Əziz Mustafa
Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında iştirak edəcək Çexiya yığmasını həm qoca, həm də cavan komanda hesab etmək olar. Bu da təsadüfi deyil. Çexiya yığması ötən əsrin 90-cı illərinə kimi dünya və Avropa çempionatlarında Çexosloavakiya adı altında çıxış edib və bu baxımdan şanlı futbol tarixinə malikdir. Belə ki, Birinci dünya müharibəsi başa çatandan sonra yaranan Çexoslovakiya 1920-ci ildə olimpiya oyunlarında debüt etdi və finala kimi irəlilədi. Finalda onlar Belçika komandası ilə görüşdülər və birinci yeri tutmağa namizəd hesab edilirdilər. Lakin Belçika ilə oyunun birinci hissəsinin sonunda Çexoslovakiya oyunçuları hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk etdilər. Nəticədə Belçika qızıl medalların sahibi oldu. 1934-cü ildə futbol üzrə dünya çempionatında iştirak edən Çexoslovakiya komandası ikinci yeri tutdu. 1962-ci ildə isə Çexoslovakiya komandası yenidən dünya çempionatında 2-ci yeri qazandı. Amma sonra Çexoslovakiya komandası dünya çempionatlarında uğurlarını davam etdirə bilmədi. Çexoslovakiya yığması Avropa çempionatlarında da uğurla çıxış edib. Onlar 1960 və 1980-ci ildə Avropa çempionatının bürünc medallarını qazanıblar. 1976-cı ildə isə Çexoslovakiya komandası Avropa çempionu titulunu qazanıb. Çexoslovakiya yığması 1964-cü ildə Olimpiya oyunlarında gümüş medal alıb, 1980-ci ildə isə Olimpiya oyunlarının qalibi olublar. 1993-cü ildə Çexoslovakiyanın yerində iki müstəqil dövlət, Çexiya və Slovakiyaya yarandı. 1994-cü ildən müstəqil dövlət kimi dünya və Avropa çempionatlarında iştirak etməyə başlayan Çexiya qısa müddətdə yeni uğura imza atdı. Belə ki, Çexiya 1996-cı ildə keçirilən Avropa çempionatında ikinci yeri tutaraq öz tarixində yeni bir uğura imza atdı. Çexoslovakiya komandası 2016-cı ilə aprel ayının 7-nə olan məlumata görə, FİFA reytinqində 29-cu, UEFA reytinqində isə 15-ci yerdə qərarlaşıb.
Uğur dərhal gəldi
Çexiya yığması müstəqilliyini əldə etdikdən cəmisi iki il sonra Avropa çempionatında belə demək mümkünsə əsl sensasiyaya imza atdı. Avropa çempionatında finala kimi irəliləyən Çexiya güclü rəqiblə Almaniya ilə qarşılaşdı. İkinci hissənin 59-cu dəqiqəsində çex Patrik Berqer hesabı açdı. Lakin bundan 14 dəqiqə sonra Olver Birxoff hesabı bərabərləşdirdi. Əlavə vaxtda isə Birxoff qızıl qol vuraraq komandasına qələbə qazandırdı. Bununla belə Çexiyanın çempionatda ikinci yeri tutması Avropa futbolunun tarixində ən önəmli hadisələrdən birinə çevrildi. Həmin dövrdə Çexiya yığmasında dünya futbolunun ulduzları hesab edilən Pavel Nedved, Vladimir Şmitser, Pyotr Koyba kimi tanınmış futbolçular oynayırdılar. 1998-ci ildə keçirilən dünya çempionatında Çexiya iştirak edə bilmədi. 2000-ci ildə keçirilən Avropa çempionatının seçmə yarışlarında çexlər öz qruplarında bütün rəqiblərini məğlub edərək birinci yeri tutdular. Lakin Avropa çempionatının final oyunları mərhələsində Çexiya uğurunu davam etdirə bilmədi. 2002-ci ildə keçirilən dünya çempionatının seçmə yarışlarında Çexiya yığması 2-ci yeri tutdu, lakin dünya çempionatına getmək uğrunda pley-off oyunununda çexlər belçikalılara məğlub oldular. 2004-cü ildə isə Çexiya Avropa çempionatının finmal oyunlarında yarımfinala kimi gedib çıxa bildi. Bu mərhələdə onlar Portuqaliyaya məğlub oldular. Bununla belə Çexiya Avropa çempionatının bürünc medallarını qazana bildi. 2004-cü ildə keçirilən Avropa çempionatında Çexiya yığmasının oyunçusu Milan Baroş turnirin bombardiri oldu. 2006-cı ildə keçirilən dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Çexiya qrup oyunlarında zəif çıxış edərək mübarizəni dayandırmağa məcbur oldu.
