Bülənd Ecevitə qarşı baş tutmayan sui-qəsd

0
653

 

Türkiyənin ictimai-siyasi həyatında önəmli rol oynayan Bülənd Ecevitə qarşı da sui-qəsd cəhdinə baş vurulub. 1977-ci il parlament seçkilərindən əvvəl – may ayının 29-da Ecevit üçün adi günlərdən biri idi. O, seçkiqabağı təbliğat məqsədilə ölkənin ən böyük şəhərlərindən biri olan İzmirə gəlmişdi. İzmir Hava Limanından çıxha-çıxda polis əməkdaşlarından biri qəfildən silahı ona tərəf çevirərək atəş açdı. Həmin an Ecevitin yanında dayanan cangüdənlər çaşıb qalmışdılar. Baş nazirlə birgə təbliğat kampaniyasına çıxan İstanbul Bələdiyyəsinin rəhbəri Ahmet İsvanın qardaşı Mehmet İsvan polisin Ecevitə atəş açmaq istədiyini anlayar-anlamaz, özündən asılı olmadan baş nazirin qarşısına çıxdı və atəş açanın üstünə yüyürdü. Onun bu qəfil hərəkəti sui-qəsdi həyata keçirmək istəyən polisi çaşdırdı. Tapançadan açılan atəş Mehmet İsvanı baldırından yaraladı. Polis növbəti dəfə atəş açmağa cəhd göstərəndə digər polislər və cangüdənlər buna imkan vermədilər. Həmin polis yaxalandı və atəş açdığı silah ondan götürüldü. Məlum oldu ki, İsvanı yaralayan güllə olduqca zəhərlidir. Təcili şəkildə Mehmet İsvana zəhər əleyhinə olan zərdab vuruldu və onu ölümdən qurtarmaq mümkün oldu. Lakin İsvan uzun illər bu zəhərli güllənin fəsadlarını öz üzərində hiss elədi. İsvanın baldırından çıxarılan güllə xüsusi ekspertizadan keçirildi. Onun tərkibi o vaxt elm üçün hələ məlum olmayan qəribə bir qarışıqdan ibarət idi. Belə ki, həmin güllənin hazırlanmasında bir neçə metal sanki bir-birinə qaynaq edilmişdi. Sui-qəsd cəhdində istifadə edilən tapança da o vaxt hələ satışda olmayan bir silah idi. O dövrdə “Tenqas” markalı bu silahın istehsalına ABŞ-da yenicə başlanılmışdı. Özü də onun istehsalı üçün digər ölkələrə lisenziya verilməsinə qadağa qoyulmuşdu. Çünki “Tenqas” markalı tapança yalnız Mərkəzi Kəşfiyyat İdarəsinin casusları və əməkdaşları üçün nəzərdə tutulmuşdu. Bu silahla ABŞ-ı qane etməyən ölkələrdəki yüksək vəzifəli şəxsləri aradan götürmək məqsədəuyğun hesab edilmişdi. Bəs həmin silah İzmir polisinin əlinə necə düşmüşdü? Təəssüf ki, polis və Türkiyə Milli İstihbarat İdarəsi bu məsələdə susmağa üstünlük verdilər. Digər tərəfdən də, Türkiyə polisi, ümumiyyətlə, belə bir silahdan istifadə etmirdi. İzmir Hava Limanında Ecevitə qarşı həyata keçirilən sui-qəsd “polisin təsadüfən əlində silahın açılması” kimi qələmə verildi. Halbuki bu məsələdə təsadüfi hadisə ola bilməzdi. Bir faktı da xatırladaq: rəsmi açıqlamalarda polisin əlində silahın “təsadüfən” açıldığı iddia edilsə də,əslində şahidlər başqa şey deyirlər. Hadisənin iştirakçısı olan şəxslərdən birinin istintaqa verdiyi ifadədə polisin ikinci dəfə atəş açmaq cəhdinə baş vurduğu qeyd edilib. Baş nazir Ecevitin məsələ ilə əlaqədar sonralar KİV nümayəndələrinə verdiyi açıqlamada da diqqəti cəlb edən maraqlı məqamlar var. Ecevitin sözlərinə görə, baş verən hadisə onun üçün çox gözlənilməz olub. O: “Mən ömrüm boyu Türkiyənin güclü və qüdrətli dövlətə çevrilməsi üçün əlimdən gələni etmişəm. Ona görə də polisin mənə çevrilmiş silahını görəndə təəccübləndim. Məsələnin nə yerdə olduğunu anlayınca atəş açıldı və güllə mənimlə birgə olan Mehmet İsvanın ayağını yaraladı. Bu silahın tərkibilə maraqlananda bəlli oldu ki, onun hansı maddələrdən hazırlandığı məlum deyil. ABŞ-da hazırlanan həmin silahdan Türkiyə polisi istifadə etmirdi. Bu, çox təhlükəli silahlardan hesab edilirdi. Çünki gülləsi zəhərli idi. Polis və təhlükəsizlik xidməti əməkdaşları hər vasitə ilə bu gülləni həkimlərin əlindən almaq istəyirdi. Amma onlar mənə qarşı istifadə edilən bu gülləni dəlil kimi saxladılar. Amma belə bir silah Türkiyəyə necə gəlib çıxmış və polisin əlinə haradan düşmüşdü? Kim bu silahı və nə məqsədlə Türkiyəyə gətirmişdi? Sözün düzü, baş nazir kimi bu məsələlər mənə bu gün də qaranlıq olaraq qalır.

Əziz Mustafa

BIR CAVAB BURAXIN