Çəmənzəminlinin son məktubu: ”Əli və Nino”nu necə qorumaq istəyirmiş?

0
750

Çəmənzəminlinin son məktubu: ”Əli və Nino”nu necə qorumaq istəyirmiş?

Yusif Vəzir Çəmənzəminli Sibirə sürgün ediləndən sonra Bakıda qalan ailəsi çox əzab-əziyyət çəkir. Məcburiyyət qarşında qalıb bir neçə dəfə yaşadıqları evi dəyişməli olurlar. Repressiya qurbanlarının ailələri üçün nəzərdə tutulan müvəqqəti saxlama yerlərindən tutmuş Dərbəndə qədər yerləri gəzirlər. Nəhayət, 1943-cü ildə Yusif Vəzirin həyat yoldaşı Bilqeyisin qardaşı Fərhad Acalov Şəkiyə baş aqranom göndərilir. O, daim yardım etdiyi bacısı uşaqlarının qürbətdə tək-tənha yaşamalarına dözməyib onları öz yanına dəvət edir. Ailə 1943-cü ildə çox çətin şəraitdə, oturacağı və pəncərəsi olmayan qatarla Bakıya gəlirlər.

Bakıda ilk açdıqları qapı isə Bilqeyisin anası Kiçikxanımın yaşadığı ev olur. Yusif Vəzirin pərən-pərən olan ailəsi bir gün burada, sabahısı gün isə baş yerdə yaşamalı olduğundan yazıçının bütün əlyazmalarını, əsərlərini məhz həmin Kiçikxanım özünün sandığında gizləyir.

Moderator.az saytının barəsində danışacağı epizod da Kiçikxanımın qoruduğu məktubla bağlıdır. 1941-ci ildə göndərilən məktub Yusif Vəzirin ailəsinə sonuncu naməsidir. O, ailəsinin hansı durumda olduğunu bilmədiyi üçün məktubu sürgündən qabaq yaşadığı ünvana yollayır. Kiçikxanım isə yalnız 2-3 ildən sonra gördüyü nəvələrinə həmin məktubu verir:

“Əziz Bilqeyis, yeganə xiffətim sən və uşaqların xiffətidir. Səbrim tükənib, tale bizi nə vaxt qovuşduracaq? Imkan varsa, yazın və çalışın ki, bağlama göndərməyə icazə versinlər. Əgər icazə verilsə, bu, mənə çox böyük kömək olar, xüsusən papiros barədə….”

Qısa məktubun sonrakı hissəsində Yusif Vəzir ailəsinin sağ-salamat olduğuna sevindiyini və hamıya salam göndərdiyini deyir. Amma həm o, həm də ondan əvvəlki bir neçə məktubda diqqətçəkən məqam da var idi: Yusif Vəzir məktubları “sizin Əli” imzası ilə yazırdı.

Yazıçının oğlu Orxan Vəzirov atası ilə bağlı yazdığı xatirələrində Yusif Vəzirin bu imza ilə məşhur “Əli və Nino” əsərinə işarə etdiyini bildirib.

BIR CAVAB BURAXIN