Ceyhun Mollazadə: ‘Bakıda Trump-ın adına bina olması heç də pis deyil…’

0
688

11Çoxlarının gözləmədiyi bir halda Donald Tramp ABŞ prezidenti oldu. İndi təhlilçilərin əsas narahatlığı onun seçki kampaniyası zamanı verdiyi ziddiyyətli vədlərə nə dərəcədə əməl edib-etməyəcəyidir.

Bu mənada ən böyük maraq və həyəcanı doğuran Trampın Rusiya prezidentiVladimir Putin barədə tərifli bəyanatları, Moskva ilə yaxşı münasibətlər qurmaq istəməsi barədə dedikləridir.

Bir çox təhlilçilər bu qənaətdədirlər ki, ABŞ-da prezidentin kim olmasından asılı olmayaraq Vaşinqtonun strateji maraqları dəyişməyib. İndiyədək belə strateji maraqlardan biri də Azərbaycan qazını Rusiyadan yan keçərək Avropaya çıxarmalı olan Cənub Qaz Dəhlizi layihəsi idi. İndi görəsən, ‘Putinə rəğbətli Tramp’ Rusiyadan yan keçən bu layihəyə necə baxacaq?

Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirir ki, Trampın prezidentliyi Cənub Qaz Dəhlizinə münasibəti dəyişməyəcək:

‘Əgər söhbət Cənub Qaz Dəhlizindən gedirsə, mən burada heç bir ziddiyyət görmürəm. Biz hələ ABŞ və Rusiya arasında münasibətlərin necə olacağını müşahidə edəcəyik, amma bu münasibətlər yaxşı olsa belə, qaz dəhlizinə bunun elə bir dəxli yoxdur. Çünki Amerika bu kəməri dəstəklədiyini bildirib. ABŞ bu mövqeyini bildirəndən sonra Moskva-Vaşinqton münasibətləri yaxşı da olub, pis də…Lakin Azərbaycan qazını Avropaya çıxarmalı olan bu qaz kəməri layihəsi ilə bağlı heç bir mövqe dəyişikliyi olmayıb’.

Bundan əvvəl Donald Trampın Azərbaycandakı biznes fəaliyyəti, onun Azərbaycanın siyasi elitası ilə münasibətləri istər ABŞ, istərsə də Azərbaycanın müxalif mediasında kifayət qədər kəskin tənqid olunub. Görəsən indi milyarderin biznes maraqları onun Azərbaycana münasibətlərini təsirləndirə bilərmi? Ceyhun Mollzadənin bu mövzuda fikirləri:

‘İlk növbədə bunu yada salmaq lazımdır ki, Donald Tramp Amerika qanunları çərçivəsində öz bizneslərini müvəqqəti də olsa təhvil verməli olacaq. Ola bilsin, bu biznesləri onun ailə üzvlərindən kimsə idarə edəcək, ola da bilsin o, bizneslərdən ümumiyyətlə imtina edəcək. Yəni o, bir prezident olaraq öz biznes maraqlarının sahibi olmayacaq.

Azərbaycanla münasibətlərə gəlincə isə, mən şübhə etmirəm ki, ABŞ-ın 20 yanvardan sonra işə başlayacaq yeni administrasiyası belə bir müttəfiqlə münasibətləri daha da möhkəmləndirməyə çalışacaq. Trampın administrasiyasına, milli təhlükəsilik sferası da daxil respublikaçılar cəmləşəcək. Azərbaycan hökuməti, ABŞ-dakı azərbaycanlı diaspora bir qayda olaraq respublikaçı administrasiyalarla sıx əlaqədə olub.

Respublikaçılar Azərbaycanın bu coğrafiyadakı yeri və əhəmiyyətini həmişə dərk ediblər. Odur ki, mən Trampın Azərbaycanla bağlı hər hansı probleminin olacağını zənn etmirəm. Əgər onun adına Azərbaycanda bir otel və yaxud bina da varsa, düşünürəm ki, burda ziyanlı bir şey yoxdur. Müsbət cəhəti isə budur ki, yəni bu adam Azərbaycan haqqında ən azı biliyə malikdir. Yəni burada bir problem yoxdur. Sadəcə olaraq Trampa milyarder biznesmen kimi yox, ABŞ prezidenti kimi baxmaq lazımdır. Bir daha bildirirəm ki, həm Tramp, həm də respublikaçılar Azərbaycanın bu regiondakı rol və əhəmiyyətini başa düşürlər və buna görə də Azərbaycanı dəstəkləyəcəklər’.

Belə bir qənaət də mövcuddur ki, Azərbaycan hakimiyyəti adətən Vaşinqtonda respublikaçı administrasiyalar olanda, daha rahat münasibətlər yaşayıb…

‘Əslində Azərbaycan rəhbərliyi həm demokratlarla, həm də respublikaçılarla yaxşı münasibətlərdə olub. Əsrin kontraktı, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi demokrat Bill Clintonun prezidentliyi dövründə başlanıb. Yəni burada, məsələn demokratlarla hansısa bir soyuq və yaxud respublikaçırala isti və mehriban münasibətlər axtarmağa dəyməz. Amma bu da qeyd olunmalıdır ki, respublikaçılar bir qayda olaraq keçmiş sovet respublikalarının müstəqilliyini demokratlarla müqayisədə daha qızğın dəstəkləyirlər. Respublikaçılar həmişə açıq mövqe bildiribləır ki, bu respublikalara müdaxilə etmək, onların işlərinə qarışmaq olmaz. Yəni bu mənada, Azərbaycan da müstəqillyini və demokratiyasını quran bir ölkə kimi respublikaçılarla sıx münasibətlərdə olub.

Xüsusən də söhbət Bush administrasiya dövründə Azərbaycana qarşı 907-ci maddəyə düzəlişin dondurulmasını xatırlamaq olar. Odur ki, həm Clinton, həm də Bush administrasiyasının Azərbaycana münasibəti yaxşı olub. Obama administrasiyasına gəlincə isə, xüsusilə də bu administrasiyanın ilk bir neçə ilində müəyyən anlaşılmazlıq baş verib. Məsələn, Azərbaycan Türkiyə-Ermənistan yaxınlaşmasına dair təşəbbüsün əleyhinə idi və bunu açıq bildirmişdi.

Yəni Obama administrasiyası bu məsələdə həm Türkiyə, həm də Azərbaycana təzyiqlər göstərmişdi…

Bunu təhlilçilər də qeyd edirlər ki, Obama administrasiyası Avropada, Yaxın Şərqdə elə bir Amerika maraqları görmürdü. Bu səbəbdən də Amerikanın maraqlar xəritəsində sanki müəyyən boşluqlar yaranmışdı’.

BIR CAVAB BURAXIN