“Böyük Qayıdış” naminə atılan addımlar – “ağıllı kənd” konsepsiyası üzrə yaşayış massivlərinin, sənaye mərkəzlərinin inşası, elektrik enerjisi və içməli su təchizatı qaydaya salınır. Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan və digər işğaldan azad edilmiş ərazilər dirçəldilir. Artıq Ağalı kəndinə onlarca ailə köçürülüb. Otuz il yad əllərdə qalıb inləyən yurd yerlərimiz, dağlarımız, düzlərimiz indi artıq doğma əllərin sığalına yatır, sevən ürəklərin istisinə qızınır. Qarabağ və Zəngəzur qamətini düzəldir. İlk növbədə “Zəfər yolu” salınıb. Açılacaq böyük Zəngəzur dəhlizi isə tezliklə bizi Zəngilandan birbaşa Naxçıvana, Türkiyəyə qovuşduracaq. Bu günlərdə məlum 10 noyabr Bəyanatına uyğun olaraq, Azərbaycan tərəfinin Laçında rekord qısa müddətə saldığı alternativ yol hazır olduğu üçün əvvəlki yolun rayon mərkəzindən, eləcə də Zabux və Sus kəndlərindən keçən hissələri boşaldılıb. Artıq Laçın şəhərində bizim üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanır. Bu, Azərbaycanın öz nəzarətinə aldığı sonuncu rayon mərkəzidir. Dövlətimiz öz torpaqlarını tam təmizləməkdə və onlara sahib çıxmaqdadır.
Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri geniş miqyasda davam edir. Əzəli torpaqlarımızda iki ilə yaxındır ki, ruh oxşayan azan səsləri, muğam sədaları eşidilir. Füzuli Beynəlxalq Hava Limanı təyyarələri qəbul edib yola salır. Orada və Ağdamda möhtəşəm Zəfər parkları yaradılır. Tezlıiklə Zəngilan Hava Limanı da işə salınacaq, artıq orada sınaq uçuşları keçirilib. Sayca üçüncü aeroport isə Laçının Qorçu kəndi ərazisində tikilir. “DOST Aqropark”ın təməli qoyulan zaman orada əkilən rəmzi çinar ağacları böyüyərək, türk dünyası nümayəndələrini öz çətiri altına yığacaq və düşmənləri xar edəcək. Bununla yanaşı, Bərdə–Ağdam və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu infrastrukturu da əsaslı surətdə bərpa edilir. Hər hansı baxış bucağından yanaşsaq, görərik ki, “Böyük Qayıdış” inamla reallaşır. Bütün işlər plan üzrə gedir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim Livan böyüklüyündə olan bir ərazini– Qarabağ və Şərqi Zəngəzuru öz gücümüzə bərpa etməyimiz işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunədir.
Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı