Ötən ilin oktyabr ayının 17-də MTN şefi Eldar Mahmudov tutduğu vəzifədən kənarlaşdırıldıqdan, adıçəkilən qurumdakı məlum həbslərdən sonra “General bandası”nın çoxsaylı cinayətləri üzə çıxdı. Uzun illər Mahmudov-Çovdarov qruplaşmasının əslində total şəkildə cinayətkarlıqla məşğul olduqları, bu iş üzrə zərərçəkənlərin ardı-arası kəsilmədən Baş Prokurorluğa şikayət etmələri bunu bir daha sübut etdi. Məlum oldu ki, MTN “çete”si işgəncə, hədə-qorxu və şantajla vəzifəli şəxslərin, iş adamlarının pullarını əllərindən alıb, onları müflis ediblər. Bu işgəncələrdən, təhdidlərdən qorxan, ağır stress keçirənlərin bəziləri isə sonradan ürək çatışmazlığından dünyasını dəyişib…
17 oktyabr 2009-cu il
Əntiq əşyaların satışı ilə məşğul olan Bakı şəhər sakini Əbil Vəzirov “Beşmərtəbə”dəki “Moda” mağazasını açarkən ağlına da gətirməzdi ki, ailəsinin qazanc yeri olan bu dükana görə təhdidlərlə üzləşəcək. Nə biləydi ki, adını eşitdiyi, heç vaxt qapısının kandarına ayaq qoymadığı quruma – MTN-ə aparılacaq, sorğu-sual ediləcək, hədələrə məruz qalacaq. Sonda müflisləşəcək, maddi və mənəvi sıxıntılara tab gətirə bilməyəcək, həyatını itirəcək.
17 oktyabr 2009-cu il. MTN-dəki məlum həbslərdən 6 il öncə. Səhər saatlarında adəti üzrə işə gələn Ə.Vəzirov bir qədər keçmiş dükanın qarşısında qara maşın dayandığını görür. Mağazanın qapısı açılır və qəflətən içəriyə iki nəfər daxil olur. “Çağırılmamış qonaq”lar özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra mağaza sahibindən və satıcılardan onlarla birlikdə getməyi tələb edirlər. Ə.Vəzirov “hara, nə səbəbə görə getməliyik?” deməyə belə macal tapmır. Mağazaya soxulanlar onu və satıcıları – Nailə Vəlibəyova və Leyla Məhərrəmovanı özləri ilə Beynəlxalq Hava Limanına aparırlar.
On saat MTN-də saxlanılan iş adamı
Zərərçəkmiş Şərəf Vəzirova ifadəsində göstərib ki, həyat yoldaşı Əbil Vəzirovun “Beşmərtəbə”nin yaxınlığında “Moda” suvenir mağazası olub. Həmin mağaza əntiq əşyaların satışı ilə məşğul olub. Həmin əşyaları ayrı-ayrı şəxslərdən alıb pərakəndə satışını həyata keçirməklə ailəsini dolandırıb.
2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları Əbil Vəzirovu və satıcıları Nailə Vəlibəyova ilə Leyla Məhərrəmovanı saxlayaraq özləri ilə birlikdə Beynəlxalq Hava Limanına aparıblar. Onları aparan şəxslər özlərini polis əməkdaşları kimi təqdim etsələr də, sonradan MTN əməkdaşları olması məlum olub. Leylanı yolda düşürüblər, Əbil Vəzirovla Nailə Vəlibəyova isə geri qaytarıb MTN-in inzibati binasına gətiriblər. Orada Ə.Vəzirova hədə-qorxu gəliblər, Mişa adlı şəxsə qanunsuz əntiq əşya satmasını etiraf etməyi tələb ediblər. Ə.Vəzirovu və Nailə Vəlibəyova 10 saatdan artıq MTN-də saxlayıblar.
“Çovdarov deyib ki, 200 min dollar gətir, əks halda…”
MTN-də olarkən Akif Çovdarov Əbil Vəzirovdan 200 min dollar gətirməyi tələb edib. Əks halda, onu da Mişa kimi həbs edəcəyi ilə hədələyib. Qanqsterin hədələrindən qorxuya düşən mağaza sahibi MTN-dən buraxılandan sonra dost-tanışa, qohum-əqrəbaya ağız açmalı olub. Ümumilikdə 80 min dollar toplayan Ə.Vəzirov MTN-ə gedərək həmin məbləği şəxsən Akif Çovdarova verib. Pulları alan Çovdarov “bu barədə bir adama bir kəlmə söz desən səni həbs edəcəyəm” deməklə mağaza sahibinə xəbərdarlıq edib.
Müflisləşən mağaza sahibi evini girov qoyub
Bu hadisədən sonra Ə.Vəzirov qorxusundan “Moda” mağazasını bağlayıb. Maddi vəziyyəti pisləşib, borcları ödəmək üçün bankdan kredit götürməyə məcbur olub. 2011-ci ildə iki dəfə kredit götürüb. Banka olan kreditləri bu günə kimi tam ödəyə bilməyiblər. Hazırda banka borcları var, yaşadıqları mənzil isə girovdadır.
Başına gətirilənlərdən qorxuya düşən, ağır stress keçirən Ə.Vəzirov ötən ilin oktyabr ayının 22-də qəflətən dünyasını dəyişib. Ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.
“Mişanı əli qandallı aparırdılar”
Zərərçəkmiş Nailə Vəlibəyova ifadəsində 2005-ci ildən MTN-ə aparılan günə kimi Ə.Vəzirova məxsus “Moda” mağazasında satıcı işlədiyini göstərib. 2009-cu ilin payızında səhər saatlarında işdə olarkən iki nəfər MTN əməkdaşı mağazaya gələrək Mişa adlı şəxsə suvenir satdıqlarını bildiriblər, onunla birgə satıcı işləyən Leylanı, onu və mağaza sahibini qara rəngli maşınla Beynəlxalq Hava Limanına aparıblar. Hava limanında olarkən Mişa adlı müştərilərinin qolu qandallı aparıldığını görüb. Bundan sonra onları MTN-in inzibati binasına gətiriblər. Yolda Basin (indiki Füzuli) küçəsi ərazisində Leylanı maşından düşürsələr də, onları MTN-ə apararaq sorğu-sual ediblər. Mişa adlı müştərinin qaçaqmalçılıq etdiyini, onunla əlbir olduqlarına görə həbs olunacaqları ilə hədələyiblər. Axşam saatlarında əvvəl satıcını, ondan bir neçə saat sonrasa dükan sahibini buraxıblar.
Ertəsi gün işə gələn mağaza sahibi satıcısına MTN-də ondan külli miqdarda pul tələb etdiklərini bildirir. Odur ki, satmaq üçün onlara antikvar əşyalar verən şəxslərə zəng vuraraq həmin əşyaları geri qaytarıblar. Bundan sonra isə Ə.Vəzirov mağazanı bağlayıb. (Virtualaz.org)