Bu gün Prezident İlham Əliyevin 56 yaşı tamam olur

0
1345

Bu gün Azərbaycan prezidenti, görkəmli dövlət xadimi İlham Əliyevin anadan olduğu gündür. 1961-ci il dekabr ayının 24-də XX əsrin ən böyük dövlət xadimlərindən biri olan Heydər Əliyevin ailəsində anadan olan İlham Əliyev orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alıb.  1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olan İlham Əliyev, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

Aspiranturanı uğurla başa vuran İlham Əliyev  dissertasiya müdafiə edib və  tarix elmləri namizədi elmi dərəcəsi alıb. O, 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim kimi fəaliyyətini davam etdirib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçildi).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.

Azərbaycan xalqı 2016-cı ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda səs verərək Prezident İlham Əliyevin Azərbaycanın siyasi və iqtisadı sabitliyinin təminatı olan təşəbbüsünü dəstəklədi. Ulu öndər Heydər Əliyevin güclü və qüdrətli  dövlət siyasətini uğurla davam etdirən Prezident ilham Əliyevin rəhbərliyi altinda Azərbaycan regionun  lider dövlətinə çevrilib, xalqımızın sülh və əmin-amanlıq, yüksək maddi rifah içində yaşaması təmin edilib. Arazinfo.com saytı bu əziz gündə Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!

BIR CAVAB BURAXIN