3 min nüsxə tirajla buraxılmış bu nəşr bir çox saytda da yayımlanıb
Bu erməniyönümlü ensiklopediyada Xankəndi əhalisinin 53 min nəfərdən çox olduğu göstərilib. Guya qondarma “Dağlıq Qarabağ Respublikası”nda isə 146 mindən çox əhali yaşayır. Əlbəttə ki, burada Qarabağın tarixi barədə informasiyalar digər bütün məlumatlar kimi erməni separatçılarının təhrif etdiyi şəkildə verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Xəzər Xəbər”ə bildirib ki, bu, Rusiyada yaşayan erməni lobbisinin işidir, lakin Rusiyanın bu cür məsələyə ciddi yanaşmaması təəssüf doğurur.
“Bu, birbaşa antiazərbaycan təxribatıdır. Çünki Rusiya və Ermənistan başda olmaqla heç bir dünya dövləti Dağlıq Qarabağı ayrıca bir respublika kimi dünya siyasətində tanımayıb. Əsaslandıra biləcəklər ki, bu, kommersiya məqsədiylədir. Amma bu, çox ciddi bir antiazərbaycan addımıdır və bunu Tarix İnstitutu olaraq biz pisliyirik”.
Yaqub Mahmudov deyib ki, saxtakarlığa yol verilmiş bu cür ensiklopediyalar və kitablar tez-tez nəşr olunur: “Bunlara tutarlı cavab vermək üçün institut tərəfindən Azərbaycan tarixinin son 200 ildə təhrif olunan hissələri yenidən yazılır və müxtəlif dillərə tərcümə edilərək çap olunur”.
O bildirib: “Tarix İnstitutunda İrəvan xanlığının tarixi 11 dilə tərcümə olunub və Latın Amerikası üçün Meksikada da çap olunub. Qarabağ və Naxçıvanın tarixini yazmışıq. Bütün soyqırımlarının tarixinə bölgə-bölgə kitablar həsr etmişik. “Azərbaycan tarixi atlası”nı buraxmışıq, Azərbaycanın milli atlasına 85 xəritə daxil etmişik”.
Qeyd edək ki, tarixin müəyyən dövrünün yenidən yazılması və tərcüməsi indi də davam etdirilir.