Çin imperatorunu öldürmək üçün saraya atla girən TÜRK QADINI

0
607

Hər zaman gözəllikləri ilə birlikdə, qəhrəmanlıqları da dillərdə dastan olan Türk qadınları olub tarixdə. Məsələn, onlarla, yüzlərlə, lap elə minlərlə… Bu gün o minlərdən birinin  – Çin işğalına qarşı dirəniş göstərən Şərqi Türküstanın azadlıq mücahidi Dilşad Xatunun mübarizə yoluna nəzər salacağıq.

 

Şərqi Türküstanı öz ərazisinə qatmaq istəyən Çin İmperatoru Çien Lung bu məqsədlə Şərqi Türküstandakı qarışıqlıqdan istifadə edərək, işğalçı niyyətini gerçəkləşdirir.

 

Xoşkəpək bəyin Kuçar bəyi Xoca bəylə Hoten bəyə qarşı xəyanəti Çien Lungun işini daha da asanlaşdırır. Onun casusluğu sayəsində Xocaların və Kalmukların gücünü öyrənən imperator 1757-ci ildə Şərqi Türküstanı işğal etmək üçün güclü bir ordu göndərir. Xalq arasında aparılan yanlış təbliğatlar sayəsində bir neçə şəhər döyüşmədən təslim olur.

 

Bütün bunlara baxmayaraq, fədailər vətənlərini 2 il qəhrəmancasına müdafiə edirlər. Lakin 1759-cu ildə hər tərəfdən hücum edən Çin ordusu qarşısında müqavimət göstərə bilməyən Xocalar sülaləsinin iki lideri – Burhanəddin Xoca və qardaşı, Kiçik Xoca kimi tanınan Xoca Cahan azadlıq mücahidləri tərəfdarları ilə birlikdə Künlün Dağını aşaraq, Bədəhşan əmirliyinə pənah aparırlar. Lakin araları soyuq olduğundan əmirlər onları heç də yaxşı qarşılamırlar.

 

İmperator ordusunun komandanı Şao-Hui Bədəhşan əmrlərindən Xocaların təslim edilməsini istəyir. İşğalçı ordudan qorxan Bədəhşan əmiri hər iki qardaşı öldürüb, başlarını işğalçılara təslim edir.

 

…Dilşad Xatun Xoca Cahanın xanımıdır. O, imperator Çien Lungun Şərqi Türküstanı işğalı zamanı əri ilə birgə düşmənə qarşı döyüşərək, vətənin müdafiəsinə qalxmış qəhrəman bir Türk qadınıdır. Düşmənin güclü ordusu qarşısında müqavimət göstərə bilməyərək Bədəhşana sığındıqları zaman Dilşad Xatun da onlarla bərabər idi.

 

Köhnə adət…

news-detail

Qeyd edirlər ki, Çin imperatorlarının məğlub olan tərəfin şahzadələri ilə evlənərək düşmən tərəflə qohumluq bağları qurma adəti varmış. Dilşad Xatunun dillərə dastan olan gözəlliyini eşidən imperator Çien Lung, əcdadlarının yolu ilə gedərək həm belə gözəl bir qadına sahib olmaq, həm də Şərqi Türküstandakı müsəlman türklərinin dostluğunu qazanaraq, gələcəkdə baş verəcək hər hansı bir qiyamı önləmək istəyirdi. Bu məqsədlə Şərqi Türküstandakı Mançu ordusu baş komandanı Şao-Huiyə Dilşad Xatunun Pekinə gətirilməsini əmr edir.

 

Yuxarıdan gələn tapşırıq sayəsində hərəkət edən ordu komandanı, Bədəhşan əmiri Sultan Şahdan Dilşad Xatunun diri olaraq ona göndərilməsini tələb edir. Əmir onların bu istəyini rədd edir. Əmirdən rədd cavabı aldıqdan sonra Xatunu istəmək üçün bir neçə üləmanı Bədəhşana göndərir.

 

O ərəfədə ərinin öldürülərək, başının imperatora göndərilməsi xəbəri Dilşad Xatundan gizlədilmişdi. Silahdaşlarının həbsi, vətəninin işğalı Dilşad Xatuna rahatlıq vermirdi. Hər an düşünür, işğaldan qurtulmağın yeni yollarını arayırdı. Heyif ki, fələk onun arzu və düşüncələrinə qarşı çıxdı.

