Bu məcburi köçkünlərin sayğaclaşma problemi yoxdur…

0
703

Məcburi köçkünlər etiraz edir (arxiv fotosu).

Fevralın 13-də Mirqasımov küçəsindəki 8 saylı binanın sakinləri əvvəl Nəsimi rayon icra hakimiyyətinə, oradansa Prezident Administrasiyasına və Nazirlər Kabinetinə gediblər.

AzadlıqRadiosu-na söylədiklərinə görə, onları heç kəs qəbul edib dinləməyib. Bəs sakinləri hərəkətə gətirən nədir?

“Bu yolla bizi sındırmaq istəyirlər”

Sözügedən binada yaşayanlar bir həftədir həmin ünvana kommunal xidmətlərin dayandırılmasından narazıdırlar. Onların qənaətincə, elektrik və qaz verilməsi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə kəsilib. Sakin Gülfarə Əliyevanın sözlərinə görə, bir müddət əvvəl burada yaşayanlara bildiriş gəlib ki, bina qəzalıdır və sökülməlidir:

“Bir həftədir ki, qazı, işığı kəsiblər. Qaranlıqda, soyuqda qalmışıq. Soyuqdan qırılırıq. Qışın ortasında gəlib bu qədər ailənin işığını, qazını kəsib getmək günah əməldir. Bu həyətin uşağı, xəstəsi, qocası var. Bu yolla bizi sındırmaq, özlərinə tabe etmək istəyirlər”.

)

“Evləri ələ keçirmək üçün düşünülmüş bir layihədir”

Bu ünvanda həyətyanı sahə ümumidir və 12 ailənin ixtiyarındadır. Söylədiklərinə görə, məcburi köçkün sayılsalar da, mənzillərin şəxsi mülkiyyət olduğunu təsdiqləyən “çıxarış”ları var. Bir müddət əvvəl rayon icra hakimiyyətindən burada yaşayanlara bildiriş gəlib ki, bina qəzalı olduğundan plana düşüb. Deyilir ki, “Rifah Plaza” MMC bu ünvandakı evləri söküb, yerində çoxmərtəbəli bina tikəcək və sonra onları həmin binadan mənzillə təmin edəcək. Gülfarə Əliyevanın fikrincə, sakinlər icra hakimiyyətinin bu vədinə inanmırlar:

“Deyirlər, bu, hökumətin pilot layıhəsidir. Bəli, bu, pilot layihədir, ancaq insanların evlərini ələ keçirmək üçün düşünülmüş bir layihədir. Mən hələ də bilmirəm ki, neçə il kirayədə qalacağam. Sabah müddət uzandı, bina vaxtında təhvil verilmədi, ya kirayəpulu qalxdı, bunlar nəzərə alınmır. İcra hakimiyyəti deyir, bu məsələləri şirkət həll edir, şirkətsə deyir, gedin, bu məsələləri icra hakimiyyəti ilə danışın. Təqdim etdikləri müqavilə də yalnız öz maraqlarını qoruyur. O müqavilədə bizim hüquqlarımızı qoruyan bircə bənd də yoxdur”.

Sakinin sözlərinə görə, icra hakimiyyətinin işçiləri tez-tez ünvana gələrək ər və övladlarını həbs etməklə qadınları hədələyirlər.

 

“Sakinlərin narahatlığına ehtiyac yoxdur”

Nəsimi Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilir ki, qeyd olunan ünvanda yerləşən və 12 ailənin yaşadığı bina qəzalıdır: “Ora qəzalı binaların siyahısındadır və mütləq söküləcək. Bunun üçün Nazirlər Kabinetinin məlum qərarı var. Bir ildən çoxdur ki, bu işlər aparılır. Sakinlərin narahatlığına ehtiyac yoxdur. Qısa müddətdə yeni inşa olunacaq binaya qayıdacaqlar. Kirayə pulları da dövlət büdcəsindən ödənilir”.

Dövlət qurumu təqdim olunan müqavilədə mülkiyyətçilərin bütün əmlak hüquqlarının qorunduğunu da bildirir.

Hələ müqaviləyə imza atmırlar?

Sakinlərsə, hələlik, “yox” deyir və müqaviləyə imza atmırlar. Onlar israrla yenə Nəsimi Rayon İcra Hakimiyyətinə, oradansa Prezident Administrasiyasına və Nazirlər Kabinetinə gedəcəklərini söyləyirlər.

BIR CAVAB BURAXIN