ABŞ-ın Minnesota ştatından olan xanım Teresa Hamlin uzun müddətdir Azərbaycanda yaşayır. 2002-ci ildən burada müəllimə kimi fəaliyyət göstərən Teresa iki ildir ki, Azərbaycan corablarını xarici ölkəyə sataraq özünə kiçik biznes qurub. O burada yaşamaqdan və corablarımızı xaricə ixrac etməkdən məmnundur.
Azərbaycan dilində sərbəst danışan Teresa Hamlin Teleqraf.com-a bura gəlişi, “Azərbaycan corabları” şirkəti, ölkəmizin insanları, yeməkləri barədə səmimi söhbət edib.
– Teresa xanım, Azərbaycana gəlişiniz necə oldu? Gəlməmişdən öncə ölkəmiz haqda məlumatınız var idimi?
– Təəssüf ki, bura gəlməmişdən öncə Azərbaycan haqda heç bir məlumatım yox idi. Mən sizə bir söz deyim, ümumiyyətlə amerikalıların çox ölkə barədə məlumatı yoxdur. Kimsə siyasətlə maraqlanırsa, dünyagörüşü zəngindirsə onlar bilirlər. Azərbaycanda insanlar daha çox məlumatlıdırlar. Məsələn, xarici filmləri, aktyorları, siyasət adamları tanıyırlar.
Yaşadığım Minnesota ştatında universitetdə ingilis dili fakültəsində təhsil alırdım, orada bir qızla tanış olub dostlaşdıq. Həmin qız Bakıda böyüyən amerikalı idi. Atası Bakıda ingilis dili mərkəzi açmışdı. İş elə alındı ki, təhsilimizlə əlaqədar başqa regionlarda təcrübə keçmək şərt oldu. O zaman rəfiqəm mənə atasının Bakıda açdığı mərkəzdə təcrübə keçməyimi təklif etdi. Razılaşdım və beləliklə, 2002-ci ildə Bakıya gəlib, “İnternəşnl Löninq Senter”də (İnternational Learning Center) təcrübə topladım.
Mən bura bir illik təcrübə üçün gəlmişdim. İl başa çatanda həm direktor, həm də müəllimə kimi işləmək təklifi aldım. Yaxşı təklif idi, qəbul etdim. Çünki artıq buranı, burda yaşamağı sevmişdim.
İndi də hamı məndən burada niyə qalmaq istəməyimin səbəbini soruşur. Azərbaycanın insanlarını çox sevdim. Əcnəbi ölkənin vətəndaşı olaraq burada yaşamaq çox rahatdır. Hamı hörmət edir. Qonağa isə xüsusilə hörmət edirsiniz. Görün neçə ildir…Dostum, tanışım, işim burdadır.
– Valideynlərinizin bu qərarınıza münasibəti necə oldu?
– Amerikada övladlar 18 yaşına çatandan sonra valideynlərindən ayrılıb, müstəqil yaşamağa başlayırlar. ABŞ-da müstəqil yaşadığım region təhlükəli ərazi idi. Orada kinolardakı kimi qanqsterlər var idi. Bakıya köçəndən sonra valideynlərim buranı gəlib görəndə gözlərinə inana bilmədilər. Deyirdilər, bura təhlükəsizlik baxımından Amerikada yaşadığın regiondan min dəfə yaxşıdır. Ona görə rahat oldular və buranı sevdilər.
Amma əlbəttə, bura gəlməyənəcən narahatçılıqları var idi. Şərq ölkəsi olduğuna görə ilk ağla gələn burada da terroristlərin ola biləcəyi ilə bağlı fikirlərdir.
– Bakıya gəldiniz, ilk təəssüratınızı xatırlayırsınızmı?
– Üzərindən çox zaman keçib, onu xatırlamağım bir az çətindir. Amma yadımdadır ki, avtomobillərin səkilərdə saxlanılmasını başa düşə bilmirdim. Əvvəl-əvvəl küçədə hamıya salam verə-verə gedirdim, sonra öyrəndim ki, bu, yaxşı hal deyil. Avtobusda ya yerə, ya da göyə baxmalısan. Bu hallar mənə həm qəribə, həm də maraqlı gəlirdi, amma artıq öyrəşmişəm.
– Deyəsən, Azərbaycandan sonra Amerikaya qayıtmısınız, amma orada iş tapa bilməmisiniz.
– Bu fikrim yanlış anlaşılıb. Amerikada iş var, sadəcə istədiyim işlə məşğul olmaq üçün təcrübənin olması şərt idi. Əks halda bir neçə il əvəzedici pedaoqoq kimi çalışmalıydım.
– Bizim dildə sərbəst danışırsınız, öyrənmək çətin olmadı?
