Çovdarovun evində aşkar edilənlər – 3 dəyənək, 3 ədəd 1 dollarlıq və daha nələr…

0
572

2005-ci ilin oktyabrında prezidentin qəfil fərmanı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad ediləndən az sonra MTN-də xüsusi əməliyyat keçirilmişdi və bu sistemin bir qrup yüksək rütbəli əməkdaşı, o cümlədən generalları həbs olunmuşdu. Ancaq MTN-in ən qəddar simalarından olan, Mahmudovun “sağ əli” və “kassiri” sayılan general Akif Çovdarov dərhal yox, dekabr ayında həbs olundu. Və MTN işini aparan istintaq qrupunun sanksiyası ilə digərləri kimi Çovdarovun da evlərində, villalarında axtarış aparılıb, onun törətdiyi cinayətlərin sübutu kimi istifadə olunacaq əşyayi-dəlillər götürülüb.

Bəs Çovdarovun evlərində aparılmış axtarışda müstəntiqlər nə tapıb götürüblər? Uzun illərdir sahibkarları çapıb-talayan bu general yığdıqlarını pul və qızıl şəklində evində saxlayırmış, yoxsa?…

Virtualaz.org xəbər verir ki, Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb. İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, “vurucu-əzici xassəyə malik soyuq silahdır”, təyinatı üzrə istifadəyə yararlıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi arayışda göstərilir ki,Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq qalıb.

Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb.

İstintaq müəyyən edib ki, Çovdarovun Badamdar qəsəbəsi ilə yanaşı Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur.

Beləliklə, məlum olur ki, Çovdarovun evindən xəzinə aşkar edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz. Lakin Mahmudovun işdən çıxarılmasından və MTN-dəki qruplaşmanın darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi…

BIR CAVAB BURAXIN