Cənnətməkan ölkə: Kəşmir

0
754

 

Dünyanın ən gözəl, insanda qeyri-adi, heyrətamiz təəsüratlar doğuran yerlərindən biridir Kəşmir. Təsadüfi deyil ki, XVII əsrdə Kəşmir vadisini ziyarət edən Böyük Türk- Moğol imperatoru Cahangir buranın gözəlliyi qarşısında heyrətə düşərək: “Yer üzünün cənnəti Kəşmirdir”,-demişdi.

Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq isə Kəşmirdə islam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər.

1846-1947- ci illərdə Kəşmir ingilislərin nəzarəti altında olan yarımmmüstəqil dövlət kimi fəaliyyət göstərib. Ötən əsrdə Kəşmirlə bağlı Hindistanla Pakistan arasında baş verən bir neçə müharibədən sonra Kəşmir adı çəkilən ölkələr, həmçinin Çin arasında bölünüb. Hazırda Kəşmir ərazisinin 85 min 846 kvadarat kilometri Pakistan, 101 min 338 kvadrat kilometri Hindistan, 37 min 555 kvadrat kilometri isə Çin ərazisi hesab edilir. Azad Kəşmirin ərazisi isə 72 min 971 kvadrat kilometrdir. Paytaxtı Müzəffərabad olan Azad Kəşmir Paksitanla sıx müttəfiqlik əlaqələrinə malikdir. Beynəlxalq aləm tərəfindən tanınmayan bu dövlətin öz hərbi qüvvələri də var.

Yeri gəlmişkən onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə yetirməyib. Kəşmir üç dövlət arasında bölünərkən təbii baxımdan əlverişsiz, qeyri məhsuldar topaqları Pakistana, insanı öz gözəlliyi ilə valeh edən, onun ruhunu yerindən oynadan mənzərli yerləri isə Hindistana düşüb. Hazırda Hindistanın işğalı altında olan Kəşmirdə rəsmi məlumatlara görə 4, qeyri-rəsmi məlumatlara görə isə 10 milyondan yuxarı müsəlman yaşayır. Kəşmirdə əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Burada ən çox düyü yetişdirilir. Bundan əlavə Kəşmirdə buğda, qarğıdalı, arpa və digər dənili bitkilər də əkilir. Kəşmir insanın ağzını ləzzətə gətirən sulu armudu, alması, albalısı, şaftalısı ilə də məşhurdur. Kəşmirin yun, ipək parçaları, xalçaları bütün dünyada məşhurdur.

Kəşmirin mətbəxi də olduqca zəngindir. Burada əhalinin ən sevimli yeməyi müxtəlif əqdviyyatlardan istifadə edilməklə qaynadılmış kartofdan hazırlanan dum-aludur. Təbii ki, dum-alu hazırlanarkən kartofla yanaşı düyüdən də istifadə edilir. Bundan əlavə kəşmirlilər və buraya gələn qonaqlar milli yemək olan ruçma-quştabı ( tomatdan, kəsmikdən və xüsusi ədviyyələrdən hazırlanır), roqan-coşu (qoyun ətindən və xüsusi ədviyyədən), tzamanı ( bərk, yağlı və yağsız pendir) çox sevirlər. Kəşmirin çayı da öz xoş ətiri ilə insanı valeh edir. Kəşmirlilər çay kimi həm ənənəvi çaydan, həm də şaftalı və zəfərandan istifadə edirlər. Zəfəran çayı da buraya gələn qonaqlar və turistlər tərəfindən rəğbətlə qarşılanır. Bəzən elə olur ki, turistlər zəfəran və şaftalı çayı içmək üçün uzun-uzadı növbəyə dayanmalı olurlar. Bunun da səbəbi zəfəran və şaftalı çaylarının insana xüsusi gümrahlıq verməsi, bir andaca yorğunluğunu unutdurması və bir də onların valehedici ətirə və dada malik olmalarıdır.

Kəşmir insanı valeh edən təbii gözəlliklərə malikdir. Burada turistləri cəlb edən yerlərdən biri Dal gölüdür. Bu göl üzən nəfis ev-gəmiləri ilə məşhurdur. Ev gəmilərdə turistlərin istirahəti və 5-6 saat ərzində özünü gölün qoynunda azad hiss etməsi, mənən və ruhən dincəlməsi üçün bütün şərait yaradılıb. Dünyanın heç yerində turistlər özlərini Dal gölündə üzən ev-gəmilərdəki kimi rahat hiss edə bilmir. Ona görə də qış fəslini çıxmaq şərti ilə digər fəsillərdə Dal gölündəki üzən ev-gəmilərdə gölü gəzmək və dincəlmək istəyənlərin sayı- hesabı olmur. Kəşmirdəki Manasabl gölü də insanı özünə valeh edir. Gölün ətrafında bir neçə gün dincəlməklə insan bütün ilboyu özünü gümrah hiss edə bilir. Kəşmirdəki Moğol və Nişant bağları adlanan ərazilər də təbii gözəliklərə malikdir və turistlər oranı həvəslə ziyarət edirlər.Pahalkam vadisi də təbii gözəlliyi baxımından Kəşmirin ən gözəl yerlərindən biri hesab edilir. Kəşmirdə ekoturizm də geniş yayılıb. Ekoturizmin mərkəzi isə Qureks, Dudxapatri və Banqus vadiləridir. Adı çəkilən ərazilər də qışda tamam baiqa bir gözəlliyə malik olurlar.

Əziz Mustafa

BIR CAVAB BURAXIN