Noyabrın 14-də keçmiş MTN generalı Akif Çovdarovun məhkəməyə gətirilə bilməməsi ilə bağlı arayış qəbul olunmayıb, Çovdarov məhkəməyə gətirilib. O, vəkili Kamandar Nəsibovla görüş tələb edib, hakim bunu təmin edib. Hazırda Çovdarov vəkili ilə görüşür.
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işi üzrə məhkəmə iclası bu günə təyin olunmuşdu.
Çovdarov və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.
Akif Çovdarov vəkillərindən imtina edib. O, məhkəməyə bu haqda yazılı müraciət təqdim edib. Çovdarov bu addımını vəkillərinin heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfi kimi onlara heç bir imkan yaradılmaması ilə əsaslandırıb.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosu-na bildirib ki, müdafiə etdiyi şəxsin vəziyyəti ağır olduğundan o, məhkəməyə oksigen balonu ilə birlikdə gətirilib, məhkəmə zalında da üç həkim nəzarətində olub.
Vəkillər məhkəmə iclasında həmçinin Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz ediblər. Onlar etirazı hakimlər heyətinin işə obyektiv baxmaması, qərəzli olmasıyla əsaslandırıblar. Etiraz baxılmamış saxlanılıb.
Ötən prosesdə də Çovdarov məhkəməyə xərəkdə gətirilmişdi.
XATIRLATMA
A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi və 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.
A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.