Britaniya Arktika uğrunda savaşa başlayır

0
642

Arktika Şurasına daxil olmayan Britaniya Arktikada lider mövqeyə yüksəlmək niyyətindədir.

Bu barədə informasiya Britaniya Xarici İşlər Nazirliyinin hesabatında yer alıb. Hesabata əsasən, Britaniya bu regionda elmi fəaliyyətini artırmağı, ekologiyanın müdafiəsini gücləndirməyi, gələcək dəniz ticarət yollarından istifadə etməyi və energetika infrastrukturunu inkişaf etdirməyi planlaşdırır.

Britaniya Arktikadakı fəaliyyəti üçün üç əsas istiqaməti də müəyyənləşdirib. Bunlar sırasında öz qlobal təsirinin müdafiəsi, Arktika ətraf mühitinin müdafiəsi, regionun çiçəklənməsində iştirak yer alıb.

“Britaniya Arktika Şurasına daxil olan 8 ölkənin (Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, Rusiya, İsveç, ABŞ) haqlarına hörmət və onlarla əməkdaşlıq edir. Lakin Britaniya hökuməti Arktika Şurasına daxil olmayan ölkələr arasında bu regionun öyrənilməsində lider mövqeyə sahib olmaq istəyir. Arktika iqtisadi baxımdan əvvəllər gözləniləndən daha sürətli formada əlçatan ola bilər. Buna buzların sürətlə əriməsi yardım edir. Beləliklə, qitələrarası yeni dəniz ticarət yolları artıq 2030-cu illərin sonuna yaxın yarana bilər. Naviqasiya üçün optimal zaman sentyabr olacaq. 2050-ci ildən sonra isə buz o qədər nazikləşəcək ki, hərəkət bütün yay boyunca mümkün olacaq.

Britaniya hökuməti gələcək dəniz ticarət yollarının inkişafına vəsait yatırmaq niyyətindədir. Bununla Asiyaya öz məhsullarının ixracındakı zaman müddətini azaltmaq istəyir. Digər tərəfdən, Britaniya Arktika Regional Hidroqrafik Komissiyanın assosiativ üzv olmağı və bununla təşkilatın üzvləri ilə əlaqəni gücləndirməyi hədəfləyir”, – hesabatda bildirilir.

Hesabatda artıq indidən Arktikada dəniz yük daşımalarının aktiv istifadə edildiyi və Arktika ilə sərhədi olmayan ölkələrin bura marağının artdığı vurğulanıb. London buna əsas nümunə kimi Çini göstərib.

Qeyd edək ki, son günlər Arktikaya maraq həddən artıq böyüyüb. Xüsusən, Rusiya, ABŞ və İsveç bu istiqamətdə fəaliyyətini gücləndirib. Ekspertlər regionun faydalı qazıntılar baxımından çox önəmli olduğunu bildirib. Burada hazırda dünyada olan neft-qaz ehtiyatlarının 30%-nin cəmləşdiyi iddia olunur.Axar.az

BIR CAVAB BURAXIN