Çində böyük problem: subay kişilərin sayı 30 milyon olur

0
691

Gender bərabərsizliyi Çin üçün böyük problemə çevrilib. Çinli kişilər evlənməkdə çətinlik çəkirlər.

Çində kişilərlə qadınların sayı arasındakı fərq milyonlarla hesablanır. Bu, 2015-ci ildə dayandırılan “tək uşaq siyasətinin” nəticəsidir. Aradakı kəmiyyət fərqinin getdikcə artacağı proqnozlaşdırılır.

Mütəxəssislərin hesablamalarına əsasən, 2020-ci ildə Çindəki subay kişilərin sayı 30 milyonu keçəcək. Bundan başqa, sosioloqlar 2030-cu ilədək 30 yaşlı çinli kişilərin dörddə birinin subay qalacağını qeyd ediblər. Bildirilir ki, hazırda çinli kişilər arasında evlənmək üçün sanki yarış mövcuddur. Məsələn, ölkənin cənubundakı Quançjou şəhərində yaşayan bir kompüter proqramçısının sevdiyi qızın evlilik təklifini qəbul etməsi üçün 99 Ayfon aldığı deyilir. Lakin o, rədd cavabı alıb. Çinli subaylar üçün Yeni İl bayramı həmişə əlverişli məqam kimi dəyərləndirilib. Yanvarın sonu başlayıb fevralın ortasınadək davam edən festivallar ərəfəsində bir çoxları qohum və dostlarının evlərinə baş çəkir. Bu da subayların tanışlıq şanslarını artırır. Bundan başqa, Çində internet tanışlığı getdikcə daha geniş yayılır.

Bəzi kişilər isə evliliklə bağlı üzləşdikləri problem səbəbindən psixoloqlara və ya stilistlərə müraciət edirlər. Tələbkar valideynlərin suallarından yaxa qurtarmaq üçün bəzi kişilər saxta sevgililər kirayələyirlər.

Çinin ucqar ərazilərində vəziyyət daha çətindir. Belə ki, kişi maddi baxımdan ailəsini təmin edəcək vəziyyətdə olmalıdır ki, evlənə bilsin.(axar.az)

BIR CAVAB BURAXIN