 

Bədəhşana gələn üləma Molla Səid Sultan Şahla görüşür. Dilşad Xatunu Kaşğar xalqının arzusu ilə istədiyini və ailəsinin yanına aparılacağını söyləyərək, Sultan Şahı aldadır. Sonra Dilşad Xatunla görüşən Molla Səid, onu da aldatmağa müvəffəq olur. Molla daha da inandırcı yalanlar uyduraraq, müsəlman xalqının zülm və işgəncədən çox şikayətçi olduğunu, çinli komandirin də “Dilşad Xatun imperatordan xahiş etsə, xilas olarsınız” dediyini və özünün də Kaşğar xalqının adından danışdığını bildirmişdi. Dilşad Xatun vətəninin və millətinin mənfəəti üçün hər cür fədakarlığa dözən bir qadın idi. Edilən təkliflərin onlar üçün faydalı ola biləcəyini düşünərək, təklifini qəbul edir.

 

Göz yaşları ilə yola salınan Dilşad Xatun iki yüz Türk əsgəri və bir Çin alayının mühafizəsi altında yola düşür, keçdiyi şəhərlərdə böyük hörmətlə qarşılanır.

 

Komandir Dilşad Xatunun kədərli olmasından narahat olaraq, “birdən intihar edər, başımı dardə salaram” qorxusuyla, ərinin sağ olduğunu, imperator tərəfindən bağışlanacağını və bir müddət sonra təkrar Kaşğara dönə biləcəyini söyləyir. Ərinin də xilas olması üçün şahzadənin Pekinə getməsinin şərt olduğunu dəfələrlə vurğulayır.

 

Üç aylıq yorucu səfərdən sonra karvan Pekinə çatır. Paytaxta çatar-çatmaz ərinin və digər qohumlarının öldürüldüyünü öyrənən Dilşad Xatun, bu xəbərdən sarsılsa da, düşmən qarşısında mərdi-mərdanə dayanır. Aldadıldığını anlayır və həmin an da qarşısına məqsəd qoyur: İmperatorun Şərqi Türküstandan çəkilməsini təmin etmək; bu baş tutmadığı təqdirdə imperator Çien Lungu öldürmək.

 

İmperatorun önündə…

Darqursaq imperator isə bütün Asiyada gözəlliyi və qəhrəmanlığı ilə şöhrət qazanan Türk Şahzadəsini görmək üçün səbrsiz olmuşdu.

 

Ziyarət günü Dilşad Xatun imperatorun hüzuruna çıxmadan öncə dəstəmaz alaraq namaz qılır, sonra da ətrafındakıların israrına baxmayaraq, xanım paltarları geyinməkdən imtina edir və çinlilərlə döyüşdüyü vaxt geyindiyi döyüşçü paltarlarını geyinərək, at üstündə döyüşçü kimi imperator sarayına gedir. Sarayın həyətində atdan enib iti addımlara saraya daxil olur. Ürəyində şərəfini qoruya bilmək üçün Allaha yalvarır, Onun böyüklüyünə güvənərək mərasim salonuna tərəf addımlayır. Qapılar açılır… Salona daxil olur…

 

Önündə vətənini işğal edən bir ölkənin imperatoru öz taxtında oturub, dövrəsində də bütün saray ərkanı. Hər kəsin baş əydiyi imperatora o, baş əymir. Bu vəziyyətdən pərt olan imperator yanında oturan anasına xitabən: “Sakit, o mənə çox qəzəblidir” deməkdən özünü saxlaya bilmir.

 

Ona imperator qarşısında olduğu və baş əyməsi üçün edilən xəbərdarlığa cavab olaraq: “Müsəlman olduğumu unutdunuzmu? Biz tək Allaha səcdə edərik. Üstəlik o, mənim düşmənimdir” deyir.

 

Neçə yüzillik imperatorluq sarayında, imperatorun hüzurunda baş verən bu itaətsizlik üzündən bütün saray ərkanı heyrət və qorxuya düşmüşdü. Bu hərəkət imperatora qarşı böyük bir təhqir sayılırdı, cəzası da ölümdü. Lakin imperator, Dilşad Xatunun bu davranışını anlayışla qarşılamışdı.

