəzər) və metro statsiyasından (indiki Koroğlu) götürülsə də, hələ də paytaxtda onun adını daşıyan  küçə mövcuddur.

(Fotoda Məşədi Əzizbəyov)

– Qəzənfər Musabəyov küçəsi – Qəzənfər Mahmud SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutub.. 
– Dadaş Bünyadzadə küçəsi – Dadaş Bünyadzadə Azərbaycan KP təşkilatçılarından və yaradıcılarından biri olub.  1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycanda fəaliyyət göstərən kommunist təşkilatların I qurultayı qeyri-leqal şəraitdə çağırılıb. D.Bünyadzadə qurultayda fəal iştirak edib və təşkilat məsələsi haqqında məruzə edib. O, qurultay tərəfindən yeni yaradılan AK(b) P MK-ya üzv seçilib.  Sonra o, hərbi inqilab qərargahının, onun əməliyyat qurumunun üzvü seçilir və fəhlə döyüş dəstələrinin təşkil olunmasına, silahlandırılmasına rəhbərlik edir. 1920-ci il martın 15-də Bakı Fəhlə klubunda mitinq keçirilib. D.Bünyadzadə bu mitinqin təşkilatçılarından və fəal iştirakçılarından biri olmuşdur. Mitinqin keçirilməsindən xəbər tutan polis onun təşkilatçılarını, o cümlədən D.Bünyadzadəni də həbs edir. Hökumət orqanları onu AXC-yə qarşı silahlı üsyan hazırlayan qurumun üzvü kimi güllələnməyə məhkum edir. D.Bünyadzadəni bu ölümdən 1920-ci il aprelin 28-də edilən bolşevik çevrilişi xilas edib.

(Fotoda Dadaş Bünyadzadə)

– Vasiliy Çapayev küçəsi – Vasili Çapayev  XX əsrin əvvələrində Rusiyada yaşanan vətəndaş müharibəsi qəhrəmanlarından biri, Qızıl Ordunun komandiri olub.
– Maligin küçəsi – Sovet İttifaqı Qəhrəmanı
Bunlardan başqa hazırda Binəqədi və Xəzər aryonlarının ərazisində Sovet dövründən qalan Kolxoz, Oktyabr,  Pioner, Rezervuar, İzlivnoy, Baksol, Stoydetal kimi küçə adları da qalmaqdadır.