Durğunluq dövrü
2006-cı ildə Çexiya yığmasının ən yaxşı oyunçularından biri olan Pavel Nedved karyerasını başa vurdu. Lakin bu itki Çexiya yığmasına Avropa çempionatının final mərhələsində oynamasına mane ola bilmədi. Çexlər final oyunları mərhələsində İsveçrəyə 1:0 hesabı ilə qalib gəldilər. Lakin ikinci oyunda onlar Portuqaliya yığmasına 1:3 hesabı ilə məğlub oldular. Növbəti mərhələyə çıxmaq üçün Çexiya hökmən Türkiyə yığmasına qalib gəlməli idi. Çexiya Türkiyə ilə oyunda 2:0 hesabı ilə iərəlidə olmasına baxmayaraq son 15 dəqqiədə öz qapısından 3 top buraxaraq 2:3 hesabı ilə məğlub oldu.
Veteranların karyeralarını başa vurmasından sonra Çexiya yığması durğunluq dövrünə qədəm qoydu. Nəticədə Çexiya yığması 2010-cu ildə keçirilən dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədi. 2012-ci ildə keçirilən Avropa çempionatının final mərhələsi oyunlarında isə Çexiya yığması dörddəbir finala kimi irəlilədi. Lakin dörddəbir final oyununda Çexiya əzəli rəqibi Portuqaliyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. 2014-cü ildə keçirilən dünya çempionatının seçmə yarışlarında da Çexiya yığması uğursuz çıxış etdi. Bundan sonra Çexiya yığmasının baş məşqçisi Mixal Blek tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu. Onu bu vəzifədə Pavel Vrba əvəz elədi.
Yenidən yüksəlişdə
2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə yarışlarına Çexiya yığması qələbə ilə başladı. Çexiya yığması ilk oyunda öz meydanında Hollandiya üzərində 2:1 hesabı ilə qələbə çaldı. İkinci oyunda isə Çexiya yığması bu dəfə rəqib meydanında Türkiyəyə eyni hesabla qalib gəldi. Üçünci oyunda isə Çexiya səfərdə Qazaxıstanı 4:2 hesabı ilə məğlub etdi. Çexiya qrup mərhələsinin ilk yarısının son oyununda İslandiyaya 2:1 hesabı ilə qalib gələrək ilk dövrəni lider olaraq başa vurdu. Birinci dövrdə Çexiya 5 oyundan 4-də qalib gəldi .Çexiya yalnız Latviya ilə 1:1 oynayaraq sonda yüksək nəticə göstərdi.
Lakin Çexiya yığması ikinci dövrəyə uğursuz başladı. Çexlər İslandiyada meydan sahiblərinə 1:2 hesabı ilə məğlub oldular. Ancaq sonra Çexiya yığması öz meydanında Qazaxıstana 2:1 hesabı ilə qalib gəldi. Latviya ilə səfər oyununda isə Çexiya yenə də rəqibinə 2:1 hesabı ilə qalib gəldi. Növbəti oyuynda Çexiya öz meydanında gözlənilmədən Türkiyə yığmasına 0:2 hesabı ilə məğlub oldu. Bununla belə səfər oyununda Çexiya Niderlanda 3:2 hesabı ilə qalib gələrək öz qrupunda ikinci yeri tutdu və beləliklə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Avropa çempionatına hazırlıq çərçivəsində Çexiya yığması iki yoldaşlıq görüşü keçirib. Çexiya yığması Şotlandiya ilə
öz meydanında keçirdiyi yoldaşlıq görüşündə 0:1 hesabı ilə məğlub olub. İsveçlə rəqib meydanında isə 1:1 oynayıb. Çexiya Avropa çempionatının final mərhələsində D qrupunda yer alıb. Çexiya bu mərhələdə İspaniya, Türkiyə və Xorvatiya ilə oynayacaq.
Çexiya yığması ilk oyununun iyunun 13-də Tuluzada İspaniyaya qarşı keçirəcək. İyunun 17-də Çexiya Sent-Etyen şəhərində Xorvatiya ilə, 21-də isə Lans şəhərində Türkiyə ilə oynayacaq. Bu qrupda növbəti mərhələyə çıxmaq imkanı verəcək iki vəsiqədən birinin İspaniyanın qazanacağı istisna edilmir. İkinci vəsiqə uğrunda isə mübarizə Çexiya, Xorvatiya və Türkiyə arasında gedəcək. Bu komandaların demək olar hər üçünün qüvvələri bərabər hesab edilir. Onların hər birinin növbəti mərhələyə çıxmaq şansları var.