Yeni il basqını “Türkiyənin dünyəviliyini hədəfləyib”
“The Guardian” yazır ki, İstanbulda gecə klubuna ölümcül basqının ərəfəsində ölkədə artıq çoxdan yer alan qütbləşmə və ritorika güclənmişdi.
Mühafizəkar ruhanilər və media qurumları Yeni il bayramının qeyd edilməsinin müsəlmanlar üçün günah olmasından söz açırdılar.
Qatı dindar kəsimi özünə auditoriya etmiş bulvar qəzetləri belə başlıqlarla çıxırdılar: “Bu sonuncu xəbərdarlıqdır: Bayram etməyin”, “Məhv olsun sizin sivilizasiyanız”.
Bu yazıların yanında bayram edən izdihamla Suriyadakı məşəqqətləri əks etdirən fotolar yanaşı yerləşdirilirdi.
Bu hücumun hədəfi bəzi müşahidəçilərə, onun Türkiyənin dünyəvi quruluşuna qarşı yönəldiyini söyləmək imkanı verib.
Onlar qeyd edirlər ki, bu hücuma ölkə daxilində davam edən dinçi-dünyəviçi çəkişməsinin çərçivəsində baxılmalıdır.
Müxalif Respublika Xalq Partiyasından (CHP) hüquqşünas Akif Hamzaçebi bu hücumun “həyat tərzi” üzərinə basqın olduğunu deyib.
“Məqsəd cəmiyyət arasında nifrət toxumu səpməkdir, – deyib hüquqşünas, – Biz terroru qəbul edərək yaşamaq istəmirik və hökumət terrorçu təşkilatlara ibrət dərsi verməlidir”.
İstanbuldan nüfuzlu CHP millət vəkili Gürsel Tekin deyib ki, bu hücumun ərəfəsində ictimai asayişi pozmağa yönəlmiş çox sayda mesajlar verilirdi.
Bu mesajlar təhqiq olunmalı, məsuliyyət daşıyanlar istefa verməlidirlər, millət vəkili deyib.
Xaosa səbəb Erdoğanın dəyişkən siyasətidir
“The İndependent” yazır ki, Osmanlı imperiyasının süqutundan bu yana Türkiyənin birliyi və gələcəyi bu qədər şübhə altında olmayıb. Bu, region, Avropa, dünya üçün pis xəbərdir, qəzet yazır.
Məqalədə deyilir ki, zoraklığı müxtəlif qüvvələr törədirlər. Kürd separatçılar, hərbi çevriliş cəhdinin arxasında duran dünyəvi elementlər və Erdoğan rejiminin içərisindəki qəddar ünsürlər – bu zorakılıqların qaynağıdır.
“The İndependent” yazır ki, bu cür hadisələrə prezident Erdoğanın ənənəvi reaksiyası vətəndaş azadlıqları, legitim alternativ siyasi düşüncə üzərinə hücum, polisin və başqa təsisatların repressisyadır.
“Bunlar işləmir. Çünki Türkiyənin xarici və təhlükəsizlik siyasətləri dəyişkən və çaşqın olaraq qalır” yazır qəzet.
Məqalədə deyilir ki, ölkə Rusiya ilə az qala müharibənin kandarında olduğu vaxt, birdən-birə iki ölkənin Suriya vətəndaşlarının iztirabları hesabına da olsa İŞİD-ə qarşı mübarizədə xeyli ortaq marağının olduğu bəlli olub.
Türkiyə bir tərəfdən ABŞ-ın hərbi dəstəyinə bel bağlayır, digər tərəfdən onu Fethullah Gülenə görə tənqid atəşinə tutur.
Ən təhlükəli düşüncəsizlik isə bundan ibarətdir ki, Türkiyə əvvəllər uzun müddət kürdlərə qarşı döyüşdüyünə görə faydalı saydığı İŞİD-i görməməzliyə vurub.
Bundan başqa Türkiyə gah Əsəd hökumətinin əleyhinə, gah da leyhinə olduğunu bildirib.
Bütövlükdə Qərb kimi Türkiyə hökuməti də indi adını dəyişmiş Cəbhət ən-Nüsra təşkilatı barədə aydın siyasətə malik olmayıb.
“The İndependent” yazır ki, hətta bu vəziyyətdə də Türkiyə hökuməti ölkənin üzləşdiyi təhlükənin nəhəngliyini dərk etmir.
Qəzet bu qənaətdədir ki, kürd məsələsi kürdlərin öz müqəddəratını təyin etməsi istiqamətində konsesusla həll edilənədək çözümünü tapmayacaq.
