25 aprel 2020-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin işğalının100-cü illiyi ilə bağlı zoom platformasında onlayn konfrans baş tutub. Konfransı Azərbaycanın Dövlət himninin səsləndirlməsindən sonra açıq elan edən BAO başqanının ideoloji məsələlər üzrə müavini, dosent Dilavər Əzimli bildirdi ki, 27 aprel işğalının Azərbaycan cəmiyyətinə izahına böyük ehtiyac var. O, qeyd etdi ki, VI çağırış Milli Məclisin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının maddələrini pozaraq 30 mart 2020-ci il tarixdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsini müzakirəyə çıxarması ictimaiyyətdə haqlı etirazlar doğurub və BAO artıq bununla bağlı bəyanat da qəbul edib. Konfransa Türkiyədən qatılan prof. Nəsib Nəsibli 27 aprel işğalının Azərbaycan üçün ağır nəticələrindən bəhs ettməklə yanaşı, onun bir daha təkrarlanmaması üçün milli şüurun aydılaşdırılmasının əhəmiyyətindən bəhs etdi. Azərbaycandan konfransa qatılan MSDM başqanı İsa Qəmbər isə bildirib ki, son iki əsrdə Azərbaycan üç dəfə Rusiya işğalına məruz qalıb və bu təhlükə hələ tam sovuşmamışdır. Türkiyədən konfransda iştirak edən prof. Toğrul İsmayıl da deyib ki, əslində bu gün Azərbaycan torpaqlarının 20 faizi Rusiya işğalı altındadır və bu işğala qarşı milli iradəni gücləndirməık lazımdır. Ankaradan konfransa qatılan prof. Həsən Oqtay isə daha çox Türk xalqlarının birliyi və Türk dövlətlərinin güclü olacağı halda “27 aprel” kimi işğal günlərinın olmayacağını qeyd etdi. Kayseridən toplantıya qatılan prof. Qafar Çaxmaqlı ödaz çıxışında göstərdi ki, Rusiyanın bölgədə nəzarəti gücləndirmək istəyi və ermənilərdən yenə də maşa kimi istifadəsi “27 aprel” hadisələrindən ciddi dərs çıxarmağımızı vacib edir. Jurnalist-yazar Aygün Muradxanlı da son zamanlarda rusdilli məktəblərin sayınının çoxaldığına və bunun “27 aprel işğalı” qədər təhlükəli olduğuna diqqət çəkdi. BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli də bildirdi ki, “27 aprel işğalı” məsələsi hələ də gündəmdə qalır, çünki milli şüuru istənilən səviyyədə olmayan bir millət üçün bu təhlükənin tmamailə aradan qaldırılması mümkün deyil. O, bildirdi ki, son iki əsrdə quzeyli-güneyli Azərbaycan türkləri xeyli dərəcədə problemlərlə üz-üzə qalmışdır ki, bunların öhdəsindən gəlməyin əsas yolu türklüyümüzü bütün ideyalardan bir addım öndə götürərək yenidən böyük bir dövlətə sahib olmaqdır. Ələkbərli qeyd etdi ki, BAO olaraq milli şüurun aydınlaşması istiqamətində yeni konfranslar təşkil ediləcək. Bu konfranslarda İran adlanan ölkənin Ermənistana yardım adı altında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş riyakar əməlləri, rusdilli məktəblərin sayının artmasının təlükəliliyi kimi məsələlər gündəmə gətirləcək. Daha sonra prof. Hacı Həsənov, BAH sədri Yasəmən Qraqoyunlu, yazıçı-publisist Mehriban Vəzir, politoloq Elxan Şahinoğlu, politoloq Qələndər Muxtarlı, dos. Zəkulla Bayramlı, Natiq Ulubəy, Oğuz Rza Sadıq, Şahlar Hacıyev, Ağası Hun və başqaları mövzu ətrafında fkir mübadiləsi apardılar. Konfransın sonunda 27 aprel 1920-ci il tarixinin Azərbaycanda İşğal Günü kimi qeyd olunması, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsinə yenidən baxılması ilə bağlı qətnamə müəyyən düzəlişlər nəzərə alınmaqla qəbul olunub.
“Bütöv Azərbaycan Ocaqları”nın (BAO) təşkilatçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin işğalının 100-cü illiyilə bağlı keçirlən konfransın Q Ə T N A M Ə S İ
Biz, konfrans iştirakçıları hesab edirik ki, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən silahlı qüvvələrini Azərbaycana yeritmiş və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoymuşdur. Bunun ardınca milli hökumətimizin yerində yaratdığı Azərbaycan Sovet Sosialist Respublikasının müstəqilliyini tanıyan RSFSR, onun təşəbbüsü ilə1922-ci ilin 30 dekabrında yaradılan SSRİ-nin timsalında bu işğalçılıq faktını rəsmiləşdirmişdir. 71 il ərzində Sovet Rusiyası Azərbaycan xalqına qarşı daima müstəmləkəçilik siyasəti yürüdərək onun milli müstəqillik və suverenlik hüquqlarını tapdalamış, təbii sərvətlərini amansızcasına istismar etmişdir. Azərbaycan xalqı Sovet Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizəsini 71 il ərzində daima davam etdirmiş və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının birinci maddəsində də göstərilmişdir ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. Konstitusiya Aktının ikinci maddəsində isə “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” cümləsi əksini tapmışdır. Çox təəssüflər olsun ki, dövlət müstəqilliyimizin bərpasından sonra bir çox hallarda varislik prinsipinə əməl olunmamış, Azərbaycan Cümhuriyyəti dövründə qəbul edilmiş ümummilli səviyyəli bir çox qərar və qanunlar (dövlət dilinin adı, vətəndaş kimliyi, dövlət sərhədlərinin müəyyənliyi və s.) nəzərə alınmayaraq Azərbaycan SSR dövründə məcburi şəkildə qəbul olunmuş qərar və qanunlara üstünlük verilmişdir. Azərbaycan Respublikasının fevralın 9-da formalaşan VI çağırış Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının maddələrini pozaraq 30 mart 2020-ci il tarixdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsini müzakirəyə çıxarması da cümhuriyyətçilik priniplərinə tamamilə ziddir. Hesab edirik ki, Milli Məclis səlahiyyət həddini aşaraq Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında göstərilən “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” maddəsini pozmuş, faktiki olaraq Azərbaycan Sovet Sosialist Respublikasının varisi kimi çıxış etmişdir. Bizim fikrimizcə, təklif olunan medalın bu cür adlandırılması həm Dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının maddələrini pozmaq, həm də 1941-45-ci illər müharibəsinin İkinci Dünya müharibəsinin tərkib hissəsi olduğunu inkar etməkdir. Bütün bunları nəzərə alaraq, biz, konfrans iştirakçıları hesab edirik ki, 27 aprel 1920-ci il tarixi Azərbaycanda İşğal Günü kimi qeyd olunmalı, ölkə təqviminə qara gün kimi düşməli və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsinə yenidən baxılmalıdır. Təklif edirik ki, bu medal “İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illliyi (1945-2020)” adı ilə təsis olunsun. BAO İnformasiya Xidməti. Bakı, 26 aprel 2020-ci il.
Arazinfo.com