Bizi şiə kimi görmək istəyirlər” – Gündüz İsmayılov

0
707
“Bizi şiə kimi görmək istəyirlər” - Gündüz İsmayılov

“Təəssüf ki, bu gün Azərbaycanda dini sahə ilə əlaqəli təhdid cəhdləri qalır. Son illər biz müşahidə edirik ki, ölkədə Aşura mərasimlərinin başqa xalqların, ölkələrin həyat tərzinə uyğun keçirilməsi cəhdləri var”.

 Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycanda tarixən Aşura mərasimlərində xurafat elementləri olub, amma siyasət elementləri heç zaman olmayıb:

“Azərbaycanda Aşura mərasimlərinə siyasi elementlər qatmaq istəyənlər var. Tarixən ölkəmizdə İmam Hüseyn məktəbi, Aşura məktəbi qeyd edilib. Bizdə bu məktəb şəhadət məktəbidir, siyasət məktəbi deyil. Dinin siyasiləşdirilməsi cəhdləri də mövcuddur. Ölkə mətbuatı, ziyalısı hər zaman dinin siyasiləşdirilməsinə qarşı olub. Din mədəniyyətdir, inancdır və əsla siyasətə alət edilə bilməz. Gənclərə düzgün dini öyrətməsək, anormal dindarlıq qaçılmazdır”.

G. İsmayılov qeyd edib ki, hazırda digər problem məzhəbçiliklə bağlıdır: “Bizi həm də şiə görmək istəyənlər var. Amma Azərbaycan cəmiyyəti bütün dövrlərdə bu cür qrupların qarşısına nə sünni, nə də şiə kimi çıxıb. Biz onların qarşısına müsəlman kimi çıxmışıq. Bu, hər zaman belə olacaq. Çünki, məzhəbçi müsəlmanın olması anormaldır”.

O, əlavə edib ki, ideoloji müstəvidə dinlə bağlı ən böyük problem məqsədli şəkildə dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır:

“Din pərdəsi altında, dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur. Hazırda millətlə ümməti qarşı-qarşıya qoymaqda məqsəd milli dövlətçiliyimizə zərbə vurmaqdır. Dindarlığın artması ilə məzhəbçiliyin də güclənməsi, eləcə də xurafat meyillərinin artması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyi cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranması arzuolunmaz haldır. İdeoloji sahədə yaranmış bütün bu problemləri həll etməyimiz üçün necə bir gənclik, necə bir nəsil yetişdirməli olduğumuz çox önəmlidir”.

Sədr müavini vurğulayıb ki, din sahəsində təhdid cəhdlərinin aradan qaldırılmasında Azərbaycan mediasının böyük rolu olub:

“Din-media münasibətləri ona görə əhəmiyyətlidir ki, dini maarifləndirmə işinin həyata keçirilməsində, dini təbliğatın aparılmasında, dini radikalizmlə, ekstermizlə mübarizənin təşkilində, milli mənəvi dəyərlərin qorunmasında, təbliğatında medianın rolu danılmazdır”. AzVision.az

BIR CAVAB BURAXIN