– Mən birinci il bura gələndə yaşlı qadınla yaşadım. O ingiliscə heç bilmirdi. Onunla him-cimlə danışırdıq. Mən nəsə istəyəndə göstərirdim, o da Azərbaycanda dilində onun adını deyirdi. Belə-belə, Azərbaycan dili ilə tanış olmağa başladım. Sonra üç aylıq kursa getdim. Ən önəmlisi də bütün günü insanların arasında olmağım idi, bu, mənə çox yardımçı oldu. Məncə, dili ən yaxşı öyrənməyin üsulu həmin ölkədə bir müddət yaşamaqdır.
Həmçinin Qusarda bir az ləzgi dili də öyrənmişəm.
“Anam məndən corab istədi”
– Bura pedaqoq kimi gəlib biznesmen qadına çevrildiniz. Toxunma corab biznesinə başlamağınızın səbəbi nə idi?
– Bu işə başlamağımın bir neçə səbəbi var. Uzun illər ingilis dili tədris etdim, yoruldum. Qusarda, Şahdağda çalışdım. İşlədiyim məktəbdə ixtisara düşdüm. Amma burdan getmək istəmirdim. Ona görə qərara gəldim ki, öz biznesimi yaradım. Əvvəlcə müstəqil ingilis dili tədris etmək qərarına gəldim, baxdım ki, Qusarda bu, geniş yayılmayıb.
Həmin ərəfələrdə Qusara gələn başqa müəllim korpusundan olan bir oğlan toxunma corab biznesi ilə məşğul idi. Amma geniş fəaliyyət göstərmirdi.
Anam rayona gələndə ona toxunma corab hədiyyə etdilər, uzun müddət o corabları geyindi, hətta cırılmış yerlərini yamayıb yenə geyindi. Sonra məndən o corablardan istədi.
Fikirləşirdim ki, əgər anam çox müxtəlif corabları alıb geyinə biləcəyi Amerikada yaşadığı halda bu corabları istəyirsə onda başqaları da istəyəcək. Ondan başqa amerikalı rəfiqəmin istəyi ilə ona Qusarda corab toxutdurdum. O, keyfiyyətli saplarla toxunmuş corablar istəyirdi. Minnesota soyuq ştatdır, ona görə bu cür corablara orada tələbat böyükdür. Belə səbəblər üst-üstə gəlincə, biznes fəaliyyətinə başladım.
– Qusarda mərkəzləşmiş yeriniz varmı?
– Orada bir qadınla fəaliyyətə başladım. Sonra yaxşı corab toxuyan qadınların sorağına düşdüm. Hazırda 25 qadınla çalışıram. Lerikdə, Lahıcda corab toxuyan qadınların olduğunu bilirəm, araşdırmalarım davam edir.
Mən çalışıram qadınlara elə bir iş üsulu yaradam ki, həm mənə, həm də onlara rahat olsun. Qadınların ev işləri olur, kimisi uşaq saxlayır, kimisinə əri işləməyə icazə vermir. Ona görə hər biri evində toxuyur, ən sonda mən gedib işləri onlardan təhvil alıram.
Bu mənə də sərf edir, adamları sevdiyimdən, evlərinə gedirəm, çaylarını içib, yeməklərindən dadıram, həmçinin işimi görürəm. İndi işimiz bir az da böyüdüyünə görə hamının evinə gedə bilmirəm. Bu işdə bəzi insanlar mənə kömək edir.
– Müxtəlif rəngli corablar istehsal edirsiniz. Amerikalılar hansı rənglərə önəm verirlər?
– Əsl ləzgi corabı qırmızı, qara, tünd çəhrayı rənglərin qarışığından olur. Qəribədir, siz təbii olmayan, şişirdilmiş rəngləri sevirsiniz. Biz isə əksinə… Sapların rəngləri baxımından bir az çətinlik çəkirik. Sapları istehsal edən zavod deyir ki, ancaq on rəngimiz var. Mən də corabları o rənglərdən istifadə edib toxutdururam. Halbuki daha çox rəngdən istifadə etmək istərdim.
Artıq biz yalnız yerli ləzgi corabı istehsal etməklə kifayətlənmirik, bu sıraya uzun, dekorativ corablar, əlcəklər, toxunma suvenirlər, gəlinciklər də əlavə etmişik.
– Özünüz toxuya bilirsinizmi?
– Uşaq vaxtı toxumuşam. Toxuma işi böyük səbr və diqqət tələb edir. O da məndə yoxdur. Mənim işim gəzmək, işi təşkil etməkdir.
– Bu corablara yerli tələbat varmı?
– Çox azdır. Müşahidələrimə görə deyə bilərəm ki, azərbaycanlılar əl işlərini çox da qiymətləndirmirlər. Bəlkə mən də bir az baha satıram. Amma mənim corablarım çox keyfiyyətli saplardan hazırlanır.
– Sirr deyilsə, Amerikada bu corabların satış qiyməti necədir?
– Amerikada bu corablar 20 dollara satışa çıxır. Nə orada, nə də burada butikim yoxdur, sadəcə mağazalarla işləyirəm. Ötən il bir az baha satmışam. Belə olan halda satış az olur. Mənə isə lazımdır ki, satış çox olsun ki, bu işi davam etdirim. Qadınların hamısı işləmək istəyir.
