Çovdarovun məhkəməsində qalmaqal: “Bu adam minlərlə baş kəsib…”

0
575

11

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və onun tabeliyində olmuş idarə rəislərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasını keçirməyə növbəti dəfə cəhd olunub.

Artıq Əki dəfə təxirə salınmış iclas saat 11:00-da başlamalı olsa da, Çovdarovun hər iki vəkilinin – Kamandar Nəsibovun və Elxan Qasımovun gecikməsi üzündən saat 12:20-də başladı. Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov saat 11:50-də iclasa vəkillərsiz başlamağın mümkünlüyü barədə təqsirləndirilən Akif Çovdarova müraciət etsə də, general buna qəti etirazını bildirdi.

Xeyli gecikdirildikdən sonra başlamış iclas, əsasən, vəkil Kamandar Nəsibovun çıxışları və hakimin onu sakitləşdirməyə çalışması, həmçinin dövlət ittihamçısının etirazları ilə yadda qaldı.

“56 cild yox, 60 cild imiş” və daha 20 gün tələbi

Çıxış üçün soz istəyən vəkil Kamandar Nəsibov bildirdi ki, cinayət işinin materialları ilə tanış olmaq üçün ötən iclasda ona verilən vaxt yenə bəs etməyib. Virtualaz.org bildirir ki, oktyabrın 19-da 56 cilddən 30-nu oxuduğunu deyən vəkil, bu günə kimi artıq 41 cild oxuduğunu bildirdi, amma cinayət işi ilə tam tanış olmaq üçün vaxtın çatışmadığını səbəb göstərdi. “Məlum oldu ki, iş əvvəl bildiyim kimi, 56 deyil, 60 cilddən ibarət imiş”, – deyən Kamandar Nəsibov məhkəmədən iclası daha 20 gün təxirə salmağı xahiş etdi və müvafiq vəsatət təqdim etdi.

 

“Nə deyirsən sən? Düz danışmırsan”

Hakim vəsatət qaldırıldıqdan sonra iclasda iştirak edənlərin bununla bağlı fikirlərini öyrəndi. Akif Çovdarov üzünü vəkili Kamandar Nəsibova tutaraq dedi: “Deyirsən gündə 4 cild oxuyuram. Nə deyirsən sən? Düz danışmırsan. Mən gündə 2 saat otura bilirəm. Həmin vaxtda cinayət işini ancaq vərəqləmək olar”.

Virtualaz.org məlumat verir ki, digər təqsirləndirilənlər də vəsatətin təmin olunmasını istədilər.

Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənlərə və onların vəkillərinə işin materialları ilə tanış olmaq üçün indiyə kimi kifayət qədər vaxtın verildiyini bildirdi və vəsatətin təmin olunmamasını istədi.

 

“Sənin başın yerindədir amma”

Zərərçəkmişlərin vəkilləri söz alaraq, Kamandar Nəsibova hörmət etdiklərini, amma bu məsələnin artıq süründürməçiliyə bənzəməyə başlamasını bildirdilər. “Mənə belə gəlir ki, bununla Çovdarov hamıya mesaj vermək istəyir ki, mən hələ də sizə fiziki və mənəvi təzyiqlərimi davam etdirirəm”, – bunu vəkillərdən biri söylədi.

İclasda iştirak edən zərərçəkmişlərdən biri üzünü təqsirləndirilənlərin vəkillərinə tutaraq “Bu adam minlərlə baş kəsib, onun nazı ilə hələ çox oynayacağıq?” sualını verdi. Vəkil Kamandar Nəsibov sualı cavabsız qoymadı: “Sənin başın yerindədir amma”.

Mübahisə bir qədər də davam etdikdən sonra məhkəmə kollegiyası qərar çıxarmaq üçün müşavirəyə getdi. Təxminən yarım saatlıq fasilədən sonra hakim vəsatətin qismən təmin dildiyini və növbəti iclasın noyabrın 10-na təyin olunduğunu bildirdi.

 

Bir də təxirə salınacaq?

Hakimin qərarı səsləndirməsindən dərhal sonra təqsirləndirilənlərin vəkilləri bildirdilər ki, çərşənbə axşamı və cümə axşamı günləri onlar Binəqədi rayonunda baş vermiş yanğınla əlaqədar cinayət işi üzrə məhkəmədə iştirak edirlər və məhkəmənin noyabrın 10-na deyil, başqa günə təxirə salınmasını istədilər.

Bu vəsatət təmin edilmədi və hakim qərarını dəyişmədi.

Təqsirləndirilənlərin vəkilləri olmadan iclas keçirilməsinin mümkünsüzlüyü ilə bağlı sərgilədikləri davranışı əsas götürsək, noyabrın 10-da iclasın baş tutacağı sual altına düşür.

 

Akif Çovdarov xeyli arıqlayıb

Məhkəmə iclasının əvvəlində yanında əyləşmiş təqsirləndirilən Səlim Məmmədovla uzun-uzadı söhbət etməsinə baxmayaraq, sonradan Akif Çovdarovun başını qolunun üstünə qoyaraq, sanki “oturmağa halım yoxdur” işarəsini vurması diqqətdən yayınmadı.

Vəsatətin qismən təmin edilməsi barədə hakimin qərarını səsləndirməsindən azca əvvəl vəkil Kamandar Nəsibov nəsə xəbər vermək üçün Akif Çovdarovu şüşə qəfəsin kənarına dəvət etdi və onunla 1-2 dəqiqə şüşə qəfəsdəki nazik arakəsmə vasitəsilə pıçıldaşdı. Bu zaman Akif Çovdarovun son günlərdə çox arıqladığı və halsız olduğu göründü.

Virtualaz.org

BIR CAVAB BURAXIN