Biz uduzduq, Avropa qazandı : Duqindən Türkiyədə etiraf-video

0
694

Rusiya ilə Avrasiya münasibətləri haqda danışanda təkcə provoslav və slavyan dünyası nəzərdə tutulur. Burada bütün sivilizasiya öz əksini tapmalıdır.

Bunu rusiyalı ictimai xadim, filosof Aleksandr Duqin “Yüksələn Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi” mövzusuna həsr olunmuş Antalya zirvəsində çıxışı zamanı deyib. O bildirib ki, siyasətdə, iqtisadiyyatda anlaşma əldə etmək əsas deyil:

“Prezidentlər anlaşma nəticəsində buna nail olur. Amma cəmiyyətlər də bu əməkdaşlıqdan kənarda qalmamalıdır. Əks halda bu, bizim layihələrimizi uğursuz edir. Eyni məqam Azərbaycan üçün də keçərlidir. Hazırda Azərbaycan-Rusiya münasibətləri çox gözəl inkişaf edir”.

Çıxışçı eyni zamanda türk xalqlarının tarixi, Türkiyə cəmiyyətində yaşayan xalqlar barədə də danışıb.

Türk ədəbiyyatından xatırlatmalar edən Duqin vurğulayıb ki, əgər türk və rus xalqları öz aralarında anlaşsalar, bu halda millət olaraq öz tarixi köklərindəki ortaq cəhətləri, zamanında aparılan rəqabətin daha sonradan ortaq əməkdaşlıqlar üçün zəmin yaratdığını görə bilərlər:

“Biz tarix boyu, hər zaman Avrasiyanı təmsil etmək üçün rəqabət şəraitində olmuşuq. Daha bir imperiya Qərblə Şərq arasında keçid olmaq istəmişdi. Bu da İran imperiyası idi. Və bu üç qüvvə – İran, Rusiya və Türkiyə öz aralarında Avrasiya üzərində nəzarəti təmin etmək üçün vuruşurdular. Nəticədə biz bu rəqabətdə uduzduq, amma Avropa qazandı”.

Dövlətlərarası əməkdaşlıq mövzusuna toxunan A.Duqin bildirib ki, bu mövzuda çox adam hər şeyin rəqəmlərdən, iqtisadi göstəricilərdən asılı olduğunu deyə bilər.

“Amma biz bununla razılaşan andan etibarən Avrasiya xalqları olmaqdan çıxırıq” deyən filosofun fikrincə, biz əgər maddi məqamların mənəvi detallardan üstün olması ilə razılaşsaq, bu, bizim axırımızdır: “Biz bu zaman nə rus, nə azərbaycanlı, nə türk, nə farsıq. Bu halda bizim ruhdan hər hansı fərqimiz olmayacaq”.

Türklərin zamanında imperiya qurduğuna diqqət çəkən A.Duqin həmin vaxt onların insan həyatını daha aşağı qiymətləndirməsinə diqqət çəkdi:

“Onda insan həyatı daha aşağı qiymətləndirildi, nəinki ideallar, sədaqət, cəsarət, kişilik. Türklərdən kişiliyi və cəsarəti götürün, heç nə qalmayacaq. Ruslardan mistik inamı götürün, yenə heç nə qalmayacaq. Azərbaycanlıdan mənəvi dəyərlərini, dərinliyini götürün, heç kimə lazım olmayan taciri görəcəksiz. Bu yaxınlarda bir konfransa iştirak etdim. Bir alman filosofu iddia edirdi ki, robotlar daha çox lazımdır, çünki robotlar vergini daha yaxşı ödəyəcəklər; onların strukturu elə qurulub. Həmin nəzəriyyə ilə robotlar daha məsuliyyətli vətəndaş, daha bacarıqlı, intizamlı işçi sayıla bilərlər. Onlar qanunu pozmurlar. Material-texniki qanunauyğunluqlar əsasında hərəkət etməli olsaq, nəinki türklərdən, ruslardan, farslardan, ümumən insanlıqdan heç nə qalmayacaq”.(axar.az)

BIR CAVAB BURAXIN