İraqda və Suyriyada artıq oturuşmuş kürd muxtariyyətləri var və Türkiyə innən belə kürd millətçilyinin qarşısını almaqda Səddam və ya Əsədə güvənə bilməz.
“The İndependent” yazır ki, kürdlərlə siyasi razılaşma Türkiyədə bir çoxları üçün qeyri-məqbuldur, lakin hazırkı zorakılıq şəraitində Türkiyə öz torpaqlarnın müəyyən hissəsini onsuz da itirə bilər.
Məqalədə deyilir ki, Erdoğanın heç olmasa Kremldəki yeni dostları ilə birlikdə bu problemə çarə tapacağına ümidlər çox cüzidir.
Suriyaya müdaxilə Türkiyənin özündə əks-səda verir
“Dünyəvi Türkiyə: Qısa tarix” kitabının müəllifi Mark Almond “The Telegraph” qəzetində yazır ki, xalqlar adətən zorakılıq və böhran vaxtlarında avtoritar lider axtarırlar, amma bu zorakılıq və böhran elə avtoritar liderin hakimiyyəti altında baş verirsə, nə etmək olar?
İndi Türkiyədə 1980-ci il çevrilişindən, bəlkə də elə Atatürkdən bəri ən güclü prezident sistemi mövcuddur. Lakin bu güclü prezidentlik təsisatı Erdoğana ölkənin problemlərini həll etməkdə yardımçı ola bilmir.
Məqalədə deyilir ki, Suriyada Əsəd rejiminə qarşı radikal cihadçıları dəstəkləyən Erdoğan bunun mümkün cavab zərbəsinin gücünü bilmirdi.
Əsəd rejimi zəif olanda kürdlər özlərini göstərməyə başlamışdılar. Belə bir vaxtda Erdoğan onların şimali Suriyada qurduqları mini dövlətə qarşı hücuma keçdi. Qərb bu hərəkətə göz yummağın müqabilində Erdoğandan İslam Dövləti təşkilatına qarşı da çıxmağı tələb edirdi.
Bu iki hücum Türkiyənin öz içərisində terrorçu hücumlara səbəb oldu. Kürd qrupları ordu və polis, İD isə dinc əhalini hədəfləməyə başladılar.
Erdoğanın Rusiya və İran əleyhinə siyasəti də son nəticədə onların hər ikisi ilə müttəfiqliklə başa çatdı. Üstəlik Erdoğan əsas müttəfiqi olan ABŞ-ı Türkiyədəki terrora görə ittiham etməyə başladı.
Bir vaxtlar müsəlman siyasətini bazar iqtisadiyyatı ilə cütləşdirib “iqtisadi möcüzə” yaradan Türkiyə hökuməti indi həm də iqtidsadi böhran içindədir.
Keçmişlərdə hərbi avtoritarlar Türkiyədə asayişi bərpa etmək üçün (adətən zorakılıqla) hərəkətə keçərdilər. 1980-ci ilin sentyabrında general Evren ifrat sağçılar və ifrat solçular arasında davam edən qanlı vətəndaş müharibəsini hərbi çevrilişlə yatırmışdı.
Ordu çox ağır qiymətə asayişi bərpa etmiş, iqtisadiyyatı irəlilətmiş, hətta demokratiyanı qaytarmışdı. Lakin ötən iyulda baş vermiş uğursuz çevriliş cəhdindən sonra – daha bir uğurlu çevrilişə güman yoxdur.
Əlbəttə, arzu olunardı ki, Türkiyənin düşdüyü burulğandan çıxması üçün demokratik yol tapılsın. Lakin Erdoğanın parlamentdəki opponentləri parçalanıblar və onların söykəndiyi müəyyən azlıqlar Yeni İl şənliyində güllələnən dünyəviçilər və ya Erdoğanın gözlərində xain olan kürdlərdir.
Türkiyə Avropanın “xəstə adamına” və ya bir növ özünün Taliban təhlükəsi olan Pakistanamı çevrilir, deyə sual edir Almond.
Təəssüf ki, bir vaxtlar inkişaf modeli kimi təriflənən Türkiyə Pakistanın başladığı çığırla gedir.
Ola bilsin ki, hakim partiyasının üzvləri arasında Erdoğanın hakimiyyəi qəsb etməsinə qarşı çıxıb onu devirmək istəyənlər var, – yazır Mark Almond, – Lakin ölkənin həssas geosiyasi məkanı nəzərə alınarsa, Türkiyədəki xaos, həm də Qərbdkəki sabitsizlik deməkdir.
BBC