Çalışacağam ki, qalmaqallardan uzaq gəzim

0
723

 

 Müsahibim tanınmış İran müğənnisi Ali Pormehrdir. Gəlin Ali Pormehrini öz açıqlamaları ilə daha da yaxından tanıyıb, iç dünyasını birlikdə kəşf edək.

 

 

Salam, xoş gördük Ali bəy, necəsiniz?

 

– Salam, çox sağ olun Günay xanım, yaxşı olasınız.

 

Ali bəy, dostluğa önəm verirsinizmi?

 

– Çox! Dünyanın əsası, dünyanın yaranışı məhəbbətdir, sevgidir, dostluqdur. Hər şey dostluqdan, məhəbbətdən yaranır. Dünyanın əlifbası məhəbbətdir.

 

Hər kəsin həyatında olur bir ağlayıb, bir güldüyü, dərdlərini bölüşdüyü bir dostu? Bəs elə bir dostunuz olubmu ki, ən çətin anınızda sizinlə birlikdə olub? 

– Bəli, həmin insanı xüsusi qeyd etmək istəyirəm ki, doğma xalamoğludur. O insan çətin günlərimin həm dostu, həm dayağıdır.

 

Adını qeyd edə bilərsinizmi?

 

– Əlbəttə ki, Babək Sojaimehr.

 

Ali bəy, boş vaxtlarınızda nə edirsiniz?

 

– Boş vaxtlarımda yarımçıq mahnılarımın üzərində çalışıram.

 

Ancaq işinizlə məşğul olursunuz?

 

– Bəli.

 

Onda sizin hobbiniz və işiniz ikisi birgə elə məhz həyatınızın bir parçasını təşkil edir.

 

– Bəli, çox doğru vurğuladınız. Təşəkkür edirəm. Həm də deyim ki, başqa şeylərə vaxt qalmır.

 

Fanatlarınızı say üstünlüyücə ən çox kimlər təşkil edir? Xanımlar, yoxsa bəylər?

 

– Vallah açığını desəm, xanımlar təşkil edir.

 

Ali bəy, verdiyim suallara o qədər gözəl, qısa, lakonik cavablar verirsiniz ki, bu cavablarda hər şeyi ifadə edirsiniz.

 

– Xahiş edirəm, var olun. Sağ olasınız.

 

Bəs niyə bu sənəti seçdiniz?

 

– Allah vergisidir səs. Uşaqlığımdan, altı yaşımdan bilirdim ki, səsim var, oxuyurdum öz aləmimdə. Qohumlar, dostlar həmişə deyərdilər ki, bu oğlanın çox gözəl istedadı, səsi var. Mən çox sevirdim oxumağı. Ancaq heç vaxt düşünmürdüm ki, mən şeir yazacağam, mahnı bəstələyəcəyəm, heç vaxt bunları ağlıma gətirməmişdim. Və zaman ötdükcə 14-15, 17-18 yaşımda üzə gəldi və mən gördüm ki, yavaş-yavaş şeirlər yazıram.

Sizə bu sənətdə kim dəstək oldu?

 

– Allah! Bir şeyi xüsusi qeyd edəcəyəm. İlk vaxtlar  mən şirkətlərə müraciət edəndə heç bir şirkət sərmayə qoymadı bu işə. Dedilər axı kim qulaq asacaq? İranda heç farsca mahnılara qulaq asan yoxdur, bir halda ki, türkcə oxumusan. Amma mənim imanım var idi. Bilirdim ki, iş işdir. Gəldim, bir maşınım var idi, satdım. Hamısını risk elədim və payladım. Yarıdançoxunun pulu da qayıtmadı, mən onlara nuş etdim.

 

Azərbaycan şou biznesinə qatılmaq fikriniz varmı?

