Brejnev bircə ona “sən” deyə bilmirdi

0
730

 


Kommunizm vəd edən sosializm, sosial bərabərlik, varlı-kasıbın olmadığı cəmiyyət modeli…

Əlbəttə ki, bütün bunların bir utopiya və görüntü olduğunu yaxşı bilirik. Ən azı ona görə ki, həmin “modeldə” yaşamışıq və bu “model”in heç də səhnədə göründüyü kimi olmadığını bizdən yaxşı bilən yoxdur.

Ancaq əlbəttə ki, fanatlar, Kommunist Partiyasının kağızlarda əksini tapan müddəalarını həyat kredosuna çevirənlər, ideologiyaya hədsiz sadiqlər də vardı və az deyildi.

Onlardan biri də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslov idi. Suslov sözün həqiqi mənasında çox fədakar və təvazökar bir rəhbər idi. Təsadüfi deyil ki, o, eyni kostyumu və paltonu illərlə geyinərmiş. Hətta bir dəfə Sov.İKP-nın baş katibi L.İ.Brejnev Siyasi Büronun üzvlərinə təklif edib ki, Suslovun kostyumunu təzələmək üçün pul yığsınlar və belə də ediblər.

Suslov gözütox, dünya malına həsədi və nəfəsi olmayan birisi olub. Onun evindəki və bağındakı mebel belə ona məxsus olmayıb, üzərində “Sov.İKP MK-nın İşlər İdarəsi” inventarı yazılıbmış. O, səhhətinin də keşiyində durmaqla çoxlarına nümunə olub, heç vaxt siqaret çəkməz, içki içməzdi. Rəsmi qəbullarda onun badəsinə araq əvəzinə qaynar su tökürdülər.
Müasirlərinin və partiyadaşlarının dediyinə görə, Suslov heç bir hədiyyəni qəbul etməzmiş, rüşvətdən isə söhbət gedə bilməzdi. Mütaliəni sevərmiş, oxuduğu kitabları isə müəllifindən hədiyyə olaraq alarmış. Haqqında onu da deyirlər ki, tabeliyində olan işçilərdən kimsə cəsarət edib ona hədiyyə təklif etsəydi, dərhal işini itirmiş olurdu. Bir dəfə xokkey matçında qalib komandaya televizor bağışladığına görə televizor zavodunun direktorunu “Məgər o, şəxsi televizorunu verib?” – əsəbi ilə işdən azad etmişdi.

Suslov bütün sahələrdə nümunə göstəriləcək bir xarakter sahibi olub. İsrafçılıq kimi şeylər onun əməllərinə yad olub. Deyilənə görə, xidməti maşınını saatda 60 km-dən artıq sürməyə icazə vermirdi. L.İ.Brejnev Mojayski şossesində avtomobillərin tam sakit hərəkətini görəndə deyirmiş: “Yəqin, Mixail gəlir”.

Ona hörmət edir və haqqında xoş sözlər danışarmışlar. L.İ.Brejnev şəxsi söhbətlərdə hamıya “sən”, ancaq Suslova “Mixail Andreyeviç” deyə müraciət edərmiş.

Suslov öz ciddi davranışı ilə hamını heyran edirdi. Xarici səfərlərdən qayıdandan sonra valyutanı kassaya qaytarar, yoldaşlarla birlikdə etdiyi naharın haqq-hesabını, ona düşən hissəni qəpiyinəcən ödəyərdi.

Suslov uzun illər heç kimə hiss etdirmədən öz əmək haqqının bir hissəsini Sülh Fonduna köçürüb. O, intizamı sevirdi, istəyirdi hamı düzgün və təmiz olsun, başqalarından da bunu tələb edirdi.

İdarəetmə qabiliyyəti və bacarığı çox güclü olan M.A.Suslov Sovet hakimiyyətinin yüksək eşalonunun təmizlik və saflıq nümunəsi idi…

 

BIR CAVAB BURAXIN