 

İmperatorun ayağa durub “Xoş gəldiniz” deməsi ilə, Dilşad Xatunun qılıncını çəkməsi bir olur. Ətrafda olanlar nəfəs belə dərmədən nə baş verdiyini anlamağa çalışırlar. Lakin Dilşad Xatun yaranmış həyəcanın əksinə, qılıncını sükunətlə imperatora uzadaraq:

– Bunu təslim olma kimi qəbul etməyin, qılıncımı sizə Çin əsgərlərinin Türküstandan çəkilmələri şərtiylə verirəm, deyir.

 

Dilşad Xatunun qılıncını alıb, sonara özünə qaytarır. İmperatorun anası bu hala çox əsəbiləşir, lakin imperator Dilşad Xatunun gözəlliyinə və cəsarətinə heyranlıqla tamaşa edir.

Çien Lungun Dilşad Xatundan olduqca xoşu gəlmişdi, lakin sevgisinin qarşılqısız qalacağını da yaxşı bilirdi. Buna görə də, zorla yox, gün keçdikcə, yavaş-yavaş özünə bağlamağı düşünürdü.

 

Sarayda keçən günlər…

news-detail

Dilşad Xatun, bundan sonra əsirlikdə keçən günlərini ibadətlə keçirməyə başlayır. İmperatorun anası bu türk qızının burada qalmasının təhlükəli olduğunu və yubatmadan geri göndərilməsini söyləsə də, oğlu təklifi qəbul etmir.

 

İmperator hərdən gedib onu ziyarət edir. Lakin şahzadə: “Əgər mənə toxunsan, həm səni, həm də özümü öldürərəm” deyərək, onu rədd edir.

 

Dilşad Xatunun bənzərsiz gözəlliyi ilə alışıb yanan imperator, nə yolla olursa olsun, şahzadəni məmnun etməyi düşünür və bundan başqa gözü heç nəyi görmür. Bu məqsədlə bir gün nədimi Ho-seni çağıraraq, şahzadəni şən görə bilmək üçün daha nələr edə biləcəyini soruşur. Ho-sen də sarayın içində küçəsi, baxçası və məscidiyilə bərabər, müsəlman məhəlləsi inşa etdirməsini tövsiyə edir. Beləliklə, şahzadə doğulduğu şəhəri xatırlayacaq və bəlkə bununla da kədərli üzünə bir az rəng gələcək. Bu fikir imperatorun ağlına necə batdısa, Türküstanın ən məşhur memarlarını gətirdərək, Dilşad Xatun üçün Türk arxitekturasına uyğun şəkildə bir məhəllə tikdirir. Üstəlik də, sarayın baxçasını Türküstanda olan ağac və çiçəklərlə bəzədir. Həmçinin də, müsəlman məhəlləsində yerləşdirilən həmvətənlərini rahatca seyr edə bilməsi üçün parkda bir qüllə də inşa etdirir. Hətta Dilşad Xatun yanındakılara: “mənim məmləkətimdə gövdəsi dəmirdən, yarpaqları gümüşdən ağaclar vardı. Onlardan da olsyadı, nə yaxşı olardı…”deyə, söyləyincə eşq dəlisi olan imperator həmin ağacları Türküstandan köklü-köməcli çıxartdıraraq, yük arabalarıyla gətirdib sarayın baxçasında əkdirmişdir. Bütün bunlardan sonra sarayda onun üçün Kaşğardakı hamamın eynisini tikdirir. Bir sözlə, paytaxt Pekində “Bala Türküstan” inşa etdirir.

 

Alınmamış intiqam…

news-detail

Bütün bunlardan sonra, təklifinin qəbul ediləcəyindən əmin olan imperator, Dilşad Xatuna evlənmə təklif edir. Şahzadə isə ona öz dinindən olmayan bir düşməniylə evlənə bilməyəcəyini söyləyir və təklifi rədd edir.

