Azərbaycan və Dünya Türk tarixinin ən görkəmli nümayəndəsi, Türk dünyasının həqiqətlərinin işıq üzərinə çıxarılması, əsl tarixinin yazılmasında sözün həqiqi mənasında böyük fədakarlıqlar göstərən, qələmi ilə görkəmli sərkərdələrimiz qədər zəfərlər yazan alovlu vətənpərvər akademik Yaqub Mahmudov min illər bundan sonra belə qürur mənbəyimiz olaraq xalqımızın qəlbində yaşayacaq. Onun Türk dünyası tarixinə göstərdiyi əvəzsisz xidmətlərinə qiymət vermək olduqca çətindir. Şərəfli və qürur dolu bir ömür yaşayır hörmətli akademikimiz Yaqub Mahmudov. Bu əziz gündə onun tariximizin düşmən nəfəslərindən təmizlənməsində həqiqi tariximizin yazılmasında mislisiz xidmətlərinə görə bir daha qarşısında baş əyirik.
Fevralın 10-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun doğum günüdür.
Oxuməni.az xəbər verir ki, Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb.
1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent işləyib.
1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.
Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.
Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.
Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.
Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Yaqub Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.
Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayır. Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.
Yaqub Mahmudov tarix elmimizi dünya miqyasında layiqincə təmsil edir. O, XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, prezident seçkilərində ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak etmişdir.
Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.
Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.
Elmi dərəcə və adları: tarix üzrə fəlsəfə doktoru (1966), tarix üzrə elmlər doktoru (1989), AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992) və Dövlət Mükafatı laureatı (2012), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, “The Name in Science” (“Elmdə ad”) fəxri titulu, “Ən yaxşı baş menecer” fəxri adı və Oksford Akademik Birliyinin fəxri professoru (2019).
Təltif olunduğu orden və medallar: “Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013), 1-ci dərəcəli “Əmək” (2019) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018), Milli Məclisin “Parlament” medalı (2018), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “General Səməd Bəy Mehmandarov” yubiley medalı (2019), “Simurq” beynəlxalq medalı (2019), “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2020) və “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordeni (2020).
Layiq görüldüyü mükafatlar: “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay” və “Gənclərin dostu” mükafatları laureatı. “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı (2016), Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk Mükafatı (2019) və TDABEA-nın “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020).
Əziz Mustafa