Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilib
Mərasimdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış ediblər.
Daha sonra “Şahdəniz 2” / Cənub Qafqaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olunub.
Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını edib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyib.
Daha sonra ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə məsləhətçisi Sandra Oudkerk çıxış edərək bildirib ki, ölkəsi Cənub Qaz Dəhlizinə dəstək verir.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxuyub. O, məktubunda qeyd edib ki, Britaniya şirkətləri Azərbaycana milyardlarla dollar investisiya qoyub, bundan sonra da investisiya qoyulması və əməkdaşlıq davam etdiriləcək: “Enerji layihələri ilə yanaşı, digər bütün sahələrdə də əməkdaşlığa hazırıq”.
Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.