“Burada kişi basqısı çox güclüdür”
– Bütün həyatınızı burda qurmusunuz. Ailəlisiniz?
– Yox, subayam.
– Azərbaycanlı kişi ilə ailə qurmaq istərdinizmi?
– Çox populyar sualdır. Əgər mənə uyğun olsa və bu Allahın qismətidirsə, niyə də olmasın.
Amma bilirsinizmi, bizim ailə dəyərlərimizlə sizin ailə dəyərləriniz, qadın-kişi münasibətləri, onların ailədə hüquqları çox fərqlidir. Anamvə atam bu günə kimi bir-birilərini sevirlər, küçədə əl-ələ tutub gəzirlər. 45 ildir ailəlidirlər, amma indi də hər bir şeyi birlikdə edirlər. Bu nümunəni görəndən sonra mən də elə bir ailə istəyirəm. Yalnız uşağım olsun naminə ailə qurmaq istəmirəm.
– Ailə dəyərlərində fərqlilikləri bir az aydınlaşdırarsınızmı? Qərbdə ailə dəyərlərinin aşındığı ilə bağlı mütəxəssislərin müxtəlif fikirləri var. Sizin buna münasibətiniz necədir?
– Doğrudur. Mən dediyim nümunə mənim ailəmdədir, belə ailələr də Amerikada çox deyil. İndi vətəndaş nikahında yaşayan insanlar çoxdur. Kim necə istəyir elə yaşayır. Münasibət davam etmirsə, ayrılırlar.
– Sizcə, Azərbaycan kişisinin problemi nədir?
– Səmimi desəm, qadın və kişiyə münasibət eyni deyil. Daha çox kişi basqısı var. Kişi nə vaxt istəyir gedir, hara istəyir gedir. Bizdə kişi də uşaqlara baxır. Demirəm burda bütün ailələrdə belədir, tanıdığım bəzi ailələr var ki, kişi yeri gələndə qab da yuyur, uşaqlara da baxır, amma elə olduğu halda belə yenə gördüyü işi xüsusi vurğulayır. Bu da bərabər hüquqlu olmamaqdan irəli gəlir. Bizdə Amerikada ata da, ana da işləyir. Deməli, ikisi də evə baxmalıdır.
– Siz kinoya həvəsi olan gənclərə də dəstək olmusunuz…
– Tanıdığım insanlar idi, mənə Azərbaycan corabları ilə bağlı sənədli film hazırlamaq istədiklərini dedilər. Əlimdən gəldiyincə onlara yardımçı olmağa çalışdım. Filmdə mənimlə işləyən xanımların həyat hekayələri, corabların araya-ərsəyə gəlməsi ilə bağlı maraqlı məqamlar yer alır.
– Hazırda Qusarda yaşayırsınız?
– Bakıda qalıram. Qusarda bir ailə ilə yaşamışam. Elə bilirdim ki, o ailənin üzvüyəm, o uşaqlar mənimdir. İndi Bakıda da bir ailə ilə qalıram. Uşaqları çox sevirəm, ona görə ailədə qalmağı xoşlayıram. Qusara isə tez-tez gedib gəlirəm.
– Yayda Bakının istisinə dözə bilirsinizmi?
– Yox, dözmək çox çətindir. Yayda Qusara gedirəm.
“Yeməkləriniz bizim yeməklərdən yaxşıdır”
– Hansı yeməklərimizi xoşlayırsınız?
– Bütün yeməkləri. Seçim etmək lazımdısa dovğa, qutab, plov deyərdim. Qusarda tərəvəzləri bağdan gətirirlər, bu, çox gözəldir.
Azərbaycan yeməkləri Amerika yeməklərindən yaxşıdır. Amerikada tez -bazar yeməklər hazırlayırlar. Burda meyvə tərəvəzin dadı var, amma orda yoxdur.
Məncə, dadlı yemək çox əziyyətlə başa gəlir. Azərbaycanda qadınlar elə əziyyətlə başa gələn yeməklər hazırlayırlar ki, adam mat qalır. Məsələn, elə götürək qutabı. Bir neçə dəfə qutabın bişirilməsi prosesində olmuşam, hətta kömək də etmişəm. Xəmiri yoğurmaq, açmaq, göyərtiləri yumaq, doğramaq, necə çətin prosesdir, bir günün işidir. Amma axırda çox dadlı olur.
– Bizim yeməklərdən hansını bişirə bilirsiniz?
– Yaxşı bişirə bilmirəm.
– Ona görə ailədə qalmaqla yaxşı çarə tapmısınız…
– Mənim işim qaçmaqdır. Amma sizə deyim, ABŞ-a gedəndə evimizə qonaq gəldiyi zaman Azərbaycan yeməklərindən çalışıram nəsə bişirim.
– Deyəsən, səyahətləri də sevirsiniz.
– Elədir, Azərbaycanın təbiəti gözəldir. Şahdağ, Heydər, Tufandağ zirvələrinə çıxmışam. Ən çətini Tufandağ idi.