Bu barədə də deyinməyə dəyər…

0
809

 

Nəyə deyirsiniz and içərəm ki, bu fransızlar lap ağını çıxarıblar. İndi də aləmə səs-küy salıblar ki, bəs dünyada onlardan çox deyingən, yəni hər şeydən ötrü danışan yoxdur. Bununla da “Ginnesin rekordlar kitabı”na düşmək niyyətindədirlər. Sən bir fransızların paxıllığına bax ki, bu yarışda ikinci yeri italyanlara, üçüncü yeri isə amerikalılara veriblər. Bizi heç saymayıblar. Amma bu sahənin uzmanı kimi deyə bilərəm ki, fransızlar deyingənlik sarıdan bizə əsla çata bilməzlər. Fikrimi əsaslandırmaq üçün heç də dərinliyə varmaq fikrində deyiləm. Elə yaxın illərin olayları ilə deyingənlik sarıdan fransızlardan çox-çox üstün olduğumüzu sübut etmək istəyirəm.

… İyirmi ildən çoxdur ki, Qarabağ problemi ilə bilavasitə məşğul olan və bir fransızın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunun dalınca kütləvi şəkildə o ki var deyinirik. Halbuki məmə deyən də, pəpə yeyən də bilir ki, bu qrupdan Fatıya tuman olmaz, yəni ondan bizə haray yoxdur. Di gəl, biz hələ də deyinirik. Zalım uşağı, fransız, ətrafına bax da. Bu müddətdə bir məsələdən deyinmək heç bilirsiniz nə deməkdir? İnsafınız olsun da…

Neçə ildir deyinirik ki, ölkəmizdə rüşvətxorluq inkişafımızla paralel gedir, hətta mən deyərdim ki, ondan bir neçə addım irəlidədir. Bu sahədə aparılan islahatlar da heç bir fayda vermir, əksinə, rüşvətxorluq qalxmaqda davam edir. Hansı məmuru qaldırırsan, altından milyonlar çıxır. Bu kimi işlərə görə Novruzəli neçə ildir ki barmağının müstəqil kirini sor-sora deyinməkdədir. Mən hələ onun ali məktəbi qurtarıb iş axtaran oğlununun deyinməyini demirəm. Nədən ki, bəzən faktın çoxluğu da heç işə yaramır. Qalxmaq demişkən, indi bizdə hər şeyin qiyməti qalxa-qalxa gedir. Başlamışıq adətimiz üzrə deyinməyə. Yeri gəlmişkən, hətta mən deyərdim ki, bizdə məhsulların qiymətlərinin artması artıq ənənəyə çevrilib. Bu millət buna görə deyinməsin, bəs neyləsin? Hə, son günlər deyinirik ki, bir kəndlinin dilini belə bilməyən kənd təsərrüfatı nazirimiz kənd təsərrüfatı məhsullarının artımını elə izah edir ki, bir şey başa düşmək olmur. Millət öz dərdlərini unudub belə şeylərdən deyinməsin, bəs neyləsin?

Elə hey deyinirik ki, şou-əhli bu millətin mentalitetinə toy tutmaqla özlərini tuturlar. Halbuki onların əksəriyyəti himnimizin kim tərəfindən yazıldığını belə bilmir. Varmı sizlərdə belə deyingənlər? Ay oldu ha…

Odu e… Bakıda bir klouna – rus aktyoru Yuri Nikulinə də heykəl ucaldılıb. Özü də “Brilyant əl” filmində Nikulinin qəhrəmanının – Semyon Qorbunkovun ayağı sürüşüb yıxılaraq “çort poberi”, yəni “lənət şeytana” deyib qışqırdığı epizodun çəkildiyi yerdə – İçərişəhərin Kiçik Qala küçəsində… Lakin hamı deyinir ki, balam, bir kəlmə “lənət şeytana” deyənə də heykəl qoyarlar? Yaxşı ki, o vaxt o filmi Konservatoriyanın qarşısında çəkməyiblər. Yoxsa… himnimizin müəllifini tanımayanlar elə bilərdilər ki, Nikulin Uzeyir Hacıbəyovdur. Millət də deyinir ki, nədən bəs bizi erməni caynağından xilas edən Nuru paşalara abidə ucaldılmır? Bəla da burasındadır ki, deyingənliyimiz bizim ölçü vahidimiz olan Biləcəridən o yana keçmir. Yoxsa, sizin kimi, ay fransız?

Amma onu bilirəm ki, siz fransızlar deyinməklə keyfinizə keyf qatırsınız. Biz isə deyinməklə, sadəcə ürəyimizi boşaltmaqla əsəblərimizi sakitləşdiririk. Həkim dostum demişkən, əgər belə olmasaydı, çoxdan o söz. Amma bu fransızlar niyə bu deyingənliyə sahib çıxıblar, anlaya bilmirəm. Elə bilirəm ki, bu barədə deyinməyə də dəyər…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN