Böyük Britaniyanın AB-dən çıxması Azərbaycan üçün də təhlükəlidir

0
719

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması üçün bu gün keçirilən referendum müsbət nəticələnərsə, funt-sterlinq dollara nisbətdə 35 sentə qədər, yaxud 25 faizə qədər ucuzlaşa bilər.

ANS PRESS-in məlumatına görə, bu fikri səsləndirən məşhur maliyyəçi, amerikalı milyarder Corc Soros bildirib ki, britaniyalılar AB-dən çıxmağa səs verərsə, funt-sterlinqin dollar qarşılığında məzənnəsi avronun məzənnəsinə bərabərləşə  bilər. Hazırda funt sterlinq 1,48 dollara bərabərdir, 1 avroya isə 1,13 dollar verirlər.

Son illər üzrə funt-sterlinqin dollar qarşısında məzənnəsi

Son illər üzrə funt-sterlinqin dollar qarşısında məzənnəsi

Təbii ki, 1992-ci ilin sentyabr ayının təcrübəsi nəzərə alınaraq Corc Sorosun bu məsələ ilə bağlı dedikləri ciddi qəbul edilir.  1992-ci il sentyabrın 16-da funt sterlinq ABŞ dollarına nisbətdə 4,49 faiz ucuzlaşaraq 1,86 dollardan 1,78 dollara düşmüşdü. İlin sonuna kimi funt daha da ucuzlaşaraq 1,5 dollara düşmüşdü.

Həmin günlərdə Corc Soros yüz milyonlarla dollar qazanmışdı. Postsovet mətbuatında o vaxt Sorosun funtun qiymətini 2 dollardan 1 dollara salaraq bir gündə 2 milyard dollar qazandığını yazırdılar, qərb mətbuatı isə onun həmin aylarda 1,5 milyard dollar qazandığını iddia edir.

“Referendum müsbət nəticələnərsə, funt-sterlinq dollara nisbətdə 25 faizə qədər ucuzlaşa bilər”.

Bu gün Britaniya vaxtı ilə saat 10-a qədər (Bakı vaxtı ilə gecə saat 1-ə kimi) davam edəcək referendumun nə ilə nəticələnəcəyini də indidən demək qeyri-mümkündür.  Məsələ Britaniya sakinləri üçün həddən artıq önəmlidir və referendumda iştirak üçün rekord sayda seçici – 46,5 milyon nəfər qeydə alınıb. İlkin rəy araşdırmalarına görə, Avropa Birliyində qalmağın tərəfdarları 45%, Avropa Birliyindən çıxmaq istəyənlərin payı isə 42%-dir. Yəni hər şey məsələ ilə bağlı fikrini qətiləşdirməmiş 13%-in verəcəyi qərardan asılı olacaq.

Corc Soros Britaniyanın AB-dən çıxması ilə  Birləşmiş Krallıq sakinlərinin istər-istəməz maliyyə itkiləri ilə üzləşə biləcəyini bildirib. Amma bu məsələdən Britaniya ilə sıx əlaqələrə malik Azərbaycanın da ciddi zərər görəcəyi aydındır. Britaniya Azərbaycan vətəndaşlarının ən çox getdiyi Avropa Birliyi ölkəsidir. Statistikaya görə, 2014-cü ildə bu ölkəyə Azərbaycandan gedib-gələnlərin sayı 67 min olub. Britaniyanı izləyən ikinci ölkə Almaniyadır və bu ölkənin müvafiq göstəricisi 28 minə bərabərdir. Beləliklə, on minlərlə azərbaycanlı funt-sterlinq üçün gözlənən devalvasiyanın birbaşa təsirinə məruz qalacaqlar.

2014-cü ildə bəzi Avropa ölkələri ilə dövlət sərhədini keçmiş insan sayı (min nəfər)

2014-cü ildə bəzi Avropa ölkələri ilə dövlət sərhədini keçmiş insan sayı (min nəfər)

Amma funt-sterlinqin ucuzlaşmasından Azərbaycanın ümumi zərəri daha çox ola bilər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə müsahibəsində bunun 1 milyard dollar (1,5 milyard manat – red.) civarında ola biləcəyini bildirir:

“Bu, çevrə ölkələrinin milli valyutlarına da təsir göstərərək onları ucuzlaşdıracaq”.

“Dövlət Neft Fondunun (ARDNF) ümumi aktivləri aprelin 1-ə 34,2 milyard dollara bərabərdir və bunun  5%-i funt-sterlinqdə saxlanır.  Yəni 300 milyon dollara yaxın texniki itki bundan yarana bilər. Lakin ucuzlaşma səbəbindən ARDNF-in texniki itkiləri yalnız bununla bitməyəcək.  Ehtimal edilir ki, Britaniya AB-ni tərk edərsə, avro dollarla bərabərləşə bilər. ARDNF-in aktivlərinin 35,5%-i avro ilə saxlanır və bu ssenari üzrə fondun itkiləri  700 milyon dolları ötə bilər”.

Lakin bununla belə, İlham Şaban bu məsələdə tələsik proqnoz verməməyə çağırır. Onun sözlərinə görə, adətən belə qərarlar veriləndə şok effekti özünü göstərir və valyutalar kəskin ucuzlaşır: “Bir müddət keçəndən sonra isə məzənnələr yenidən əvvəlki vəziyyətinə doğru qayıda bilər. Həm də Britaniyanın AB-dən çıxması çevrə ölkələrinin milli valyutlarına da təsir göstərərək onları ucuzlaşdıracaq. Nəticədə ARDNF-in dollarla saxlanan aktivlərinin yüksəlişi bütün itkiləri kompensasiya edəcək”.

İstənilən halda, bu məsələdə tələskənlik məsləhət deyil. Hər şey iyunun 24-də Britaniya vaxtı ilə saat 7-də (Bakı vaxtı ilə saat 10-da) məlum olacaq. Bizə yalnız gözləmək və britaniyalıların səsverməsinin nəticələri açıqlanandan sonra qərar vermək qalır.

BIR CAVAB BURAXIN