 

– Qaçılmaz bir şeydir, ancaq çalışacağam ki, qalmaqallardan uzaq gəzim. Qalmaqal insanı tez ruhdan salar, adamı əziz olmaqdan, nüfuzdan salar. İstəmərəm belə olsun. Mən ilk öncə şairəm, şairin bir hörməti var. Şairi Allah seçib, ona elə bir şey verib ki, onu heç kəsə verməyib. Tutaq ki, tanınmış şair Nüsrət Kəsəmənli, Allah ona elə bir kod verib ki, adi adamlara verməyib. Sizinlə həmsöhbət olduğumuz bu ortamda “vayfay” var və o kodu bilməsək nə siz, nə də mən “vayfaydan” istifadə edə bilmərik. Şairin ruhunda da bir kod var və o kodu Allah təyin edir. Mən ilk öncə özümü böyük bir iftixarla şair hesab edirəm, sonra bəstəkar, daha sonra müğənni. İndi səs hamıda var, ancaq şeiri hər kəs yaza bilməz.

 

Yəni sizdə hamısı cəmlənir?

 

– Bəli, mən şeirlə musiqini birlikdə yazıram.

 

Və təbiidir ki, qəlbən axan şeir və musiqi bir-birinin təzahürünü tapır və bu dərəcədə sevilir.

 

– Allahımdan çox razıyam. Təşəkkür edirəm. Bu, Allah vergisi idi.

 

Ailəlisinizmi?

 

– Bəli, bir qızım var. Allah hər kəsin övladını qorusun.

 

Amin. Allah saxlasın.

 

– Təşəkkür edirəm, var olasınız.

 

Xanımların sizə, sənətinizə və yaradıcılığınıza aşırı dərəcədə olan məhəbbəti ailənizdə xanımınız tərəfindən necə qarşılanır?

 

– Mənim xanımım mənimlə evlənəndə bilmirdi ki, belə bir ittifaq yaranacaq. Və yavaş-yavaş bunu qəbul elədi. Bildi ki, bir müğənnini sevərlər, bir müğənniyə sevgi sözləri yazarlar. Məsələn, ürəyimsən, eşqimsən, canımsan, həyatımsan. İndi qısqanclıq yoxdur, ancaq əvvəllər olurdu. Mən həmişə cəhd etmişəm ki, ailənin müqəddəs adını əlimdən gələn qədər qoruyub, saxlayam. Ona görə də şükürlər olsun, bu vaxta qədər elə də ciddi bir problem yaranmayıb və yaranmayacaq da.

 

İnşallah

 

– Mən arzu edirəm ki, bütün ailələr gözəl olsun. Qurduqları o quruluş heç zaman dağılmasın.

 

Amin. Çox gözəl uğur, çox gözəl başlanğıcdır. Qayıtmaq istəyirəm uşaqlıq illərinizə. İnsanın uşaqlıqda reallaşdırmaq istədiyi, zamanı geriyə qaytara bilsə həyata keçirməyə çalışacağı, daim onu düşündürən bir arzusu olur. Sizin arzunuz nə idi?

 

– Mənim uşaqlıq arzum müğənni olmaq idi. Özümü səhnələrdə, televizorlarda görəm. Və mənim uşaqlığım hədsiz çətin keçib. Çox çətin günlər keçirtmişəm, onlar mənim ruhumda həmişə təsir yaradıb. Mən sevinirəm ki, mən bunları yaşamışam. Onlar mənim təbiətimə, şeirimə, yaradıcılığıma öz təsirini göstəriblər. Hər halda mən uşaqlıqdan müğənni olmaq arzusunda olmuşam və müğənni olmuşam da.

 

Bəs ailədə necə qarşılayırdılar bu arzunu?

 

– Sevmirdilər, istəmirdilər. Atam ümumiyyətlə, razı deyildi.

 

 Bu yaxınlarda sizi sevənlərə hansı yenilikləri edəcəksiniz?

 

– Şeirlə musiqi birgə gözəl olur, özüm çalıb, oxuyanda bir cür oluram. Nüsrət Kəsəmənlinin şeiri üzərində çalışıram hazırda. Bilirəm ki, yaxşı mahnılardan olacaq.

 

 Mahnının adını açıqlaya bilərsinizmi?

 

– Bəli, əlbəttə. “Sən məni unuda bilməyəcəksən!”

 

“Axtar məni” mahnısı məşhur mahnılar sırasındadır. Mən də çox sevirəm o mahnını.

 

– O mahnının maraqlı əhvalatı var. Tehranın ortasında İnqilab dairəsi var, orada bu şeir məni ilhamlandırdı, “Gözlərin dolanda axtar məni”. Və mən tez ofisə qayıtdım, nəhayət bu mahnını ərsəyə gətirdim. Bilirdim ki, mühitimi dəyişsəm alınmayacaq, yaza bilməyəcəyəm. Həmin gün ofisdə, yağışlı bir gündə gecə səhərə qədər bu mahnının üzərində işlədim.

 

Rəqabəti sevirsinizmi?

 

– Rəqabəti sevirəm, sağlam rəqabəti. Yoxsa bir-birinin tutub ayağından çəkirlər, bu rəqabət deyil.

 

Xaraktercə sərtsinizmi? An etibarilə hansısa durum sizi özünüzdən çıxarda bilərmi?

 

– Çıxarda bilər, bəli. Məsələn, nizamsızlıq, orkestrimdə kimsə gec gələndə narahat oluram. Özüm hamıdan qabaq gedirəm ora ki, onlar da riayət etsinlər. Bir məsuliyyət var məndə, millət bilet alır, vaxt ayırır gəlir. Məsəlçün Tehranda, Təbrizdə iki min, uç min nəfər zalda əyləşir. Konsertdən qabaq səsləri tarazlamağa, səs keyfiyyətinə xüsusi önəm verirəm. Özüm dayanıram zalda, çalırlar və alətlərdən fərqli səs tonlarını tənzimləyirəm. Orkestr nizamsız olanda əsəbiləşirəm, başqa şeylərdə nisbətən sakitəm.

 

Siz də bir mahnıyla, bir gecənin içində özünü böyük kütləyə tanıdan müğənnilərdənsiniz. İlk hansı mahnı məşhurluq gətirdi sizə?

 

– “Salam yetir”

 

Onun uğuruna inanırdınızmı?

 

– Mən Təbrizə və Urmiyaya mahnı oxumuşdum. Və bizim kəndimizin adı Pəlmehirdir, yəni duman tutan yer deməkdir. Sonralar çevrilib, farsca olub Pormehr və mənim də soyadım ondan götürülüb. Mənə hər kəs irad tuturdu ki, nə oldu, kəndini, ocağını unutdunmu? Mən də bu adı götürdüm ki, sevinsinlər. Heç ağlıma da gəlməzdi ki, bu cür səs-küy yaranacaq, yaxşı mənada. Bu mahnını mən göz yaşı tökə-tökə yazmışam. Xoş abı-havayla oturum mahnı yazım, elə olmayıb.

 

Ali bəy, sizə öz sənət yollarınızda daim uğurlar diləyirəm.  Bəs, səbəb nə idi göz yaşlarınıza?

 

– Mən altı yaşımacan Pəlmehir kəndində olmuşam. Və mən altı yaşımacan bir kəlmə fars dili bilmirdim. Məktəbə gedəndən sonra fars dilini öyrəndim. O nostalji xatirələr mənim zehnimdə yerləşdi. Bir böyük babam vardı, ona çox bağlıydım. Babam beş-altı il bundan öncə dünyasını dəyişdi. Və bütün bunlar mənim canımda əyləşmişdi. Elə bir zaman gəldi ki, hamısı bir yerə cəmləşdi və bu mahnı yarandı, “Salam yetir”.

Müəllif: Günay Fuadqızı

BIR CAVAB BURAXIN