 

Oğlunun Dilşad Xatuna qarşı hörmət və ehtiramı anasını şübhələndirməyə başlamışdı. Bu səbədən də şahzadədən qurtulmağın yollarını düşünür. Öncə ona bir xəncər yollayaraq: “Ya evlənsin, ya da özünü öldürsün” deyə, xəbər göndərir. Dilşad Xatun: “Ölümdən qorxmuram, lakin görəcək işlərim var, intiqamımı almadan ölmək istəmirəm” cavabını göndərir.

 

Qəti cavabdan sonar imperatorun anası qorxuya düşərək çinli şahzadə ilə birləşir. Birlikdə hərəkət edərək, türk şahzadəsindən xilas olmanın axtarışına başlayırlar. İmperator isə hər il olduğu kimi, o günlərdə də Səma Məbədinə ibadətə gedəcəkdi. Adətdən irəli gələrək, məbədə getmədən üç gün qabaq gündəlik oruc və ibadət üçün xəlvətə çəkilincə, anası imperatorun yoxluğundan istifadə edərək qanlı planını həyata keçirməyə fürsət tapır.

 

Dilşad Xatuna saxta bir dostluq göstərərək, ona “Şəkillər sarayı”nı gəzdirməyi təklif edir. Bir müddət gəzib şəkillərə baxdıqdan sonra bir şəkilin qarşısında dayanaraq, Dilşad Xatunun diqqətini şəkilə yönəldir. Bu, Əmir Sultan Şahın əri Xoca Cahanın başını çinli komandana təhvil verdiyi anın şəkli idi. Şəkli görüncə dünya başına fırlanır və tez özünü əla alaraq düşmən önündə əyilmək istəyən qəddini düzəldir. İmperatorun anası: “Səni bizə düşmən edən və heç zaman unuda bilmədiyin səbələrdən biri də bu deyilmi? Səni oğulumu və dövlətimi qurtarmaq üçün aradan götürəcəm” deyərək xidmətçiləri çağırır. Dilşad Xatun tövrünü də pozmadan:

 

– Mən ölümdən qorxmuram, lakin intiqamımı ala bilmədiyim üçün çox üzgünəm. Mən ölməyi də bilirəm, mənə bir xəncər ver, sonra icazənlə dəstəmaz alıb namaz qılım. Şahzadənin dediklərinə məhəl qoymayaraq, çağırdığı xidmətçilərə onu iplə boğdurur.

 

Dilşad Xatunun sadiq xidmətçilərindən biri vasitəsiylə dəhşətli xəbəri öyrənən Çien Lung ibadətini yarıda saxlayaraq, hadisə yerinə qaçır. Amma çox gec idi. Sevdiyi qadını artıq uzaqdan da olsa, bir daha görə bilməyəcəkdi…

 

Heç bir zaman imperatorla evlənməyi qəbul etməmiş və qisasını almaq üçün yanında daim iti bir xəncər saxlayırmış. Çien Lungun evlənmə təkliflərini: “Dinimdən olmayan, məmləkətimi zəbt edən, ərimi və qohumlarımı öldürən biriylə əsla evlənə bilmərəm” deyərək, dəfələrlə rədd edir.

 

Düşmənin istəklərinə təslim olmaq bir tərəfə, həyatında bir dəfə də olsun çinli paltarı geyinmir. Türk ənənəsinə, adətlərinə sadiq qalır. Belə cəsur, məğrur olduğuna görə də, bu gün bütün Çində, Türküstanda bir iffət simvoludur.

 

Əldə etdiyimiz məlumatlara görə, məzarı haqqında iki rəvayət mövcuddur. Çinlilərə görə, böyük Mançu imperatorlarının qəbirlərinin oluğu yerdə – Tung Lingdə İmperator Çien Lungun məzarının yanındadır.

Ancaq Türküstanda xalq arasındakı məşhur rəvayətə görə, cənazəsi Kaşğara gətirilib, övliya “Xocam Hidayətullah”ın dəfn edildiyi türbədə torpağa tapşırılıb.

Vətənində Dilşad Xatun olaraq tanınsa da, çinlilər onu “Şiang Fei” adıyla tanıyır. Şiang Fei, “gözəl qoxulu şahzadə” mənasını verir. Bu söz eyni zamanda müqəddəs, ülvi mənasınıda da işlədilir…

BIR CAVAB BURAXIN